Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Gürcüstanda daha bir məktəb binası istifadəyə
verilmişdir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlılarıın
yaşadıqları bölgələrdə hər dərs
ili ərəfəsində yeni məktəb binalarının
istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı
bərpa olunması artıq ənənəyə
çevrilmişdir. Bu nəcib ənənə
bu il də davam etdirilmişdir.
Bir neçə gün əvvəl Kvemo
Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı
Daşlıqullar və Cəfərli kəndlərində yeni
məktəb binaları öz qapılarını şagirdlərin
üzünə açmışdır.
Sentyabrın 19-da isə bölgənin
Qardabani rayonundakı Qaracalar kəndində Fondun təşəbbüsü
ilə daha bir müasir tələblərə uyğun
inşa olunmuş məktəb binasının
açılış mərasimi keçirilmişdir.
Mərasimdə
Gürcüstanın təhsil və elm nazirinin birinci
müavini Qoqa Seperteladze çıxış edərək
kollektivi yeni dərs ilinin başlanması münasibətilə
təbrik etmişdir. Nazir müavini belə bir gözəl
binanın ərsəyə gəlməsində əvəzsiz
xidməti olan Heydər Əliyev Fonduna təşəkkürünü
bildirmişdir. Qeyd etmişdir
ki, Gürcüstanın Təhsil
və Elm Nazirliyi azərbaycanlı həmkarları ilə təhsilin
inkişafı və dərsliklər məsələləri
üzrə sıx əlaqə saxlayır və əməkdaşlığımız
bundan sonra da davam etdiriləcəkdir.
Kvemo Kartli-Borçalı bölgəsinin
qubernatoru David Kirkitadze məktəb binalarının
inşası, təmiri, təhsil ocaqlarının müvafiq
avadanlıq və ləvazimatlarla təmin olunması və həyata
keçirdiyi digər layihələrə
görə bölgənin əhalisi
adından Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq
etmişdir. O, bölgənin azərbaycandilli məktəblərinin dərsliklərlə
təminatı sahəsindəki
çatışmazlıqların Gürcüstanın Təhsil
və Elm Nazirliyi tərəfindən
yaxın vaxtlarda həll ediləcəyini demişdir.
Mərasimin
sonunda Qaracalar məktəbinin 80 nəfərədək birinci
sinif şagirdinə kompyuter hədiyyə edilmişdir.
Çıxış edən kənd
sakinləri
gürcüstanlı soydaşlara göstərdikləri diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,
habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlıqlarını
bildirmişlər.
Tədbirdə Azərbaycanın
Gürcüstandakı səfirliyinin məsul əməkdaşı
Şövqi Mehdizadə iştirak etmişdir.
Yeni istifadəyə verilmiş Qaracalar
ümumi məktəbində 700
şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Məktəbdə
31 sinif otağı, idman zalı,
xeyli fənn kabineti vardır.
İslam ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Tbilisi
Azərbaycan.-2011.-20
sentyabr.-S.4.