Türk dünyası sivilizasiyası haqqında dəyərli kitab

 

 Beynəlxalq münasibətlər üzrə mütəxəssis, iqtisad elmləri namizədi Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyası Bakıda "Elm və Təhsil" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Əsərdə bəşər sivilizasiyaları arasında özünəməxsus xüsusiyyətləri ilə seçilən Türk dünyası sivilizasiyasının qədim tarixindən bəhs olunmuş, bu sivilizasiya tipinin özünəməxsusluqları elmi-nəzəri şəkildə əsaslandırılmışdır.

Müəllif türk dünyası sivilizasiyasının digər sivilizasiyalarla, o cümlədən Pravoslav-Slavyan, Avropa, Çin, Ərəb, İran sivilizasiyaları ilə əlaqələrindən geniş söz açmışdır. Nəticə olaraq monoqrafiyada Türk dünyası sivilizasiyasının islam mədəniyyəti dövründən qədimliyinin elmi cəhətdən müəyyənləşdirilməsi ilə yanaşı, həm də böyük sivilizasiyaların daşıyıcıları olan ölkələrin mədəniyyətlərinin formalaşmasında və inkişafında bu sivilizasiyanın rolundan və təsirindən əsaslı surətdə bəhs edilmişdir.

Mövzu etibarilə qlobal xarakter daşıyan məsələləri əhatə edən kitaba ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsindən seçilmiş nümunə kimi verilən "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" epiqrafı problemin araşdırılma istiqamətini və elmi-ideoloji əsasını müəyyən edir.

Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyasında sivilizasiya anlayışı və onun əsasında dayanan dəyərlər haqqındakı elmi-nəzəri mülahizələri özünün yeniliyi və aktuallığı ilə diqqəti cəlb edir. Əsərdə ümumən sivilizasiyaşünaslıqda mübahisəli olan bir sıra məsələlərə də aydınlıq gətirilmişdir.

Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyasında Azərbaycanla bağlı məqamlara və azərbaycanşünaslıq materiallarına da münasib yer ayrılmışdır.

Bundan əvvəl çap olunmuş Ərəstü Həbibbəylinin "Azərbaycan Respublikasının Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" kitabında (2007) beynəlxalq münasibətlər çərçivəsində Azərbaycanla əlaqədar siyasi-iqtisadi məsələlər öz əksini tapmışdır.

Fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevin elmi redaktorluğu ilə nəşr edilən Ərəstü Həbibbəylinin "Sivilizasiyaların kəsişməsində türk dünyası" monoqrafiyası ictimai və humanitar elmlərin tədqiqatçılarının, ali məktəb müəllimlərinin və tələbələrinin marağına səbəb olacaqdır.

 

 

Şükür MƏMMƏDOV,

tarix üzrə fəlsəfə doktoru,

dosent

 

Azərbaycan.-2011.-21 sentyabr.-S.7.