Bakı beynəlxalq tədbirlərin
mərkəzinə, möhtəşəm
quruculuğun ünvanına çevrilib
Azərbaycan xalqı dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü ərəfəsindədir. Prezident
İlham Əliyevin "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamına
əsasən, müstəqilliyimizin 20 illik yubileyi dövlət
səviyyəsində təntənə ilə qeyd ediləcək.
Həmin sərəncamda nəzərdə
tutulmuş Tədbirlər Planına uyğun olaraq indiyədək
çoxlu sayda tədbirlər keçirilmişdir. "Azərbaycan"
qəzetinin təşəbbüsü ilə ayrı-ayrı
şəhər və rayonlarda, dövlət orqanlarında keçirilən
"dəyirmi masa"lar da bu qəbildəndir.
Dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ilə bağlı qəzetimizin Səbail
Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi növbəti
"dəyirmi masa"da paytaxt
Bakının timsalında Səbail
rayonunun keçdiyi inkişaf yolundan söhbət getdi.
"Dəyirmi masa"nı giriş
sözü ilə açan "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı
Bəxtiyar
SADIQOV dedi:
- Hörmətli
"dəyirmi masa" iştirakçıları!
1991-ci ildə sovet imperiyasının
dağılması ilə bütün müttəfiq
respublikalar kimi, Azərbaycan da özünün dövlət
müstəqilliyini əldə etdi. Lakin Azərbaycanın
müstəqilliyə qovuşması, bu istiqamətdə
ölkəmizdə baş verən ictimai-siyasi proseslər əksər
sovet respublikalarından köklü şəkildə fərqlənirdi.
Bu fərq birinci növbədə ondan ibarət idi ki, Azərbaycan
öz dövlət müstəqilliyini bərpa etmişdi. XX əsr
dünya tarixindən də bəlli olduğu kimi,
keçmiş sovet respublikalarının cəmi bir neçəsinin
sovet imperiyasının yaradılmasına qədər müstəqil
dövləti mövcud olub ki, onlardan biri də Azərbaycandır.
1918-ci ildə xalqımızın qabaqcıl ziyalıları
Rusiyada baş verən siyasi proseslərdən sonra sıx birləşərək
Azərbaycan Xalq Cümhuriyyətinin, ölkəmizin müstəqilliyinin
əsasını qoymuşdular. Bu mənada 1991-ci ildə Azərbaycan,
digər sovet respublikalarından fərqli olaraq, müstəqilliyini
bərpa etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin
qısa müddətdə həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz iz buraxdı, milli
dövlətçilik ənənələrinin bərpası
işində böyük rol oynadı. Cümhuriyyətin
ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik
ideyalarını daha da gücləndirdi. Buna görə
müstəqillik hisləri azərbaycanlıları sonrakı
dövrdə heç zaman tərk etmədi, azadlıq
ideyaları şüurlara hakim kəsildi. Ötən əsrin
80-ci illərinin sonlarında Azərbaycanda baş qaldıran
milli-azadlıq hərəkatı da xalqımızın
özünün müstəqillik ideyalarını gerçəkləşdirmək
istəyindən xəbər verirdi. Azərbaycan xalqı bu
yolda şəhidlər verdi, müsibətlər gördü.
Bu mənada biz dövlət müstəqilliyinə hamar
yollarla deyil, əzab-əziyyətlə, məhrumiyyətlərlə
gəlib çıxmışıq. Bütün bunları
ümumiləşdirərək deyə bilərik ki, digər
sovet respublikalarının müstəqilliyə nail
olmaları SSRİ-nin dağılması nəticəsində
baş verdisə, Azərbaycanın dövlət müstəqilliyi
dövrün, zamanın qaçılmaz tələbi idi.
1991-ci il oktyabrın 18-də qəbul
edilmiş "Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın
dövlət müstəqilliyi elan olundu. Konstitusiya Aktında
deyilir: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan
Milli Şurasının 1918-ci il mayın 28-də qəbul
etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik prinsiplərinin və ənənələrinin
varisliyinə əsaslanaraq və "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il
30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu
Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və
iqtisadi quruluşunun əsaslarını təsis edir".
Ümumiyyətlə, Konstitusiya
Aktında müstəqil Azərbaycan dövlətinin
formalaşdırılması ilə bağlı mühüm
müddəalar yer alıb. Lakin 1991-1992-ci illərdə
bir-birini əvəzləyən iqtidarlar bu müddəaları
reallaşdırmaq qabiliyyətindən məhrum idilər. Hətta
onların səriştəsizliyi az qala milli müstəqilliyin
də məhv olmasına gətirib çıxaracaqdı.
Bir-birini əvəz edən A.Mütəllibov və
AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik
deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından
çıxış edir və beləliklə, hələ
kövrək olan dövlət müstəqilliyini təhlükə
altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə
olanlar yeni yaranan müstəqil dövlətin möhkəmlənməsi
üçün nəinki bir iş görmədilər, əksinə,
ölkəni dünyada gedən bütün proseslərdən
uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət
göstərdilər. Bütün bunlar isə, nəticə
etibarilə, müstəqilliyin məhvinə aparırdı.
Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi
kimi cəbhədəki uğursuzluqlar və daxildə
separatçı meyillərin güclənməsi müstəqilliyimizin
məhvinə doğru gedən prosesi sürətləndirirdi.
Belə bir vəziyyətdə xalqın
tələb və istəyi ilə hakimiyyətə qayıdan
ulu öndər Heydər Əliyevin sayəsində ölkəmiz
mürəkkəb vəziyyətdə öz müstəqilliyini
və suverenliyini qorumağı və möhkəmləndirməyi
bacardı. Əvvəlki iqtidarların buraxdığı
kobud səhvlər Heydər Əliyevin uzaqgörənliyi ilə
aradan qaldırıldı, müstəqilliyimizin qorunması
üçün qətiyyətli tədbirlər
görüldü. İctimai-siyasi sabitlik bərpa edildi,
dövlətçiliyin təməl prinsipləri yaradılaraq
möhkəmləndirildi, müstəqil Azərbaycan dünya
birliyinin tamhüquqlu üzvünə çevrildi. Həmin
dövrü şərh edərkən Heydər Əliyev
deyirdi: "İlk illərdə buraxılan kobud səhvlərə
baxmayaraq, dövlətçiliyin qorunması üçün
qətiyyətli tədbirlər görüldü, ölkədə
davamlı ictimai-siyasi sabitlik bərpa edildi... Müharibənin
dayandırılması, daxili vəziyyətin nizamlanması,
ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və
regionda Azərbaycanla qonşu dövlətlər arasında
yaranmış gərginliyin normal məcraya salınması Azərbaycanın
müstəqil dövlət kimi yaşamasını və
sonrakı inkişafını şərtləndirdi".
Bu gün Azərbaycan dövlətinin
qazandığı bütün uğurlar ulu öndər Heydər
Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin
qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyev
siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də
dövlət idarəçiliyində və siyasət
meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu
və çoxşaxəli siyasi kurs isə dövlət
müstəqilliyini daha da möhkəmləndirir. Prezident
İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin
yeni neft strategiyasının uğurla reallaşması, iri
enerji layihələrinin işə düşməsi və
yeni iqtisadi layihələrə start verilməsi, eləcə də
regionda cərəyan edən proseslərlə bağlı
ölkə başçısının müdrik siyasi
baxışları Azərbaycanın
müstəqilliyinin daha da möhkəmlənməsinə,
dövlətçiliyimizin daha da qüdrətlənməsinə
xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən
Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da
söz sahibi olan ölkə kimi tanınması, Prezident
İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli
siyasət, qazandığımız bütün uğurlar əminliklə
söyləməyə əsas verir ki, Azərbaycanın
dövlət müstəqilliyi heç vaxt əldən verilməyəcək,
əbədi olacaqdır.
Qarşıdan dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü gəlir. Prezident
İlham Əliyevin "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncamına
əsasən, müstəqilliyimizin bərpasının
ildönümü təntənəli şəkildə qeyd
olunacaq. Sərəncamda Prezident İlham Əliyevin müstəqilliyimizlə
bağlı fikirləri olduqca qürurvericidir: "İyirmi
illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir
ki, bu gün Azərbaycan, sözün əsl mənasında,
artıq tam müstəqil ölkədir. Ölkəmizdə
gerçəkləşdirilən siyasət daim Azərbaycan
xalqının maraqlarına xidmət göstərir. 2010-cu ildə
Azərbaycanda Dövlət Bayrağı meydanının
açılışı olmuş və dünyanın ən
yüksək bayrağı ucaldılmışdır. Bu meydan
Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun
rəmzinə çevrilmişdir".
Sərəncama əsasən artıq
xeyli vaxtdır ki, ölkəmizdə və xarici dövlətlərdə
müstəqilliyimizin ildönümü ilə bağlı
müxtəlif tədbirlər keçirilməkdədir.
Öz səhifələrində dövlətçilik ənənələrimizin
təbliğinə hər zaman böyük yer verən "Azərbaycan"
qəzeti də müstəqilliyimizin bərpasının 20-ci
ildönümü ilə bağlı "dəyirmi
masa"larını davam etdirir. Bu "dəyirmi masa"larda
ölkəmizdə müstəqillik illərində baş verən
proseslərə nəzər salınır, bölgələrimizin
və bütövlükdə respublikamızın
sosial-iqtisadi inkişafı fikir süzgəcindən
keçirilir.
Növbəti tədbirimizin
Bakının Səbail rayonunda keçirilməsi təsadüfi
deyil. Səbail paytaxtın ən qədim rayonlarından
biridir. Bu rayonu tarix və memarlıq abidələrinin xəzinəsi
də adlandırmaq olar. İçərişəhər
ölkəmizin YUNESKO tərəfindən dünya mədəniyyət
irsinin inciləri sırasına daxil edilmiş möhtəşəm
tarixi abidələrindən biridir. Qız qalası isə
Bakının, eləcə də Səbail rayonunun rəmzidir.
Azərbaycan Respublikasının əsas dövlət
orqanları burada yerləşir. Heydər Əliyev Fondu,
Azadlıq meydanı, Şəhidlər
xiyabanı, Fəxri xiyaban, habelə bir çox istirahət və
gəzinti obyektləri, Fəvvarələr meydanı, Dənizkənarı
Milli Park da Səbail rayonundadır. Paytaxtın mərkəz
hissəsi ilə yanaşı, Badamdar və Bibiheybət qəsəbələrindən,
Bayıl və 20-ci Sahə adlanan yaşayış massivlərindən
ibarət olan Səbail rayonu son illərdə böyük
inkişaf yolu keçib və "dəyirmi masa"da bu barədə
ətraflı söhbət açılacaq.
İndi isə çıxış etmək
üçün söz Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif ƏSGƏROVa verilir:
Asif ƏSGƏROV:
- Müstəqilliyimizin bərpasının
20 illiyi münasibətilə bu tədbirin
paytaxtımızın mərkəzi rayonu olan Səbail
rayonunda keçirilməsinə görə "Azərbaycan"
qəzetinin redaksiyasına öz təşəkkürümü bildirirəm. Xatırlatmaq istəyirəm
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20 illik yubileyinin ölkəmizin həyatında müstəsna
əhəmiyyət daşıyan ictimai-siyasi hadisə
olduğunu nəzərə alaraq və müstəqillik illərində
respublikamızın keçdiyi zəngin inkişaf yolunda
qazandığı parlaq nailiyyətlərin təbliğini təmin
etmək məqsədi ilə "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il
tarixli Sərəncam imzalamışdır. Bugünkü tədbirimiz
də həmin sərəncamda nəzərdə tutulmuş tədbirlər
çərçivəsində keçirilir.
Dövlət müstəqilliyimizin əldə
olunması, qorunub saxlanılması və inkişaf etdirilməsi
uzun illər ərzində çəkilmiş ağır zəhmətin
şirin bəhrəsidir. 20 il zaman baxımından o qədər
də böyük dövr olmasa da, müstəqil Azərbaycan
bu müddətdə çox mühüm uğurlara imza
atmış, beynəlxalq birliyin layiqli üzvünə
çevrilmişdir. Azərbaycan xalqı əldə etdiyi
azadlığı və müstəqilliyini yüksək qiymətləndirir,
onu daimi və dönməz edən insana - ümummilli lider Heydər
Əliyevə dərin məhəbbətini ifadə edir.
Çünki Azərbaycanın dövlət müstəqilliyi
məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində
əbədiləşmişdir.
1991-ci ildə müstəqilliyini yenicə
bərpa etmiş Azərbaycan ilk illərdə kompleks problemlərlə
üzləşdi. Bu problemlərin başında həmin
vaxtlar respublikaya "rəhbərlik" edənlərin qətiyyətsizliyi,
"kölə psixologiyası"nda yaşamaq niyyətləri
və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin
maraqlarına qurban vermələri dayanırdı. O dövrdə
Azərbaycan rəhbərliyi müstəqillik
ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək
iqtidarında deyildi.
Həmin ərəfədə
Dağlıq Qarabağda münaqişə yenicə
alovlanırdı. Ermənistan ərazilərimizi ilhaq etmək
üçün hərbi təcavüzünü genişləndirirdi.
Xalqımızın siyasi-ictimai xadimlərinin terror
aktlarına məruz qalmaları, ərazilərimizin
işğalı, hakimiyyət çəkişmələrinə
start verilməsi Azərbaycanın dövlət kimi
varlığını sual altına almışdı.
Mövcud vəziyyətdən istifadə edərək hakimiyyəti
silah gücü ilə ələ alan AXC-Müsavat
cütlüyünün iqtidarı dövründə isə
ölkəmiz tam olaraq anarxiya və xaos girdabına
yuvarlandı, daxili çəkişmələr
özünün pik nöqtəsinə çatdı. Gəncədə
baş vermiş hadisələrdən sonra ölkəmiz
faktiki olaraq parçalanmaq və müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə
qalmışdı. Beləliklə, müstəqilliyimizin ilk
illərində Azərbaycan çox ciddi problemlərlə
üzləşmiş, ölkənin siyasi, iqtisadi, sosial və
digər sahələri iflic olmuşdu.
Bu mürəkkəb situasiyada Azərbaycana
ölkəni dərin böhrandan çıxaracaq,
dağıdıcı qüvvələri və meyilləri
neytrallaşdıracaq, xaos və anarxiyaya son qoyacaq və
müstəqilliyimizi əbədi edəcək lider tələb
olunurdu. Bu missiyanın öhdəsindən isə yalnız
xalqımızın böyük oğlu Heydər Əliyev
öz zəngin dövlətçilik təcrübəsi ilə
gələ bilərdi. Xalqın istək və tələbi ilə
1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gəldi və
həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə
qısa zaman kəsiyində vətəndaş müharibəsi
təhlükəsinin, hakimiyyət böhranı və
boşluğunun, anarxiyanın qarşısını aldı.
Həmin dövrdəki prosesləri praqmatik təfəkkürün
fonunda dəyərləndirən ulu öndər Heydər Əliyev
deyirdi: "Azərbaycan heç bir ölkənin təsiri
altına düşməyəcəkdir. Azərbaycan öz
müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim
siyasətimin əsas ana xəttidir.
Bunun üçün də hamı bir yolla getməlidir.
Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək,
məqsəd daşıyır. O məqsədlərə bu
gün Azərbaycanda yer yoxdur".
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra Azərbaycan məhv olmaqdan
qurtuldu, müstəqilliyimizin əbədiliyi təmin edildi,
dövlətçiliyin milli əsaslarının
yaradılması istiqamətində köklü dəyişikliklər
baş verdi. Ulu öndərin həyata keçirdiyi kompleks
strateji tədbirlər sayəsində siyasi sabitlik bərqərar
olundu, iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində
ölkədə maliyyə vəziyyəti sabitləşdi,
iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə
artdı, xalqın həyat səviyyəsi
yaxşılaşmağa başladı.
Bu gün bizi sevindirən ən əsas
amil odur ki, ulu öndərin ölməz ideyaları Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir,
milli maraqlarımızın qorunmasında, əhalinin rifah
halının yaxşılaşdırılmasında qəti
və prinsipial mövqe nümayiş etdirilir. Ötən müddət ərzində
dövlət başçısının əzmkar fəaliyyəti
nəticəsində Azərbaycan dünyanın ən dinamik
inkişaf edən ölkəsinə çevrilmişdir. Həyata
keçirilən düzgün siyasət nəticəsində
ölkəmizin büdcə xərcləri 20 milyard dollara
çatmışdır. Strateji valyuta ehtiyatları ilbəil
artaraq 38 milyard dollar təşkil etmişdir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
kimi nəhəng transmilli layihələrin həyata keçirilməsi
ölkəmizin siyasi və iqtisadi mövqelərini daha da
möhkəmləndirmişdir. Hazırda Bakı-Tbilisi-Qars dəmir
yolu tikintisi davam edir. Xəzər dənizində neft-qaz
çıxarılması ilbəil artır. Bir neçə
gün əvvəl Fransanın "Total" şirkəti Xəzərin
Azərbaycan sektorundakı "Abşeron" strukturunda yeni
iri qaz yatağı akşar edildiyini
açıqlamışdır. Ölkə
başçısı bu məsələ ilə bağlı
qeyd etmişdir: "Bu əlamətdar hadisə Azərbaycanın
neft-qaz potensialının indiyə qədər təsdiqlənmiş
ehtiyatlardan qat-qat çox olduğunun növbəti
sübutudur". Dövlət başçısı yeni
yatağın Azərbaycanın regionda və dünyada
mövqeyinin möhkəmlənməsinə, respublikanın
sosial-iqtisadi inkişafının daha da güclənməsinə,
xalqın maddi-rifah halının yaxşılaşmasına
mühüm təsir göstərəcəyini
vurğulamışdır. Bu bizi
çox sevindirir və ölkəmizin inkişafı
istiqamətində apardığı uğurlu siyasətə
görə Prezident İlham Əliyevə minnətdarlığımızı
bildiririk.
Müstəqilliyimizin bərpasından
ötən illər paytaxtımızın mərkəzi rayonu
sayılan Səbail rayonunun tarixində də öz izlərini
qoymuşdur. Bütün siyasi proseslərin mərkəzində
olan rayonumuzda keçən müddət ərzində
bütün sahələrdə sürətli inkişaf və
tərəqqi əldə olunmuş, böyük irəliləyişlər
baş vermişdir.
Ölkə
başçısının sahibkarlığın
inkişafı, işsizliyin aradan qaldırılması və
yeni iş yerlərinin açılması ilə bağlı
proqram tapşırıqlarının həyata keçirilməsi
rayonumuzun inkişafı ilə bağlı prioritet istiqamətlərdən
olmuşdur. Bu sahədə rayon icra hakimiyyəti, müəssisə
və təşkilatlar, özəl qurumlar, məşğulluq
və digər aidiyyəti orqanlar tərəfindən məqsədyönlü
işlər davam etdirilərək sahibkarlığın
inkişafına hərtərəfli şərait
yaradılmış, bir sıra müəssisələrin fəaliyyəti
bərpa olunmuş, yeni hüquqi və fiziki şəxslərin
fəaliyyətinə imkanlar açılmışdır.
Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti, Dövlət Xəzər Dəniz Gəmiçiliyi,
bp şirkəti və digər iri müəssisələr Səbail
rayonunun sənaye potensialının inkişafına öz
töhfələrini verirlər. Əgər 2000-ci ildə
rayonun sənaye müəssisələri tərəfindən
100 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdisə,
2010-cu ilin yekunlarına görə, bu rəqəm 20
milyard 172,3 milyon manat olmuşdur. Səbail rayonunda fəaliyyət
göstərən müəssisə və təşkilatlar tərəfindən
2003-2011-ci il daxil olmaqla bütün maliyyə mənbələri
hesabına əsas kapitala yönəldilmiş investisiyaların
həcmi 21 milyard 320,8 milyon manat təşkil etmişdir. Təkcə
2010-cu ildə bu rəqəm
2299,7 milyon manat olmuşdur. Beləliklə, Səbail
rayonunda 2003-cü illə müqayisədə ümumi məhsul
buraxılışı 4 dəfə artaraq 24978,7 milyon manata
çatmışdır. Sənaye məhsulları
istehsalı 4, tikinti-quraşdırma işləri 1,2, nəqliyyat
xidməti 4, rabitə xidməti 3,8 dəfə
artmışdır.
Prezident İlham Əliyevin diqqət və
qayğısı nəticəsində son illərdə
ölkədə aparılan genişmiqyaslı
abadlıq-quruculuq işləri Səbail rayonunda da öz əksini
tapmışdır. Ölkə başçısı rayonda
görülən işlərə xüsusi əhəmiyyət
vermiş, açılış mərasimlərində şəxsən
iştirak etmişdir. Məhz onun təşəbbüsü və
rəhbərliyi altında hər
bir azərbaycanlı üçün müqəddəs məbədgaha
çevrilmiş Heydər Əliyev Fondunun, unikal mədəniyyət
mərkəzi olan "Üns" teatrının, dünya mədəniyyət
inciləri sırasına salınan Beynəlxalq Muğam Mərkəzinin
və bir çox yeni obyektlərin tikintisi başa
çatmış, rayonda yerləşən, demək olar ki,
bütün elm, təhsil, mədəniyyət mərkəzləri,
istirahət yerləri əsaslı təmir olunaraq
abadlaşdırılmışdır.
Yalnız son illər ərzində
Şahmat Məktəbi, Mərkəzi Klinik Xəstəxananın
ambulatoriyası, Milli Məclisin yeni korpusu, Hesablama
Palatasının yeni binası, Bakı Biznes Mərkəzi,
"Park Bulvar" Ticarət və İstirahət Mərkəzi,
"Dalğa Plaza" iş mərkəzi, 6 ünvanda
yeraltı piyada keçidi, Qərb Universitetinin biznes mərkəzinin
yeni korpusu, "Crown Hotel", "Park INN" və
"Ramada" mehmanxana kompleksləri, "Teleqüllə"
kompleksi inşa olunmuş, İstiqlal abidəsinin
açılışı olmuşdur. Səbail rayonu ərazisində
həyata keçirilən əzəmətli və
irimiqyaslı layihələrdən biri hər birimizin fəxr
etdiyi möhtəşəm Dövlət Bayrağı
meydanıdır.
Ölkə rəhbərinin
tapşırıqlarına əsasən Dövlət
Filarmoniyası, Şirvanşahlar sarayı, Dövlət Kukla,
Dövlət Gənc Tamaşaçılar, Rus Dram teatrları, Muzey Mərkəzi, Azərbaycan Tarixi, Dövlət
İncəsənət, Azərbaycan Ədəbiyyatı muzeyləri,
"Yaşıl teatr" Konsert Kompleksi, MTN Mədəniyyət
Mərkəzinin binası, metronun "İçərişəhər"
stansiyasının binası, şəhər sakinləri və
paytaxtımızın çoxsaylı qonaqlarının əsas
gəzinti və istirahət yerləri olan 13 park və Dənizkənarı
Milli Park, Yazıçlar Birliyi, Rəssamlar və Bəstəkarlar
ittifaqlarının binaları, Respublika Klinik Uroloji Xəstəxanası,
"Respublika" mehmanxanası, 132-134 saylı Təhsil
Kompleksi, Mərkəzi Poçtamtın binası, Şəhidlər
xiyabanı, Fəxri xiyaban, Bəhram Gur abidəsi, Milli
Kitabxana, Hökumət evi və bir çox digər obyektlər
əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verilmişdir.
Milli mənəvi dəyərlərimizə
böyük hörmət və ehtiramla yanaşan ölkə
başçısının səyləri nəticəsində
ulu öndər Heydər Əliyevin
tapşırığı ilə tikilmiş Bibiheybət məscidi genişləndirilərək
möhtəşəm ziyarətgaha çevrilmiş,
İçərişəhərdə Cümə, Gileyli və
Həzrət Məhəmməd məscidləri əsaslı
təmir olunmuşdur. Hazırda dünya mədəniyyət
incilərindən sayılan XII əsr memarlıq abidəsi
olan Qız qalasında bərpa-konservasiya işləri
aparılır.
Bu gün rayon ərazisində Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün yeni binanın, Parlament prospektində
"Alov qüllələri" kompleksinin, Neftçilər
prospektində "Four
Seasons", "Hilton" və
"Mariot" mehmanxanalarının, Badamdar qəsəbəsində
MTN-in yeni hospitalının və
Oksford məktəbi üçün yeni tədris
korpusunun tikintisi aparılır. Neftçilər və
Bülbül prospektlərində, Azneft meydanında yeni
yeraltı keçidlərin inşası başa çatmaq
üzrədir.
Təmir-bərpa işlərinə gədikdə
isə, 20-ci yaşayış sahəsində
"Neftçi" İdman-Sağlamlıq Mərkəzinin
"Bibiheybət" stadionu əsaslı
şəkildə yenidən qurulur. Burada AFFA tərəfindən
2 yeni stadion, inzibati bina və mehmanxana tikilir. Dövlət
Musiqili Komediya Teatrının,
Mahnı Teatrının, Səadət Sarayının
binalarında da əsaslı təmir aparılır.
Bildiyiniz kimi, ölkə
başçısı tərəfindən 2011-ci il "Turizm
ili" elan olunmuşdur və sevindirici haldır ki, bu il
Bakı şəhərində istifadəyə verilməsi nəzərdə
tutulan 6 ədəd beşulduzlu mehmanxananın 4-ü məhz
Səbail rayonunun ərazisindədir.
Ölkə səviyyəli işlərlə
yanaşı, rayonda bir sıra digər işlər də həyata
keçirilmişdir. Belə ki, Badamdar qəsəbəsində
Bakı Elektrik Şəbəkəsinin "Badamdar"
yarımstansiyası, Səbail Rayon Enerji və Satış
İdarəsinin, Səbail Rayon Polis İdarəsinin, YAP Səbail
rayon təşkilatının
yeni inzibati binaları, Badamdar qəsəbəsində
"Nur" klinikası, 20-ci yaşayış sahəsində
120 yerlik, Bibiheybət qəsəbəsində 70 yerlik yeni
uşaq bağçaları, 51, 236 və 239 nömrəli
orta məktəblər üçün yeni tədris
korpusları, 2 nömrəli lisey üçün yeni akt və
idman zalı, Badamdar qəsəbəsində xeyir-şər
evi tikilmiş, Bibiheybət qəsəbəsində II
Dünya müharibəsində həlak olmuş
döyüşçülərin xatirəsinə abidə
kompleksi ucaldılmış, 20-ci Sahədə
yolötürücü dairə qurulmuşdur.
Rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə Badamdar qəsəbəsində mədəniyyət
evi, Azərbaycan Vətən Müharibəsi Veteranları
Birliyi Səbail rayon təşkilatının,
rayon veteran təşkilatları şuralarının qərargahlarında,
2 və 12 nömrəli uşaq musiqi məktəblərində,
39, 85, 110, 130, 136 nömrəli uşaq
bağçalarında, 15 nömrəli uşaq və 34
nömrəli poliklinikalarda əsaslı təmir işləri
aparılmış, Badamdar qəsəbəsində 2 yeni
istirahət bağı, 2 istirahət guşəsi, 12 "Abad
həyət" istifadəyə verilmiş, mərkəzdə
80-dən çox həyətdə təmir-abadlıq işləri
aparılmışdır.
"2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda Səbail rayonuna geniş yer
ayrılmış, yay aylarında aparılan işlər
çərçivəsində 5 orta, 1 peşə məktəbində,
2 uşaq və texniki
yaradıcılıq mərkəzlərində əsaslı
təmir-yenidənqurma işləri artıq başa
çatmışdır. Dövlət proqramlarına
müvafiq olaraq rayonda əhalinin elektrik və qaz təchizatında
çox müsbət dəyişikliklər əldə
olunmuşdur. Köhnə transformatorlar yeniləri ilə əvəz
olunmuşdur, yeni elektrik və qaz xətləri çəkilişləri
davam etdirilir. Əhalinin içməli su ilə təminatını
yaxşılaşdırmaq məqsədi ilə Badamdar qəsəbəsində
2 yeni su anbarı tikilmişdir, su və kanalizasiya şəbəkələrinin
yeniləşməsi, rayon ərazisindəki yolların əsaslı
təmiri prosesi uğurla davam etdirilir.
Gələn il ölkəmiz
"Eurovision-2012" mahnı müsabiqəsinin
iştirakçılarını qəbul edəcəkdir.
Sevindirici haldır ki, müsabiqə üçün yeni
konsert meydançası - "Bakı-Büllur" zalı məhz
Səbail rayonu ərazisində tikilir. Hazırda Dövlət
Bayrağı meydanından mərkəz istiqamətində
yeni magistral yol çəkilir, mühəndis-kommunikasiya
qurğuları quraşdırılır.
Göründüyü kimi, müstəqillik
illərində respublikamızın digər rayonları ilə
yanaşı, Bakı şəhərinin mərkəzi rayonu
olan Səbail rayonu da sosial-iqtisadi cəhətcə sürətlə
inkişaf etmiş, insanların həyat səviyyəsi
durmadan yüksəlmişdir. Səbail
rayonunda qazanılan uğurlar, əldə olunan yüksək nəticələr
ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti,
onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
xüsusi diqqət və qayğısının nəticəsidir.
Bu gün xalq öz rəhbərinə inanır, taleyini etibar
etdiyi Prezidentinin gördüyü işləri,
atdığı bütün addımları dəstəkləyir,
onun başçılığı altında Azərbaycanın gələcəyinə
inamla baxır. Biz də müstəqil respublikamızın və
Səbail rayonunun tərəqqi və çiçəklənməsi
naminə bundan sonra da bütün vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışacaq, rayonun
mövcud imkanlarını xalqımıza xidmət göstərməyə
səfərbər edəcəyik.
Bəxtiyar
SADIQOV:
- Həyata keçirilən
düşünülmüş inkişaf strategiyasının
nəticəsi olaraq ölkəmizin hər yerində iqtisadi
sahədə keçmiş ənənələr bərpa
olunur. İri müəssisələrin yerləşdiyi Səbail
rayonunda bu sahədə vəziyyət ürəkaçandır.
Diqqəti cəlb edən əsas məsələ isə məhz
yeni tipli iqtisadiyyatın Səbail rayonunun yüksəlməsində
əsas amilə çevrilməsidir. Bu barədə
danışmaq üçün söz Azərbaycan Dövlət
İqtisad Universiteinin
dosenti, tarix elmləri namizədi
Zəfər Bayramova verilir:
Zəfər
BAYRAMOV:
- Gələn ay müstəqilliyimizin bərpasının
20 ili tamam olur. Bu 20 il bizə çox şey öyrətdi.
Müstəqilliyimizin ilk illərində xalqımız
çox böyük tarixi sınaqlardan çıxdı.
Lakin bütün dünyaya sübut edə bildi ki, müstəqil
dövlət kimi yaşaya və inkişaf edə bilər.
Müstəqilliyimizin ilk illərində
hakimiyyətsizlik, iqtisadi tənəzzül və Ermənistanın
hərbi müdaxiləsi nəticəsində ölkədə
xaos yaranmışdı. Daha sonra daxili çəkişmələr,
beynəlxalq aləmdə Azərbaycana biganəlik və
düşmən dövlətə bilavasitə dəstək
göstərilməsi respublikamızın vəziyyətini
daha da ağırlaşdırmışdı.
Yalnız Azərbaycan xalqının dahi
oğlu Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra ölkəmiz başının
üstünü almış bütün fəlakətlərdən
xilas oldu, bütün sahələrdə müsbət dəyişikliklərin
əsası qoyuldu. Ən əsası, ulu öndərin
dövlətçilk sahəsində zəngin təcrübəsi,
siyasi idarəçiliyi, uzaqgörənliyi sayəsində Azərbaycanın
dövlət müstəqilliyinin dönməzliyi tam təmin
olundu.
Bu gün ümummilli lider Heydər Əliyevin
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
apardığı uğurlu siyasət müstəqil
respublikamızın taleyinin etibarlı və layiqli əllərdə
olduğunu sübut edir. Bu siyasət nəticəsində Azərbaycanın
iqtisadi qüdrətinin artması onu dünyanın sürətlə
inkişaf edən ölkələri arasına
çıxarmış, bölgədə lider dövlətə
çevirmişdir.
Ölkədə iqtisadi sahədə
aparılan islahatlar, əldə olunan uğurlar Səbail
rayonundan da yan keçməmişdir. Səbail rayonunda yerləşən
iri dövlət müəssisələri, neft şirkətləri
rayonumuzun iqtisadi potensialının güclənməsinə
öz töhfələrini verirlər. Bu müəssisələrdə
istehsalın və xidmətlərin həcminin ilbəil
çoxalması rayon üzrə iqtisadi göstəricilərin
artımına gətirib çıxarır. Rayonun
sosial-iqtisadi həyatının formalaşmasında
mühüm yer tutan nəqliyyat sektorunda fəaliyyət
göstərən müəssisələr tərəfindən
2003-cü ildə görülən iş və xidmətlərin
həcmi 125,5 milyon manat olduğu halda, 2010-cu ildə bu rəqəm
artaraq 476,8 milyon manata
çatmış, yük və sərnişin daşınmaları
dövriyyəsi artmışdır. Rabitə müəssisələri
tərəfindən 2003-cü ildə 178,6 milyon manatlıq
rabitə xidmətləri göstərildiyi halda 2010-cu ildə
bu rəqəm 785,4 milyon manata çatmışdır.
Götürülən gəlirin 9,6 faizi dövlət, 90,4
faizi qeyri-dövlət müəssisələri tərəfindən
əldə olunmuşdur. Avtomat telefon stansiyalarının
tutumu 2002-ci ildə 55956 nömrə, 2010-cu ildə isə
126434 olmuşdur. Rayon üzrə pərakəndə əmtəə
dövriyyəsinin həcmi 2003-cü ildə 90,9 milyon manat
olmuş, 2010-cu ildə isə artaraq 324,3 milyon manata
çatmışdır. Əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 2003-cü ildə 42,6 milyon
manat, 2010-cu ilin sonunda isə 299,5 milyon manat olmuşdur. Beləliklə,
2003-cü illə müqayisədə ümumi məhsul
buraxılışı 4 dəfə artmışdır.
İqtisadiyyatın inkişafındakı artım özünü
yeni iş yerlərinin açılmasında, müxtəlif
sahələr üzrə çalışan işçilərin
sayının artmasında göstərmişdir.
Prezident İlham Əliyevin
sahibkarlığın inkişafı ilə bağlı
proqram tapşırıqlarının həyata keçirilməsi
istiqamətində rayonda məqsədyönlü işlər
davam etdirilərək sahibkarlığın inkişafına hərtərəfli
şərait yaradılmış, bir sıra müəssisələrin
fəaliyyəti bərpa olunmuş, yeni hüquqi və fiziki
şəxslərin fəaliyyətinə imkanlar
açılmışdır. Bunun da nəticəsidir ki,
hazırda Səbail rayonunda 5752 hüquqi və fiziki şəxs
sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Daimi əhalisinin sayı 93134 nəfər təşkil edən
rayonumuzda hazırda çalışan işçilərin
sayı 88912 nəfər, orta aylıq əməkhaqqının
məbləği isə 901,7 manat təşkil edir. 2003-cü
ilin noyabrından 2011-ci ilin iyul ayının 1-dək rayonun müəssisə, idarə və
təşkilatları tərəfindən 33803 yeni iş yeri
açılmışdır ki, bunlardan 32935-i daimidir. Bu,
Bakı şəhərinin rayonları arasında ən
yüksək göstəricidir.
Bildiyiniz kimi, cari ildən ölkə
başçısının tapşırığına əsasən
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
Bakıətrafı qəsəbələrin sakinlərinə
kreditlərin verilməsinə başlanmış,
bütövlükdə respublika üzrə özəl sektora
təkcə bu il 125 milyon manat kredit verilməsi
planlaşdırılmışdır. Bu il avqust ayının
17-də Badamdar qəsəbəsində Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən "Bakı şəhərində
sahibkarlığın inkişafına dövlət dəstəyi"
mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail
rayonunun qəsəbələrində fəaliyyət göstərən
100-dən çox sahibkar iştirak etmişdir. Tədbirdə
rayonun iqtisadi potensialına uyğun olaraq güzəştli
kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə
tutulan iki istiqamət üzrə - müasir çörək
istehsalı müəssisələrinin və kiçik həcmli
müasir ət kəsimi və emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı olmuşdur. Tədbirin yekununda müvəkkil
kredit təşkilatları vasitəsilə Səbail rayonunda fəaliyyət
göstərən 23 sahibkarlıq subyektinə 1,4 milyon manata
yaxın güzəştli kredit verilib. Bu kreditlər
hesabına 81 yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Əldə olunan nailiyyətlər Səbail
rayonunda iqtisadi sahədə çalışanları
arxayınlaşdırmır. Yeni istehsal sahələrinin
yaradılması, mövcud sahələrdə aparılan yenidənqurmalar
gələcəkdə rayonumuzun iqtisadi potensialının daha
da artmasına səbəb olacaq, ölkəmizin
günü-gündən inkişafına və çiçəklənməsinə
öz töhfələrini verəcəkdir.
Bəxtiyar
SADIQOV:
- Səbail rayonunun iqtisadi inkişafı
sosial sferaya diqqətin daha da artırılmasına təsirsiz
ötüşmür. İqtisadi dirçəliş, yeni xidmət
və istehsal müəssisələrinin yaradılması əhalinin
məşğulluğunun artırılmasına, yeni iş
yerlərinin yaradılmasına öz töhfələrini
verir. Eləcə də əlillərin, şəhid ailələrinin,
aztəminatlı vətəndaşların da sosial rifahı,
gənclərin asudə vaxtlarını səmərəli
keçirmələri Səbail rayonunda diqqət mərkəzindədir.
Bu barədə danışmaq üçün söz Yeni Azərbaycan
Partiyası Səbail rayon təşkilatı gənclər
birliyinin sədr müavini Faiq Qurbanova verilir.
Faiq QURBANOV:
- Ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi islahatlar Səbail rayonunda da
insanların sosial rifahının yüksəlməsinə
öz töhfələrini verməkdədir. Son illər
rayonda Məşğulluq Mərkəzi tərəfindən dəfələrlə
əmək yarmarkaları keçirilmiş, yüzlərlə
işsiz vətəndaş müxtəlif işlərə və
sənət kurslarına cəlb olunmuşdur. Həmçinin
Azərbaycan Dövlət İqtisad Universitetində artıq 5
ildir məzun yarmarkaları keçirilir ki, bu da gənclərin
işlə təminatında böyük rol oynayır.
Hazırda Səbail rayonunda müxtəlif növ və
kateqoriyalar üzrə 2509 nəfər sosial müavinət
alır. 367 ailənin hər birinə orta hesabla 111 manat
ünvanlı sosial yardım verilir. Sosial yardımların, təqaüd
və müavinətlərin ödənilməsində gecikmələrə
yol verilmir.
Məlum olduğu kimi, bu il iyul
ayının 1-dən 2006-cı ilə qədər ölkədə
pensiyaya çıxan 845 min vətəndaşın
pensiyası 40 faiz artmışdır. Səbail rayonunda
qeydiyyatda olan 13438 nəfər təqaüdçünün
9880 nəfərinə bu artım şamil olunmuşdur. Rayonda
vətəndaşların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, xüsusilə imtiyazlı təbəqəyə
aid vətəndaşların mənzillə təmin
olunması üçün müvafiq işlər
görülür. Belə ki, rayonda 100-ə yaxın
Qarabağ müharibəsi və 20 Yanvar əlili, şəhid
ailəsi üzvləri mənzil növbəsində durublar.
Yalnız 2011-ci ilin birinci yarısı ərzində Əmək
və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin köməyi ilə imtiyazlı təbəqəyə
aid ailələrdən 1 Çernobıl əlili ailəsi, 1
20 Yanvar əlili ailəsi, II Dünya müharibəsi
veteranı, 8 şəhid və Qarabağ müharibəsi əlili
ailəsi, ümumilikdə 15 ailə yeni mənzillərlə
təmin olunmuşdur. İlin sonuna kimi daha bir neçə ailənin
mənzillə təminatı planlaşdırılmışdır.
Rayon ərazisində məskunlaşmış
4631 nəfər qaçqın və 10615 nəfər məcburi
köçkün soydaşlarımızın
rastlaşdığı problemlərin həlli də daim diqqət
mərkəzindədir. Məcburi köçkünlərin məskunlaşdığı
bir sıra yataqxana və inzibati binalarda təmir
aparılmış, digər yerlərdə daxili imkanlar
hesabına elektrik, su və kanalizasiya xətlərinin yenilənməsi
və təmiri işləri görülmüş, 6
ünvandakı yataqxana binası isə Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi tərəfindən təmir
siyahısına salınmışdır. Qaçqın və
məcburi köçkünlərin digər müraciətləri
də operativ şəkildə həll olunur.
Rayonda ahıl və yaşlı sakinlərlə
bağlı müvafiq işlər aparılır. Belə ki,
rayon Veteran Təşkilatları Şurasının,
Qarabağ müharibəsi veteranlarının, "20
Yanvar" cəmiyyətinin qərargahları, 20-ci Sahədəki
Veteranlar bağı və bağdakı Veteran Neftçilər
Klubu əsaslı təmir olunaraq onların istifadəsinə
verilmiş, keçən il Bibiheybət qəsəbəsində
II Dünya müharibəsi veteranlarının şərəfinə
abidə ucaldılmışdır. Keçirilən müxtəlif
tədbir və toplantılara veteranların, digər ictimai təşkilatların
nümayəndələri dəvət olunur, onlara müxtəlif
yardımlar göstərilir.
Mən bir gənc olaraq rayonda gənclərlə
bağlı görülən işlər barədə də
danışmaq istəyirəm. Çünki Səbail rayonu həm
də gənclər rayonudur. Rayonda 24 mindən çox gənc
yaşayır, əlavə olaraq rayonda təhsil alan, müxtəlif
idarə və təşkilatlarda çalışanlar
arasında 30 min nəfəri gənclərdir. Səbail Rayon Gənclər
və İdman İdarəsi ilə rayonumuzun ərazisində
fəaliyyət göstərən əl oyunları stadionu,
uşaq-gənclər idman, şahmat, idman-gənclər
gimnastika məktəbləri, 35 saylı texniki
yaradıcılıq, 20 saylı uşaq yaradıcılıq
mərkəzləri ilə sıx əlaqələr
yaradılmışdır. Bu məktəblərdə və mərkəzlərdə
gənclərin iştirakı ilə çoxsaylı tədbir
və idman yarışları təşkil olunur ki, bunun da nəticəsində
nailiyyətlərimizin sayı durmadan artır. Dövlət
proqramının müddəalarına uyğun olaraq, gənclər
və idman sahəsi üzrə Badamdar qəsəbəsində
yeni idman zalının tikintisi nəzərdə tutulmuşdur.
Gənclərlə iş çərçivəsində
idman yarışları və spartakiadaların keçirilməsi
üçün orta məktəblərin bazalarından da istifadə olunur. Yeniyetmələrin
asudə vaxtlarının, yay istirahətinin təşkili
istiqamətində bir sıra uğurlar əldə
olunmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə bu il artıq 6-cı dəfə təşkil olunan
"Şahinlər" hərbi-vətənpərvərlik
istirahət düşərgəsinin fəaliyyəti, tətillər
zamanı aztəminatlı ailələrin övladları
üçün "Park Bulvar" Ticarət və İstirahət
Mərkəzində filmlərin göstərilməsi və əyləncələrin
təşkili valideynlər tərəfindən rəğbətlə
qarşılanmışdır.
İdarəmizin tədbirlər
planına uyğun olaraq hər il "Cəsurlar" hərbi-idman
və turizm oyunlarının rayon mərhələsi, "Xəmsə"
Milli İntellektual Oyunu üzrə gənclər arasında
rayon birinciliyi, "Şahin" hərbi-idman oyununun rayon mərhələsi,
orta məktəblərdə yeniyetmə və gənclər
arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və
digər neqativ halların profilaktikası ilə əlaqədar
"dəyirmi masa"lar, bir çox əlamətdar hadisələrlə
bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə
xeyli sayda yeniyetmə və gənclərin iştirakı təmin
olunur.
Ümumiyyətlə, Səbail rayonunda
sakinlərin sosial problemlərinin həlli istiqamətində
bir sıra işlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Təbii ki, rayonumuzun gəncləri bu işlərdə
daim ön sıralarda olacaqlar.
Bəxtiyar
SADIQOV:
- Dinamik inkişafın və maliyyə
imkanlarının artmasının nəticəsi olaraq
hazırda ölkəmizin hər bir guşəsində
genişmiqyaslı abadlıq və quruculuq işləri həyata
keçirilir. Bakının Səbail rayonunda da bu istiqamətdə
görülən işlər olduqca təqdirəlayiqdir.
Rayonun elə bir ünvanı yoxdur ki, gözəlləşməsin,
müasirləşməsin. Bu barədə əvvəlki
çıxışlarda ətraflı məlumat verildi.
Abadlıq və quruculuq işləri rayonun qəsəbələrində
də geniş vüsət alıb və bununla bağlı
danışmaq üçün söz Badamdar qəsəbəsinin
sakini, iş adamı Fəxrəddin Quliyevə verilir:
Fəxrəddin
QULİYEV:
- Səbail rayonunda abadlıq və
quruculuq işləri bir neçə istiqamətdə həyata
keçirilir ki, bunların biri mədəni sahədir. Mədəniyyətimizin
inkişafına çox böyük diqqət və
qayğı göstərən Prezident İlham Əliyevin
birbaşa təşəbbüsləri ilə
respublikamızın aparıcı mədəniyyət mərkəzlərinin
yerləşdiyi Səbail rayonundakı teatrlar, muzeylər,
parklar, dini ibadət yerləri və digər mədəniyyət
obyektləri təmir olunaraq sakinlərimizin və şəhərimizin
çoxsaylı qonaqlarının istifadəsinə
verilmişdir.
Səbail rayonunda bir sıra yerli əhəmiyyətli
işlər də həyata keçirilmişdir ki, bu da bir
rayon sakini kimi məni çox sevindirir. Son illər ərzində
20-ci yaşayış sahəsində 120 yerlik, Bibiheybət qəsəbəsində
70 yerlik yeni uşaq bağçaları, 51, 236 və 239
saylı orta məktəblər üçün yeni tədris
korpusları, 2 saylı lisey üçün yeni akt və
idman zalı, 20-ci Sahədə yolötürücü dairə
inşa olunmuşdur. Təkcə bu il rayonda 1 orta və 1
musiqi məktəbi sökülərək yenidən tikilmiş,
5 məktəbdə, 1 peşə məktəbində, 2
yaradıcılıq mərkəzində əsaslı təmir-yenidənqurma
işləri aparılmışdır. Rayondakı 1 məktəb
üçün 660 şagird
yerlik yeni korpus, 1 məktəb üçün isə idman və
akt zalı olan korpus tikilir, 2
uşaq bağçasında təmir aparılır.
Badamdar qəsəbəsindəki Mədəniyyət
evi 1957-ci ildə inşa olunmuş, heç vaxt təmir edilməmişdir.
15 ildən çox bir müddətdə həmin binada
qaçqın ailələri məskunlaşdığından
bura yararsız hala düşmüşdü. Rayon icra hakimiyyətinin
təşəbbüsü ilə ilk növbədə burada məskunlaşmış
qaçqın ailələri üçün Şıx
sanatoriyasında gözəl şərait yaradılaraq onlar
ora köçürülmüş, yeni layihə sənədləri
əsasında yenidənqurma aparılmışdır. Mədəniyyət
evində tədbirlərin keçirilməsi, dərnəklərin
fəaliyyəti üçün hər cür şərait
yaradılmışdır.
Rayonda həyata keçirilən
"Abad həyət" layihəsinə də xüsusilə
toxunmaq istəyirəm. Badamdar qəsəbəsində
yaşadığım həyət də daxil olmaqla, 12 həyətdə
əsaslı təmir-abadlıq işləri
görülmüş, sakinlər üçün hər cür şərait
yaradılmışdır. Ən başlıcası, sakinlərin
müraciətləri nəzərə alınaraq Badamdar qəsəbəsində
250 nəfərlik hər cür şəraiti olan xeyir-şər
evi tikilərək istifadəyə verilmişdir. Bu, qəsəbədə
çox böyük ehtiyac duyulan problemin həllində
böyük rol oynamışdır. Hazırda həmin
tikilinin yanında daha bir zal inşa olunur.
Bu ilin
aprel ayının 20-də ölkə başçısı
cənab İlham Əliyev Badamdar qəsəbəsində
olarkən sakinlərin ona müraciətini nəzərə
alıb burada 120 yerlik uşaq bağçası və 880
şagird yerlik ümumtəhsil məktəbinin tikintisi
üçün sərəncam imzalamışdır. Daha bir
sərəncamla qəsəbəmizdə çox böyük
ehtiyac duyulan xəstəxananın tikintisinə də start
verilmişdir.
Yalnız son bir il ərzində
rayonun Badamdar, Bibiheybət qəsəbələrinin,
20-ci Sahə-Bayıl ərazilərində 500.000 kv.metr sahəyə
yeni asfalt qatı salınmış, müxtəlif diametrli su
və kanalizasiya xətləri yenilənmişdir. Hazırda
20-ci Sahədəki Elçin Əzizov küçəsində
asfaltlama işləri aparılır və burada artıq 6.000
kvadratmetr sahədə yollar təmir olunaraq asfalt
salınmışdır. Badamdar qəsəbəsində,
20-ci sahənin digər yerlərində də məhəllədaxili
yolların təmiri davam etdirilir.
Bu gün Səbail rayonu nəhəng
tikinti meydanını xatırladır. Onlarla layihə həyata
keçirilir, yeni yollar, yeraltı keçidlər
salınır. Həyata keçirilən, inşası nəzərdə
tutulan yeni müasir layihələr ümid etməyə əsas
verir ki, yaxın illər ərzində Bakı şəhərinin mərkəzi
rayonu olan Səbail rayonunun qəsəbə və
yaşayış sahələri daha da müasirləşəcək,
görülən işlər nəticəsində
paytaxtımız dünyanın ən gözəl şəhərlərindən
birinə çevriləcəkdir.
Bəxtiyar
SADIQOV:
- 2004-cü ildən fəaliyyət
göstərən Heydər Əliyev Fondu qısa müddətdə
ölkəmizdə və onun hüdudlarından kənarda
xeyirxahlığın, mərhəmətin və
quruculuğun əsas ünvanına çevrilib. Təbii ki,
Fondun həyata keçirdiyi sosial layihələr Səbail
rayonunu da əhatə edir. Digər tərəfdən, Heydər
Əliyev Fondu Səbail rayonu üçün həm də ona
görə doğmadır ki, Fondun inzibati binası burada yerləşir.
Çıxış üçün söz Səbail
rayonundakı 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar
müəllim Sara Xanlarovaya verilir:
Sara XANLAROVA:
- Dövlət müstəqilliyinin bərpasının
20-ci ilinə qədəm qoyan Azərbaycan Respublikası
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müəyyən etdiyi yolla inkişaf edir, inamla gələcəyə
doğru addımlayır. Ölkəmizin müstəqillik
tarixində baş verən proseslərə nəzər
saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin,
qüdrətlənməsinin yolu məhz Heydər Əliyev
siyasi kursunun davam etdirilməsindən, ulu öndərin
ideyalarının gerçəkləşdirilməsindən
keçir.
7 il öncə fəaliyyətə
başlayan Heydər Əliyev Fondu ulu öndərin
ideyalarını, xeyirxah və müqəddəs əməllərini
yaşatmaq üçün ictimai həyatın ən müxtəlif
sahələrində fundamental, çoxşaxəli layihələr
həyata keçirir, hər bir vətəndaşın zəruri
istək və arzularının gerçəkləşməsində,
problemlərinin həllində həm maddi, həm də mənəvi
dəstəyə çevrilir. Ölkəmizin
inkişafına böyük töhfələr verən Heydər
Əliyev Fondunun fəaliyyəti eyni zamanda bəşəriyyətin
həmrəyliyi üçün sivilizasiyalararası dialoqa
yönəlib. Elə buna görə də təsadüfi
deyil ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
adı nəinki respublikamızda, həmçinin onun
hüdudlarından çox-çox kənarlarda xeyirxahlıq,
nəciblik, vətənpərvərlik rəmzinə çevrilmişdir.
Bizim üçün xüsusilə əlamətdar və
sevindirici haldır ki, hər bir azərbaycanlı
üçün müqəddəs məbədgah sayılan
Heydər Əliyev Fondu paytaxtımızın mərkəzi
olan Səbail rayonunda yerləşir, öz gözəl
memarlıq üslubuna görə şəhərimizə
xüsusi gözəllik verir.
Rayonumuzun idarə və təşkilatları,
ali təhsil müəssisələri
daim Heydər Əliyev Fondunun nəcib və xeyriyyəçilik
təşəbbüslərinə qoşulmuş, rayon icra
hakimiyyətinin təşkilatçılığı ilə
mütəmadi olaraq talassemiya və hemofiliyadan əziyyət
çəkən uşaqlar üçün
könüllü qanvermə aksiyaları təşkil
olunmuşdur. Azərbaycan Dövlət Pedaqoji və İqtisad
universitetlərində il ərzində bir neçə dəfə
bu aksiyalar təşkil olunur və
iştirakçıların sayı ilə digərlərindən
fərqlənir.
Mehriban xanım Əliyevanın gərgin
əməyi və səyləri nəticəsində Azərbaycan
muğamına ikinci nəfəs verilmiş, o, dünya mədəniyyəti
inciləri səviyyəsində tanıdılaraq qəbul
edilmişdir. 2008-ci il dekabırın 27-də Dənizkənarı Milli Parkda Heydər
Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi
ilə unikal mədəniyyət abidəsi olan Beynəlxalq
Muğam Mərkəzinin istifadəyə verilməsi bu istiqamətdə
görülən işlərin bir hissəsidir. 2009-cu ilin mart
ayında burada "Muğam aləmi" Beynəlxalq
festivalı təşkil edilərək bir çox xarici
ölkələrdən nümayəndələr dəvət
olunmuşdur. Səbail rayonu üçün bu müsabiqənin
əhəmiyyəti daha sevindiricidir. Çünki rayonumuzun
239 nömrəli orta məktəbinin məzunu Arzu Əliyeva
müsabiqənin laureatları arasında olmuşdur.
2008-ci ildə Fondun yeni layihəsinə
start verilmiş, Dənizkənarı Milli Parkda Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin binasının təməlqoyma mərasimi
keçirilmiş və hazırda burada genişmiqyaslı
işlər aparılır. 2010-cu ildə burada əlavə
olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tikintisi
ilə bağlı işlərə
başlanmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın
qədim tarixi-memarlıq incilərindən olan 500-dən
çox dövlət əhəmiyyətli abidənin yerləşdiyi,
YUNESKO-nun "Dünya İrs siyahısı"na
salınmış İçərişəhərdə
abadlıq, təmir-restavrasiya işləri aparılır.
Bizim üçün doğma olan İçərişəhər
həm yenilənir, həm də öz qədim cizgilərini
qoruyub saxlayır.
Gələn il respublikamız
"Eurovision-2012" mahnı müsabiqəsinin
iştirakçılarını qəbul edəcəkdir. Qeyd
edim ki, müsabiqə üçün yeni konsert
meydançası - "Bakı-Büllur" zalı da Səbail
rayonu ərazisində inşa olunur. Əminik ki, bu müsabiqə
də ölkəmizdə keçirilən digər möhtəşəm
tədbirlər kimi, müvəffəqiyyətlə təşkil
olunacaq, müsabiqə ölkəmizin təbliği və Azərbaycan
həqiqətlərinin
dünyaya çatdırılması işində
mühüm hadisəyə çevriləcəkdir.
Ulu öndər Heydər Əliyev həmişə
öz çıxışlarında qeyd etmişdir ki, təhsil
millətin gələcəyidir. Bu gün Heydər Əliyev
Fondu ulu öndərin ideyalarına sadiq qalaraq Azərbaycanda təhsilin
inkişafına töhfələrini verməkdədir. Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi uğurla həyata
keçirilmişdir. Bu layihə çərçivəsində
respublikamızın bölgələrində yüzlərlə
məktəb tikilmiş, məktəblərin maddi-texniki
bazası əsaslı surətdə yeniləri ilə əvəz
olunmuşdur.
Səbail rayonuna gəldikdə isə,
qeyd etmək istərdim ki, rayonumuzun əraizisində yerləşən
7 nömrəli orta məktəbdə Heydər Əliyev
Fondunun yaxından köməyi ilə əsaslı təmir
işləri aparılmışdır. 1966-cı ildə
inşa olunmuş və 1940 şagirdin təhsil
aldığı Badamdar qəsəbəsindəki 236 saylı
orta məktəbdə də Heydər Əliyev Fondu tərəfindən
tam əsaslı təmir və yenidənqurma işləri
aparılmış, məktəb bütün müasir
avadanlıqlarla təmin olunmuşdur. 2010-cu il sentyabr
ayının 7-də 236 saylı orta məktəbin təmirdən
sonrakı açılış mərasimində Mehriban
xanım Əliyeva da iştirak etmiş, məktəbi gəzmiş,
burada görülən işlərdən razı
qalmışdır.
Keçən il Səbail rayonu
üçün təhsil sahəsində daha bir əlamətdar
hadisə ilə yadda qalmışdır. 2010-cu il sentyabr
ayının 15-də - Bilik Günündə 132-134 saylı Təhsil
Kompleksinin ən müasir beynəlxalq standartlara uyğun əsaslı
təmir və yenidənqurmadan sonra açılış mərasimi
olmuşdur. Müasir təhsil üçün hər cür
şərait yaradılmış bu kompleksin binası şəhərimizin
mərkəzinə xüsusi gözəllik verən bir memarlıq
nümunəsi olmuşdur. Bu bilik ocağının yenidən
qurulması şagirdlərin təhsil şəraitini tamamilə
dəyişməyə, tədrisin səviyyəsini yüksəltməyə
imkan yaradır. 132-134 saylı Təhsil Kompleksində əsaslı
təmir və yenidənqurma işlərinin aparılması,
Prezident İlham Əliyevin açılış mərasimində
məktəb kollektivi, şagirdlər və valideynlər
qarşısında çıxışı dövlətimizin
rəhbərinin təhsilə göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir.
Bu ili isə Səbail təhsili
üçün tərəqqi ili adlandırmaq olar. Rayonun
tarixində birinci dəfədir ki, dövlət proqramına
uyğun olaraq 1 yeni məktəb inşa olunmuş, 5 ümumtəhsil
və 1 peşə məktəbində, 1 uşaq
yaradıcılıq və 1 texniki yaradıcılıq mərkəzində
əsaslı təmir işləri aparılmışdır.
Bu, rayonda təhsilin səviyyəsinin yüksəlməsi
üçün mühüm bir amildir. Hazırda 7 saylı məktəb
üçün idman, akt zalı və 8 sinif otağından
ibarət əlavə yeni korpus, 49 saylı məktəb
üçün isə 660 şagird yerlik yeni tədris korpusu
tikilir. Ölkə başçısının sərəncamı
ilə yaxın vaxtlarda Badamdar qəsəbəsində 120
yerlik uşaq bağçası və 880 şagird yerlik yeni
ümumtəhsil məktəbinin tikintisinə
başlanacaqdır.
Təhsil sahəsində görülən
bütün bu işlər Səbail rayon ictimaiyyəti tərəfindən
razılıqla qarşılanır. İnanırıq ki,
dövlətimizin inkişafı və Heydər Əliyev
Fondunun əzmkar fəaliyyəti sahəsində Bakı şəhərində
və bütövlükdə respublikamızda daha
böyük nailiyyətlərin şahidi olacağıq.
Bəxtiyar
SADIQOV:
- Hörmətli "dəyirmi masa"
iştirakçıları!
Müstəqillik, həqiqətən,
gözəl nemətdir və biz bunun aydın təcəssümünü
ölkəmizin gündən-günə artan qüdrətində,
beynəlxalq birlikdəki yerinin möhkəmlənməsində,
kompleks dinamik inkişafında görürük. Bütün
bu uğurların əsası görkəmli siyasi və
dövlət xadimi Heydər Əliyevin uzaqgörənliyi,
dövlət idarəçiliyi sahəsindəki təcrübəsi
ilə qoyulmuşdur. Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi illər ərzində Azərbaycanda bütün istiqamətlərdə
dövlət quruculuğu prosesi uğurla həyata
keçirildi, müstəqilliyimizin möhkəmlənməsinə
xidmət edən təxirəsalınmaz addımlar
atıldı, dövlətçilik ənənələri zənginləşdirildi.
Ulu öndərin ən layiqli siyasi
davamçısı Prezident İlham Əliyevin yeni
dövrün tələblərinə uyğun, zamanın nəbzini
tutmaqla həyata keçirdiyi düşünülmüş,
sürətli və davamlı inkişaf strategiyasının nəticəsi
olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid
dövrünü başa vurub. Sərəncamda deyildiyi kimi, bu
gün özünün uzunmüddətli inkişaf
strategiyasının istiqamətlərini müəyyən edən
Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə
görə ön sıralarda gedərək islahatçı
ölkə kimi tanınır.
Respublikamızda neft və qeyri-neft sektorlarının
yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar
inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul,
büdcə və valyuta ehtiyatları ildən-ilə
artmaqdadır.
Dövlət müstəqilliyimizin bərpasının
20-ci ildönümü ərəfəsində respublikamız
üçün növbəti əlamətdar hadisə
baş verdi. Xəzər dənizinin Azərbaycan
sektorundakı "Abşeron" blokunda aparılan qazma və
kəşfiyyat işləri nəticəsində burada
böyük qaz yatağının olduğu aşkar edildi.
"Abşeron" bloku müstəqillik dövründə Xəzərin
Azərbaycan sektorunda "Şahdəniz" və
"Ümid"dən sonra kəşf olunan
üçüncü böyük qaz yatağıdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bizə imkan verəcək
ki, öz qaz strategiyamızı daha inamla irəliyə
aparaq, Azərbaycanı əsas
qaz ixracatçılarından olan ölkə kimi dünyada
tanıtdıraq, Azərbaycan xalqının maraqlarını
təmin edək. Beləliklə, bu il müstəqilliyimizin
20-ci ildönümünü qeyd edərkən tam əminliklə
deyə bilərik ki, neft-qaz sektorunda, ümumiyyətlə
enerji təhlükəsizliyi sahəsində əldə
edilmiş nailiyyətlər ölkəmizin beynəlxalq miqyasdakı
mövqelərini əhəmiyyətli dərəcədə
möhkəmləndirir.
Ölkəmizin ümumi inkişaf
dinamikasına uyğun olaraq son illər paytaxt Bakının
siması büsbütün dəyişmişdir. İncə
zövqlə, müasirliklə tarixiliyin sintezi və həmahəngliyi
təmin edilməklə aparılan yenidənqurma və
abadlıq işləri Bakını dünyanın ən
gözəl şəhərlərindən birinə
çevirmişdir. Paytaxtımız sürətlə
inkişaf edir və bu dinamikaya uyğun olaraq gözəlləşir,
əvvəlki şöhrətini özünə qaytarır.
Bakıda aparılan yenidənqurma və
abadlıq işlərinin mühüm bir hissəsi də Səbail
rayonunun payına düşür. Bu həm də ondan irəli
gəlir ki, bir çox dövlət orqanları, dövlət
və strateji əhəmiyyətli binalar bu rayonun inzibati ərazisindədir.
Fəvvarələr meydanı öz gözəlliyi və
möhtəşəmliyi ilə fərqlənir. Ötən
il istifadəyə verilən Dövlət Bayrağı
meydanı da burada yerləşir. Hazırda Bakı
buxtasında Səbail rayonunun ərazisində yerləşən
bütün zavodlar, müəssisələr şəhərdən
kənara köçürülür və Dənizkənarı
Milli Parkın ərazisi Dövlət Bayrağı
meydanına qədər genişləndirilir. Səbail rayonu həm
də gələn il keçiriləcək "Eurovizion"
mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
Bütün bunlar məhz Azərbaycanın
müstəqil dövlət olmasının və bu müstəqillikdən
irəli gələn inkişafının məntiqi nəticəsidir.
Bu inkişaf həm də onu göstərir ki, ölkəmizdə
gerçəkləşdirilən siyasət
xalqımızın maraqlarına xidmət edir.
Azərbaycan.-2011.-21
sentyabr.-S.4-5.