Vicdanlı və məsuliyyətli söz
Azad söz həm də məsuliyyətli və vicdanlı olmalıdır! Yoxsa dəyərdən düşər! Bunu hazırkı gerçəklik də sübut edir. Həyat göstərir ki, yalnız məsuliyyətli və vicdanlı qələm sahibləri operativ, obyektiv, tərəfsiz və qərəzsiz, yüksək peşəkarlıqla hazırladıqları yazılarla mətbuat və söz azadlığının genişlənməsinə töhfə verə bilirlər.
İyirmi il bundan qabaq ölkəmizdə dövlət müstəqilliyi elan olundu. Hüquqi-demokratik, dünyəvi dövlət quruculuğu qarşıya məqsəd qoyuldu. Demokratiyanın təməl prinsiplərindən biri mətbuat və söz azadlığıdır. Lakin müstəqilliyin ilk illərində mətbuat senzura buxovundan azad olunmamışdı. Bunu yalnız ulu öndər Heydər Əliyev etdi: 6 avqust 1998-ci ildə. Beləliklə, mətbuatın mənəvi intibahı başladı. Azad sözün sevinci o qədər güclü və möhtəşəm idi ki, qabağına çıxan heç bir sədd və maneə tanımır, silib-süpürüb aparırdı. Təbii ki, güclü sel özü ilə ilk növbədə çör-çöp, zir-zibil və lazımsız əşyalar da gətirir.
Müstəqil mətbuatın tör-töküntüsü isə "reket qəzet"lər oldu. Maraqlısı və acınacaqlısı budur ki, "reket qəzet"lər, əslində, insanların mətbuata və jurnalist adına hörmətindən yaranıb! Necə? Çox sadə! Xalqımız həmişə qonaqpərvər olub. Peşə borcunu yerinə yetirmək üçün müxtəlif ünvanlara yollanan jurnalistlər həm də qonaq sayılır və qonaq sayğısı ilə qarşılanırdı. Süfrənin başında oturdular, tikənin yaxşısı onun boşqabına qoyular, şərəfinə badələr qaldırılardı. Bəzən geriyə qayıdanda pay-püş qoyular, maşınla yola salardılar. Əslində, bu, sovet dövrünün yazılmamış qanunlarından birinə çevrilmişdi. Həmin dövrdə jurnalistə, ona göstərilən hörmət və izzətə həsəd və həsrətlə baxan o qədər adam vardı ki... Amma belələrinin nə müvafiq təhsil almağa, nə də redaksiyalarda işə düzəlməyə savad və qabiliyyətləri çatırdı.
Bu həsəd və həsrət mətbuat və söz azadlığı bərqərar olana - qəzet açmaq, müstəqil qəzetlərdə işə düzələrək müxbir vəsiqəsi almaq su içimi kimi asan olanədək davam etdi. Sonra bu tip insanlar ac qurd kimi redaksiyalara, oradan da imkanlı idarələrin və insanların canına daraşdılar. Tezliklə şərəfli jurnalist peşəsi "təsadüfi ünsürlər"in fəaliyyəti sayəsində urvatdan düşdü. Daha jurnalistin üzünə gülümsəyən, qapı açan olmadı. Asan yolla pul qoparan, maşın, mülk yiyəsi, obyekt sahibi olan "qəzetçilər" də geri çəkilmək niyyətində deyildilər. Üstəlik, mətbuat və söz azadlığına xidmət edən qanunlar da onların tərəfində idi: jurnalisti yazdığı sözə görə cəzalandırmaq olmaz! Amma belə jurnalistləri müdafiə edənlərin özləri anlamırdılar ki, əslində, onlar müxbir vəsiqəsinə yiyələnmiş reketlərdir. Bu tip reketlər xoşluqla istədiklərini ala bilməyəndə hədəyə, şantaja, şər və böhtana - qısası, "qəzet reketçiliyi"nə əl atırlar. Hətta bir qədər keçmiş o qədər həyasızlaşdılar ki, cəmiyyəti boğaza yığdılar, çoxsaylı məhkəmə çəkişmələrinə yol açdılar.
Azərbaycan Mətbuat Şurası xalqın ictimai sifarişi olaraq "reket qəzet"lərə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı. Bu mübarizənin qanuni əsasları, prinsipləri müəyyənləşdirildi, mahiyyətcə ictimai qınaq forması olan "qara siyahı" tərtib edildi. Nəticə uğurludur. Lakin milçəyi şirədən qoparmaq da asan məsələ deyil! Bu dəfə qəzet reketləri Mətbuat Şurası İdarə Heyətinin sədrini, prinsipial üzvlərini hədəfə aldılar. Ancaq obyektivlik, həqiqət və mənəvi təmizlik yüksəkdə durduğundan, bir də geniş ictimaiyyətdən güclü dəstək gəldiyindən ruhdan düşən və geriyə çəkilən olmadı. Saf mənəviyyat, azad və doğru, qərəzsiz və ədalətli söz uğrunda mübarizə bu gün də davam edir.
Mətbuat Şurası "qara siyahı"nın yeni variantını təqdim edir. İctimai qınağa tuş gələn daha üç qəzet - "Xural", "Azərbaycan gündəmi", "Qanun: izah və şərhlər" qara səhifədə layiq olduğu yeri tutmuşdur. Əlbəttə, onları müdafiə etməyə çalışanlar, gizli sifarişlər verənlər, xəlvəti maliyyələşdirənlər də mövcuddur. Xoşbəxtlikdən hamı kimin kim olduğunu, nə niyyətlə hansı addımlar atdığını gözəl bilir. Gəlin azad sözə, ictimai marağa olan hörmət və məhəbbətimizi belələrinə qarşı sipərə çevirək, jurnalist adını ləkələyənlərlə sona qədər barışmaz mübarizə aparaq!
Əziz oxucular!
Sizi vicdanlı və məsuliyyətli sözü müdafiə etməyə çağırırıq!
Mətbuat və söz azadlığına dəstək verməyə səsləyirik.
Yalnız azad mətbuatın eybəcər övladlarına qarşı birgə mübarizə aparmaqla azad, obyektiv və qərəzsiz jurnalistikaya dayaq durmaq mümkündür.
Milli-mənəvi
dəyərləri, söz və mətbuat
azadlığını daim uca tutaq, sıralarımızı
təsadüfi ünsürlərdən təmizləyək!
Azərbaycan.-2011.-21 sentyabr.-S.7.