Abşeron» strukturu bir daha göstərdi ki, ölkəmizin çox böyük ener«ji potensialı var

 

 Azərbaycan deyiləndə, onun təbii resurslarından söz düşəndə ilk olaraq neftlə zəngin Bakı göz önündə canlanır. Əsrlərdir neft iqtisadiyyatımızın, ictimai-siyasi həyatımızın ayrılmaz hissəsinə çevrilib. Vaxtilə neftlə zəngin olan bu torpaqlara sahib olmaq üçün silaha əl atanlar da az olmayıb. Amma bu xalq, bu millət öz sərvətlərinə sahib çıxaraq onu qorumağı bacarıb.

Son illər bir-birinin ardınca qazla dolu yataqların kəşfi isə Azərbaycanın, eyni zamanda, qazla zəngin bir ölkə olduğunu ortaya qoydu. Bu, artıq ölkəmizin dünyada baş verən iqtisadi-siyasi proseslərə təsir imkanlarını artırmaqla yanaşı, öz milli mənafeyini daha da əzmlə müdafiə etmək imkanlarını artırmış oldu.

Bu günlərdə Xəzərin "Abşeron" blokunda yeni, böyük qaz yatağının kəşf edilməsi xəbəri hamını bir daha sevindirdi. Tarixə qayıtsaq, "Abşeron" bloku hələ 60-cı illərdə Azərbaycan geoloqları tərəfindən kəşf edilsə də, çox dərinlikdə və çətin, mürəkkəb şəraitdə yerləşdiyindən istismar olunmurdu. "Abşeron" yatağına dair birinci beynəlxalq müqavilə 1997-ci ildə imzalansa da, görülən işlərin nəticə verməməsi onun vaxtından əvvəl xitam verilməsinə gətirib çıxardı. Dövlət başçısının mətbuata açıqlamasında deyildiyi kimi: "Ancaq biz inanırdıq, Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, "Abşeron" yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir".

Elə bu inam əsasında 2009-cu ildə "Total" şirkəti ilə ikinci müqavilə imzalandı. Bu, dünya praktikasında nadir bir hadisə idi ki, eyni yataq üzrə ayrı-ayrı vaxtlarda iki dəfə kontrakt imzalansın. Bu qarşılıqlı inamdan doğan nəticələr isə bu gün hamını sevindirməkdədir.

"Abşeron" blokunda tapılan qazın həcmi Azərbaycanın bu sahədəki  ehtiyatlarını xeyli artırmış oldu. İndi bu ehtiyatlar təxminən 2 trilyon 550 milyard ton həcmindədir. "Abşeron" bloku Bakıdan 85-100 kilometr şərqə doğru, dənizin təxminən 350-550 metr dərinliyində yerləşir, sahəsi 747 kvadratkilometr təşkil edir. Qum laylarının ümumi effektiv qalınlığı 150 metrdir. Hazırda quyuya qoruyucu kəmərin buraxılması üçün hazırlıq işlərinə start verilib.

Xatırladaq ki, ikinci dəfə hasilatın pay bölgüsü sazişi 2009-cu ildə imzalanıb və sazişə görə ARDNŞ 40 faiz, "Total" 40 faiz, "Qaz de France" 20 faiz paya malikdir.

"Abşeron" blokunun kəşfi müstəqillik illərində Azərbaycanın artan nüfuzundan, inamlı enerji siyasətindən xəbər verir. Bu, eyni zamanda, dünyanın durmadan artan enerji ehtiyaclarının ödənilməsində Azərbaycanın mövqelərini bir daha gücləndirməklə bölgədəki yerini də möhkəmləndirir. Bu həm də  Azərbaycan xalqının milli maraqlarının qorunması və regional əməkdaşlığın  dərinləşdirilməsi istiqamətində də effektiv bir addım oldu.

Hazırda çoxşaxəli ixrac planlarının həyata keçirilməsi də dövlətimiz qarşısında duran əsas məsələlərdəndir. Avropa İttifaqı ilə Azərbaycan arasında 2011-ci ilin yanvarında imzalanan "Cənub" qaz layihəsi bu istiqamətdə atılan vacib addımlardan biridir. "Abşeron" blokunun kəşfi, eyni zamanda, qardaş Türkiyə ilə qaz ixracının genişləndirilməsinə dair aparılan danışıqlara da öz müsbət təsirini göstərmiş olacaq.

Ümumiyyətlə, son illər yeni, iri qaz yataqlarının kəşfi bir-birini izləməkdədir. "Şahdəniz" kimi dünyada məşhur nəhəng qaz yatağının aşkar olunmasından az sonra Azərbaycan neftçiləri və geoloqları tərəfindən "Ümid" yatağının kəşfi mühüm hadisələrdən biri oldu desək, yanılmarıq. Qeyd edək ki, bu yatağın ehtiyatları 300 milyard kubmetrdən artıqdır.

Sentyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" yatağının açılmasına həsr olunmuş mətbuat konfransında ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin qeyd etdiyi kimi, ARDNŞ-in ilkin hesablamalarına görə, "Abşeron" yatağının ehtimal olunan karbohidrogen ehtiyatları isə 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.

Akademik Xoşbəxt Yusifzadənin verdiyi məlumata görə, "Abşeron" strukturu hələ 1960-cı ildə Azərbaycan geofizikləri tərəfindən aşkarlanmış və 1993-cü ildə orada axtarış qazmasına başlanmışdır. Bu dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun 1997-ci ildə ABŞ-a rəsmi səfəri çərçivəsində ilk dəfə Hasilatın Pay Bölgüsü Haqqında Saziş imzalanmışdır. Bu razılaşmada ARDNŞ, podratçı "Şevron" və "Total" şirkətləri iştirak edirdilər.

Ölkə başçısının mətbuata açıqlaması da bu hadisənin xalqımızın, dövlətimizin həyatında nə qədər mühüm olduğunu bir daha təsdiqləyir: "Bu gözəl hadisə ilə əlaqədar mən bir daha bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu, doğrudan da, çox önəmli, çox vacib hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmizin çox böyük imkanları, böyük potensialı və çox gözəl gələcəyi vardır".

 

 

Azərbaycan.-2011.-21 sentyabr.-S.1.