Davamlı və sabit inkişafa təminat yaradan uğurlu neft strategiyası

 

 Aşkar olunan yeni neft və qaz yataqları Azərbaycanı Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirmişdir

 

 XX əsrdə dünyanın qlobal enerji layihələrindən biri kimi Azərbaycanın ən yeni tarixinin parlaq və əlamətdar səhifəsinə çevrilən, xalqın taleyində həlledici rol oynayan, respublikanın yeni dövr üçün sosial-iqtisadi inkişaf prioritetlərinin dəqiq şəkildə müəyyənləşməsinə həlledici təsir göstərən "Əsrin müqaviləsi"nin imzalanmasından 17 il keçir. 1994-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli şəkildə həyata keçirilmiş yeni neft strategiyası ötən illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələr üzrə dinamik inkişaf yolunda olan respublikaya çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, habelə milli təhlükəsizlik maraqlarını yüksək səviyyədə təmin etməsi baxımından mustəsna rol oynamışdır. Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu tarixi müqavilə Azərbaycanın yeni gənc müstəqil dövlət olaraq  təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə vacib olan neft sektorunun böhranlı vəziyyətdən çıxarılması, milli maraqlara və praqmatizmə əsaslanan neft diplomatiyasının həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən, milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir. Hələ ötən əsrin  70-80-ci illərində - respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur.

Həmin dövrdə böyük öndər Heydər Əliyevin bilavasitə nəzarəti ilə Xəzər dənizində perspektivli neft yataqlarının kəşfiyyat işləri də xeyli genişlənmişdir. Məhz həmin dövrdə xarici texnologiyalar bazasında inşa edilmiş "Xəzər", "Xəzərdənizneft" üzən qazma qurğularının alınması, xarici şirkətlərlə "Şelf" seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün olmuşdur. Bunların tətbiqi isə bütün Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində böyük rol oynamışdır. Məhz bu qurğuların sayəsində "Çıraq", "Azəri", "Günəşli", "Kəpəz" və s. kimi iri yataqlar kəşf edilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-də yalnız Azərbaycanda olan dərin özüllər zavodunun tikintisinə başlanılmışdır. Bu gün də həmin kompleksdə Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal edilir.

Əsrlər boyu zəngin təbii sərvətləri ilə bütün dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan müstəqillik illərində də məhz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu strategiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmiş, halal haqqını təmin etmişdir. Böyük öndərin ciddi diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır.

Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görmüşdür. AXC-Müsavat iqtidarı  dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, ulu öndər böyük diplomatik məharətlə bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq olmuşdur. 1993-cü ilin iyun ayının 18-də ABŞ-ın nüfuzlu "Çikaqo tribun" qəzetinə verdiyi müsahibəsində Heydər Əliyev Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha açıq bəyan etmişdir. "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz iqtisadi maraqları var. Bu isə tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq" - deyən ümummilli liderin qətiyyətli addımları nəticəsində Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycanın mənafeyinə cavab verən müqavilənin imzalanması istiqamətində danışıqlara başlanılmışdır.

Ümumiyyətlə, Azərbaycan rəhbərliyi həmin illərdə həqiqətən də, heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail olmuşdur. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmiş, bununla da, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı. Bu qlobal enerji müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Eyni zamanda, region dövlətləri əsas ixrac boru kəmərinin məhz ərazisindən keçməsinə, beləliklə, külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda, alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. Məsələnin aktuallığı həm də Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi, xüsusən də, birincinin geosiyasi baxımdan əlverişli olmaması ilə şərtlənirdi. Həmin vaxt layihənin əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə gerçəkləşməsini əfsanə hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər.

Fəqət, "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü, müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir" - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirmiş və müvafiq sazişin imzalanmasına nail olmuşdur. Bununla da, müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyulmuşdur.

2003-cü il oktyabrın 15-də ulu öndərin varisi cənab İlham Əliyevin xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Prezident İlham Əliyev yeni neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail olmuşdur. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirilmişdir. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan mühüm hadisəyə çevrilmişdir. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olunmuşdur. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi. Dövlət başçısı İlham Əliyevin həmin mərasimdə bəyan etdiyi kimi, bu kəmər məhz ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində gerçəkləşmişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".

Azərbaycan son illərdə neft-qaz sahəsində həyata keçirdiyi düşünülmüş strategiya əsasında nəinki regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Respublikamızın bölgənin və qitənin enerji təhlükəsizliyində mühüm rol oynadığı hazırda istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə dövlət kimi çıxış edir. 2006-cı ilin iyulunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Strateji əhəmiyyətli bu layihələr bir çox dövlətlərin iqtisadi maraq və mənafelərinin təminatı, habelə aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi probleminin həlli baxımından da geniş imkanlar açmışdır. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırmış, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün geniş imkanlar açmışdır.

Avropanın xam neft və təbii qazla təminatında əsas söz sahiblərindən birinə çevrilməkdə olan respublikamızın bu coğrafi arealda cərəyan edən siyasi proseslərə də təsir imkanları getdikcə artır. Azərbaycan bu gün qonşu Gürcüstana, Rusiyaya, Türkiyəyə, İrana mavi yanacaq ixrac etməklə, bu ölkələrin təbii qaza olan ehtiyacının müəyyən qismini ödəyir.

Azərbaycanın bölgədə müstəqil siyasət yeridən, enerji asılılığı olmayan dövlət kimi mövcudluğu həm də respublikamızın neft və qaz kəmərləri şəbəkəsi ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının Qərbə nəqlində boru kəmərlərinin şaxələndirilməsini, mümkün qədər çox alternativlərin yaradılmasını vacib sayır. Bu baxımdan, mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması araşdırılır. Dünya bazarlarına birbaşa çıxışı olmayan respublikamız üçün bu, strateji əhəmiyyətli məsələdir. Azərbaycan nefti bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri, təbii qazı isə Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan kəmərləri ilə ixrac olunur.

Azərbaycan neft kəmərlərinin şaxələndirilməsi məsələsini təkcə iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi baxımdan vacib sayır və bəzi istehsalçı dövlətlərin üstünlüyündən təzyiq vasitəsi kimi istifadə cəhdlərinə qarşı çıxır. Azərbaycan öhdəliklərinə sadiq etibarlı iqtisadi tərəfdaş olaraq belə halların baş verməməsinə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında sivil, işgüzar münasibətlərin qurulmasında maraqlıdır. Reallıq göstərir ki, xaricdən enerji asılılığının azaldılması baxımından boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Bu baxımdan Xəzər hövzəsinin qaz ehtiyatlarının nəqlində əsas ağırlığı üzərinə götürəcək "Nabukko" layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Xatırladaq ki, 2010-cu ildə Macarıstanın təşəbbüsü ilə keçirilən enerji sammitində bu qlobal layihənin reallaşdırılması üzrə müzakirə və qiymətləndirmələr aparılmışdır. Layihəyə əsasən, "Nabukko" kəməri Türkiyə-Gürcüstan, Türkiyə-İran sərhədindəki iki nöqtədən başlayaraq Avstriyaya qədər uzanmaqla dünyanın bir çox regionları arasında əlaqə yaradan ilk qaz kəməri olacaqdır. Uzunluğu 3,3 min kilometr nəzərdə tutulan kəmərin marşrutunda əsas tranzit ölkə Türkiyədir (2000 kilometr). Layihəyə görə kəmərin 400 kilometri Bolqarıstan, 460 kilometri Rumınya, 390 kilometri Macarıstan, 50 kilometrə qədəri isə Avstriyanın ərazisinə düşür. Razılaşmalara əsasən, layihə dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək "Nabukko" kəmərinin inşasına yaxın illərdə başlanılmalıdır. Layihənin xərcinin 30 faizini bərabər şəkildə konsorsiumun yaradıcıları ödəməli, yerdə qalan 70 faizi isə kreditlə banklardan alınmalıdır.

Azərbaycanın Avropa Birliyinə üzv ölkələrin təbii qaz təchizatının yaxşılaşdırılması, alternativ mənbənin yaradılması məqsədi daşıyan "Nabukko" layihəsinin reallaşması üçün əsas söz sahiblərindən biri kimi çıxış etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. "Nabukko" layihəsinin gerçəkləşdirilməsi ilə bağlı müzakirələrin bilavasitə Azərbaycanın iştirakı ilə aparılması da respublikamızın bütövlükdə regionun enerji təhlükəsizliyində artan rolu və imkanları ilə bağlıdır. Hələ 2006-cı ilin noyabrında Brüsseldə imzalanmış "Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu" Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyindəki müstəsna rolunu aşkara çıxarmışdır.

Bununla belə, "Nabukko" layihəsinin gerçəkləşməsi ilə bağlı müəyyən problemlərin də olduğunu açıq söyləmək lazımdır. Əsas problemlərdən biri layihənin maliyyələşdirilməsi ilə bağlıdırsa, digəri Türkiyə və Azərbaycanın tranzitlə bağlı hələ də razılığa gələ bilməmələridir. Amma Türkiyənin energetika naziri Taner Yıldızın bu günlərdə "Reuters" agentliyinə verdiyi açıqlamalar bu problemin də yaxın zamanlarda həllinə müəyyən ümidlər yaradır. O bildirmişdir ki, Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən qazın nəql edilməsi ilə bağlı sazişin sentyabr ayının sonunadək imzalanmasını istəyir. Söhbət "Şahdəniz" yatağının ikinci fazasından 6 mlrd. kubmetr qazın il ərzində Türkiyəyə tədarük edilməsindən, qardaş ölkənin ərazisindən Avropaya il ərzində 10 mlrd. kubmetr qazın nəql edilməsindən gedir. "Biz müqaviləni daha da tez - sentyabrın sonunadək imzalamaq istəyirik. Biz Türkiyə Respublikası adından əlimizdən gələni etmişik. Bu layihənin gerçəkləşdirilməsini tezləşdirmək üçün müqaviləni imzalamaq lazımdır" - deyə T.Yıldız bildirmişdir.

Xatırladaq ki, enerji əməkdaşlığı ilə bağlı ilk sammit hələ 2007-ci ilin may ayında Polşanın Krakov şəhərində keçirilmiş, bu mühüm tədbir enerji təhlükəsizliyi məsələsinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqləmişdir. Polşa, Azərbaycan, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın yüksək səviyyəli dövlət rəsmilərinin iştirak etdiyi sammitin yekunları regionda Rusiyanın enerji asılılığından çıxmaq istəyən dövlətlərin yeni subregional inteqrasiya modeli formalaşdırmaq niyyətini qabarıq şəkildə üzə çıxarmışdır. Sammit çərçivəsində müzakirə olunmuş Odessa-Brodı-Qdansk marşrutu Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur.

2007-ci ilin oktyabrında Litvada keçirilən "Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: Məsul tərəfdaşlar üçün məsul energetika" mövzusunda beynəlxalq konfrans isə mahiyyətcə Krakov enerji sammitində qarşıya qoyulmuş strateji məqsədlərin daha geniş müzakirəsi ilə yadda qalmışdır. Vilnüs konfransının yekunu kimi Azərbaycan, Gürcüstan, Litva, Polşa, Ukrayna və Qazaxıstanın dövlət başçıları 10 oktyabr 2007-ci ildə birgə kommunike imzalamış, Xəzər neftinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun - Sarmatiyanın yaradılması barədə razılığa gəlmişlər. Yeni konsorsiumun əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa respublikalarının ərazisindən keçməklə Xəzər dənizindən Avropa bazarlarına və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasının mümkünlüyünü təhlil etmək olmuşdur.

Belə bir konsorsiumun yaradılması həm də Avropa Birliyinin maraq dairəsindədir. Azərbaycan və Qazaxıstanın Xəzərin enerji ehtiyatlarını Gürcüstan, Ukrayna, Moldova və Polşa ərazisindən keçməklə şaxələndirmək niyyəti bütövlükdə Avropanın enerji təhlükəsizliyinə etibarlı təminat yaradır. Krakov və Vilnüs sammitlərinin davamı olaraq 2008-ci ilin mayında keçirilmiş Kiyev enerji sammiti isə Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa, Litva, Latviya və Estoniyanın dövlət başçıları arasında bir sıra geniş müzakirələrin aparılması və mühüm razılaşmaların əldə olunması ilə əlamətdardır. Həmin tədbirdə Xəzər, Qara dəniz və Baltik dənizi hövzələri arasında enerji dəhlizinin yaradılması barədə razılaşma da deyilənləri bir daha təsdiqləyir.

2008-ci ilin oktyabrında Bakıda təşkil olunmuş IV enerji sammiti isə bir daha təsdiqləmişdir ki, etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün, ilk növbədə, qabaqcıl texnologiya əsasında geniş və alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Respublikamız neft kəmərlərinin şaxələndirilməsi siyasətini həyata keçirir və bu da ölkənin enerji təhlükəsizliyinin daha səmərəli təşkilinə xidmət edir. Hazırda Azərbaycan nefti üç - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri vasitəsilə Avropa bazarlarına çıxarılır. Növbəti layihə kimi Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun reallaşdırılması nəzərdə tutulur.

Azərbaycan, Gürcüstan, Rumınya prezidentlərinin və Macarıstanın Baş nazirinin iştirakı ilə 2010-cu ildə Bakıda keçirilən növbəti enerji sammiti də konkret razılaşmalarla əlamətdar olmuşdur. Razılaşmaya əsasən, Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi çərçivəsində birgə müəssisənin yaradılması nəzərdə tutulur. Azərbaycan qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Ruminyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumınya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi layihənin önə çəkdiyi əsas məqsədlərdir. Layihədə, eyni zamanda, Azərbaycan qazının Avropa Birliyinə üzv ölkələrə nəqli məqsədilə Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyev yeni layihənin reallaşdırılması ilə bağlı demişdir: "Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını müxtəlif beynəlxalq bazarlara nəql edir. Uğurlu neft strategiyası və siyasətinin nəticəsi olaraq Azərbaycan artıq qaz ixrac edən ölkəyə çevrilib. Bu ixracatın istiqamətləri genişlənir və həcmi də artır. Bu il qaz hasilatının həcmi təxminən 28 milyard kubmetr olacaqdır və bu bizə ənənəvi istiqamətlər üzrə ixracatı artırmağa imkan verəcəkdir. Bu gün biz qazımızı dörd qonşu ölkəyə ixrac edirik və həmin ixracatın həcmi artmaqdadır. Bizim təsdiq olunmuş böyük ehtiyatlarımız vardır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2 trilyon kubmetrdir, lakin reallıqda minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxındır. Bu, şaxələndirilmiş ixracat strategiyası üçün onilliklərə, bəlkə də yüz ilə kifayətdir".

Azərbaycanın Avropanın əsas enerji təchizatçılarından birinə çevrilməsini təmin edən əsas amil respublikada son illərdə böyük qaz yataqlarının aşkarlanmasıdır. Respublikanın yalnız "Şahdəniz" yatağındakı qaz ehtiyatları 1 trilyon 200 milyard kubmetrdən çox qiymətləndirilir. 2012-ci ilədək bu yataqdan ildə təxminən 8,4 milyard kubmetr qaz və gündə 40 min barel kondensat (neftlə qazın qarışığı) çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması da məhz bu yatağın işə salınması nəticəsində mümkün olmuşdur. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan son 2 ildə məhz "Şahdəniz" yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

Böyük ehtiyatlara malik "Ümid" yatağından sonra bu günlərdə "Abşeron" qaz yatağının aşkarlanması respublikamız üçün son dərəcə böyük uğurdur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev demişdir: "Yeni böyük qaz yatağının kəşfi Azərbaycanın enerji təhlükəsizliyinə də böyük töhfədir. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bir müddət bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmış "Ümid" yatağı da böyük potensiala malikdir. Orada qazın həcmi 300 milyard kubmetrdən artıqdır. Bizim ən böyük və dünya miqyasında böyüklərin sırasında yer almış "Şahdəniz" yatağında işlər uğurla gedir. "Şahdəniz" yatağının ikinci fazasının işlənməsi ilə əlaqədar bütün hazırlıq işləri aparılır. Xarici tərəfdaşlarla bu məsələlərlə bağlı ciddi müzakirələr aparılır. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçün öz əhəmiyyətini göstərməkdədir. Eyni zamanda, ölkəmizi qazlaşdırmaq üçün konkret addımlar atılır, bütün bölgələrdə yeni qaz xətləri çəkilir. Qarşıya vəzifə qoyulub ki, növbəti iki il ərzində Azərbaycanda bütün qazlaşma məsələləri öz həllini tapsın və beləliklə, Azərbaycan tam şəkildə qazlaşdırılsın".

İstehsal etdiyi xam nefti və qazı son illərdə Qərb bazarlarına ixrac edən Azərbaycan qısa müddətdə böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də, qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin son illərdə hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir.

Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu strategiyada neftdən qazanılan vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2011-ci ildə dövlət büdcəsinin 2003-cü ildəki 1,3 milyard dollardan 15 milyard manata yüksəlməsi, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 38 milyard dollara çatması ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.

Bu dinamik inkişafı təmin edən başlıca amillərdən biri də məhz milli iqtisadiyyatın şaxələləndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə edilməsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. 

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsi vacibliyini önə çəkir: "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik".  Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.

Azərbaycan Prezidenti İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft strategiyası davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə, Azərbaycanın iqtisadi cəhətdən daha da güclü dövlətə çevrilməsini təmin edəcəkdir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.-2011.-21 sentyabr.-S.3.