Parlament nümayəndə heyəti Türkiyədə səfərdə olacaq

 

 Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Türkiyədə səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu keçirdiyi brifinqdə məlumat vermişdir.

O demişdir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər zamanı Milli Məclis Sədrinin Türkiyə Respublikasının Prezidenti Abdulla Güllə və ölkənin Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəklə görüşləri nəzərdə tutulmuşdur. Görüşlərdə ikitərəfli əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində olacaq, burada öz həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev parkında olacaq, ulu öndərin adını daşıyan məktəbin fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

 

 

Azərbaycan.-2011.-21 sentyabr.-S.1.