S.A.Orucovun
100 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin
may ayında neft və
qaz sənayesi sahəsində
tanınmış alim və dövlət
xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları
laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun anadan
olmasının 100 illiyi tamam
olur.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, keçmiş
sovetlər birliyində, eləcə də Azərbaycanda neft və qaz sənayesinin
inkişafında mühüm xidmətləri
olmuş Sabit Orucovun 100 illik yubileyinin keçirilməsini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və Azərbaycan
Respublikasının Dövlət Neft
Şirkəti ilə birlikdə Sabit Atababa oğlu Orucovun 100 illik yubileyinə
həsr olunmuş tədbirlər planı
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-21
sentyabr.-S.1.