Astanada
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu
iclası işə başlamışdır
Sentyabrın 20-də Astanada
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi
Şurasının 29-cu iclası öz işinə
başlamışdır.
Şuranın iclasında TÜRKSOY-un
baş katibi Düsen Kaseinov, Azərbaycan və Türkiyənin
mədəniyyət və turizm nazirləri Əbülfəs
Qarayev və Ertoğrul Günay, Türkmənistanın mədəniyyət
və teleradioyayım naziri Qulmırat Mıradov,
Qazaxıstanın mədəniyyət naziri Muxtar Kul-Muxammed,
qurumda müşahidəçi statusu olan subyektlərin mədəniyyət
nazirləri iştirak edirlər.
Qazaxıstanın mədəniyyət
naziri Muxtar Kul-Muxammed iclas iştirakçılarını
salamlamış, türkdilli ölkələr arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində müxtəlif
festivalların keçirilməsini yüksək qiymətləndirmişdir.
Onun sözlərinə görə, "Operaliya" və Mərkəzi
Asiya ölkələrinin teatrı, həmçinin
"Avrasiya" kinofestivallları kimi layihələr bizi daha
da yaxınlaşdırır.
Sentyabrın 20-də keçirilən
iclasda Ertoğrul Günay TÜRKSOY-un müvəqqəti əlaqələndiricisi
seçilmişdir.
Şuranın iclasında türkdilli
ölkələr arasında mədəni-humanitar sahələrdə
əlaqələrin daha da dərinləşdirilməsi məsələləri
müzakirə olunacaq, həmçinin 2011-2014-cü illər
üçün TÜRKSOY-un baş katibi yenidən seçiləcəkdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Astana
Azərbaycan.-2011.-21
sentyabr.-S.6.