Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Gömrük Əməkdaşlığı
Komitəsinin 10-cu iclası öz işinə
başlamışdır
Sentyabrın
19-da Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq
və Gömrük Əməkdaşlığı (MARİƏ)
Komitəsinin 10-cu iclası öz işinə başlamışdır. Azərbaycan Dövlət
Gömrük Komitəsi (DGK) və MARİƏ-nin birgə təşkil
etdiyi tədbirdə Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan,
Monqolustan və Çinin gömrük xidməti əməkdaşları,
Asiya İnkişaf Bankı və əlaqədar beynəlxalq təşkilatların
mütəxəssisləri iştirak edirlər.
DGK-nın sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyev tədbirin əhəmiyyətindən
danışaraq bildirmişdir ki, bu, artıq ənənəvi
tədbirdir. Tədbirdə müzakirə olunacaq ən vacib məsələlər
gömrük sahəsində yeni modellərin, yeni informasiya
texnologiyalarının və əsasən "bir pəncərə"
sisteminin sərhəddə rəsmiləşdirmə
zamanı tətbiqi, ticarətin asanlaşdırılması məsələləridir.
Ümumiyyətlə, "bir pəncərə"
sistemi bir çox ölkələrdə tətbiq olunur. Azərbaycan
bu sistemin tətbiqi üzrə ən nümunəvi ölkə
hesab olunur.
Komitə
sədri məlumat vermişdir ki, iclas başa
çatdıqdan sonra sentyabrın 21-də
tədbir iştirakçıları "bir
pəncərə" prinsipinin tətbiqini
canlı müşahidə etmək üçün
Xaçmaz Gömrük
İdarəsinin "Samur" sərhəd-keçid
məntəqəsinə səfər edəcəklər.
Dünya Gömrük Təşkilatının
(DGT) texniki attaşesi
Takaşi Matsumoto bildirmişdir ki, DGT-nin əsas məqsədi qlobal
səviyyədə ticarəti sadələşdirmək və
təhlükəsizliyini təmin etməkdir. Bu
məqsədin reallaşması üçün
belə tədbirlərin təşkili çox əhəmiyyətlidir. Azərbaycanda
gömrüyün bu
sahədə fəaliyyəti təqdirəlayiqdir. Belə ki, həyata keçirilmiş layihələr nəticəsində qaçaqmalçılıq və
digər gömrük sahəsində hüquqpozma faktları azalır, ticarətin
sadələşdirilməsi sahəsində böyük
irəliləyiş vardır və dövlət büdcəsinə
gəlirlər artır.
İki gün davam edəcək iclasda 7 plenar sessiya keçiriləcəkdir.
Eyni zamanda,
Gömrük Əməkdaşlığı Komitəsinin
prioritet sahələri, sərhəd xidmətlərinin regional
təkmilləşdirilməsi, ticarətin
asanlaşdırılması üzrə ortamüddətli
layihələr müzakirə ediləcəkdir.
AzərTAc
Azərbaycan.-2011.-20
sentyabr.-S.7.