Azərbaycan Avstriya
ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın
daha da inkişaf etdirilməsində maraqlıdır
Sentyabrın
19-da mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin
vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki,
görüşdə ikitərəfli əməkdaşlıq,
mədəniyyət və turizm sahələrində təcrübə
mübadiləsi, qarşılıqlı səfərlərin
təşkili və digər məsələlər geniş
müzakirə olunmuşdur.
Ə.Qarayev belə görüşlərin
Azərbaycan-Avstriya ikitərəfli əməkdaşlığının
genişlənməsinə xidmət etdiyini
vurğulamışdır.
Bildirilmişdir ki, qarşılıqlı səfərlər
ölkələrimiz arasında dostluq münasibətlərinin
inkişafında mühüm əhəmiyyət
daşıyır.
Son illər Azərbaycanda turizmin
inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan
nazir bildirmişdir ki, teatr binaları, mədəniyyət
ocaqları, tarixi abidələr yenidən bərpa edilir və
ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir.
Görülən işlərin nəticəsində cari ildə
Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi etmişdir.
Nazir qeyd etmişdir ki, hazırda
Bakıda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
adını daşıyan III Beynəlxalq Musiqi Festivalı
keçirilir. Festivalda dünyanın 10-dan çox ölkəsindən
musiqiçilər iştirak edir. Bu, bizi çox sevindirir, ona
görə ki, Vyanada da dahi bəstəkarımızın əsərləri
səhnəyə qoyulmuş və müəllifinə
çox böyük uğur qazandırmışdır.
Azərbaycanın turizm, muzey, kitabxana və
digər mədəni sahələrdə əməkdaşlığa
hər zaman hazır olduğunu söyləyən nazir bu istiqamətdə
iki ölkə arasında mövcud potensialdan yetərincə
istifadə edilməməsindən təəssüfləndiyini
bildirmişdir.
Dostluq münasibətlərinin möhkəmləndirilməsinə
xidmət edən bütün təşəbbüsləri dəstəklədiklərini
bildirən Vyana şəhərinin vitse-meri Renata Brauner
vurğulamışdır ki, ölkələrimiz arasında
qarşılıqlı əlaqələr bundan sonra daha da
genişlənəcəkdir.
Qonaq Azərbaycanda olmalarından və
günbəgün yeniləşən Bakını gəzmək
imkanı qazanmalarından məmnunluğunu ifadə
etmişdir.
Azərbaycan.-2011.-20
sentyabr.-S.7.