«İki sahil» qəzeti Neftçilər
Gününə həsr olunmuş xüsusi
buraxılış hazırlamışdır
AzərTAc xəbər verir ki, 20 sentyabr - Neftçilər
Günündə "İki sahil" qəzetinin işıq
üzü görən 164 səhifəlik xüsusi
buraxılışı Azərbaycan neft-qaz sənayesinin son 17
ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı
yazılar, rəngli şəkillər və yüksək
poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
1994-cü il
sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin qətiyyəti
sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində
yerləşən "Azəri-Çıraq-Günəşli"
yataqlarının neft-qaz sərvətlərinin birgə
işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
arasında imzalanan, tarixə "Əsrin müqaviləsi"
kimi daxil olan neft sazişindən sonra ölkəmizin
ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin
başlanması xüsusi buraxılışın ana xəttini
təşkil edir.
Xüsusi
buraxılışın üz qabığında ulu öndər
Heydər Əliyevin "Neft-Azərbaycanın ən
böyük sərvəti olub, xalqa, özü də təkcə
indiki nəslə deyil, həm də gələcək nəsillərə
mənsubdur" fikri qeyd olunmuşdur. Birinci səhifədə
isə ümummilli liderin "Bizim bütün sərvətlərimiz
xalqa məxsusdur və bu sərvətlərdən istifadə
olunmasında heç kəsin müstəsna haqqı
yoxdur" fikrinin davamı olaraq Prezident İlham Əliyevin
"Azərbaycanın neft gələcəyi çox
parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə
etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə,
iqtisadiyyatımızın bütün sektorları inkişaf
edəcəkdir" tezisi öz əksini tapmışdır.
Xüsusi
buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik
tarixinə işıq salınaraq, son 17 ildə
imzalanmış beynəlxalq neft sazişlərinin
iqtisadiyyatımızın dinamik inkişafında müstəsna
rol oynadığı diqqətə çatdırılır.
"Əsrin müqaviləsi"nin əhəmiyyəti
xüsusi buraxılışda dərc olunan yazıların hər
birində önə çəkilir.
ARDNŞ-in
prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi
işçilərinə bayram təbrikində bildirilir ki,
dünya enerji bazarında etibarlı neft
ixracatçısı kimi özünü çoxdan təsdiq
etmiş Azərbaycan son illərdə beynəlxalq qaz tədarükü
sisteminə inamla daxil olaraq, bu sahədə yeni-yeni nailiyyətlər
qazanmışdır. Bir il ərzində neftçilərimiz
tərəfindən iki böyük qaz-kondensat
yatağının kəşf olunması ölkəmizin qaz
ixrac potensialının genişləndirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb
etmişdir. Son 20 ildə ilk dəfə olaraq, ARDNŞ-in daxili
imkanları hesabına "Ümid" perspektiv strukturunda
apardığı axtarış-kəşfiyyat işləri
böyük müvəffəqiyyətlə nəticələnmişdir.
Neftçilər builki peşə bayramları ərəfəsində
xalqımıza daha bir müjdə verdilər. Xarici tərəfdaşlarla
birgə işlənilən "Abşeron" strukturunda da
böyük qaz yatağı kəşf edildi.
Xüsusi
buraxılış ümumilikdə ARDNŞ-in
strukturlarının fəaliyyəti, onların əlamətdar
gün - neftçilərin peşə bayramını
hansı nailiyyətlərlə qeyd etməsi və
qarşıda hansı vəzifələrin dayandığı
barədə dolğun təəssürat yaradır.
Yazılarda "Əsrin müqaviləsi"nin
imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə
olunan uğurlar diqqətə çatdırılır və
ulu öndər Heydər Əliyevin müəllifi olduğu
neft strategiyasının təntənəsi kimi dəyərləndirilir.
Bildirilir ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın
yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli
inkişafını sürətləndirir.
Xüsusi
buraxılış ulu öndər Heydər Əliyevin "Əsrin
müqaviləsi"ndə qarşıya qoyulmuş vəzifələrə
layiqincə əməl edilməsi, yeni neft
strategiyamızın uğurla həyata keçirilməsi Azərbaycanın
dövlət müstəqilliyinin əsas qarantlarından
biridir..." fikri ilə tamamlanır. Azərbaycan neftinin
2006-cı il 28 May - Respublika Günündə Ceyhan
terminalına çatması da bu həqiqəti bir daha
nümayiş etdirmişdir. Dövlət
başçısı İlham Əliyev bu münasibətlə
xalqa müraciətində bildirmişdir ki, Azərbaycan
neftinin məhz bu gündə Ceyhan terminalına
çatmasının rəmzi mənası vardır. Bu, bir
daha Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin
böyük rol oynadığının təsdiqidir.
Azərbaycan bu gün ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi nəticəsində ən
yüksək zirvələr fəth edir.
Azərbaycan.-2011.-21
sentyabr.-S.6.