Prezident İlham Əliyev «Şimal» elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak etmişdir

 

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev yeni qurğunun tikinti layihəsi ilə tanış oldu.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına layihə barədə məlumat verdi. Bildirildi ki, "Şimal" elektrik stansiyasının ümumi sahəsi 68 hektar, ikinci buxar-qaz qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.

Qeyd edildi ki, ikinci buxar-qaz qurğusunun inşası Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dövlət zəmanətli krediti hesabına həyata keçiriləcəkdir. 2010-cu ilin avqust-noyabr aylarında keçirilən beynəlxalq tenderin nəticələri əsasında Yaponiyanın "Toyo Engineering Corporation" və Azərbaycanın "Azenco" Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanmışdır.

Məlumat verildi ki, qurğunun komponentlərinə qaz və buxar turbinləri, qazan-utilizator və generator daxildir. Bundan başqa, müasir soyuducu su sistemi, 220, 110 və 35 kilovoltluq tam qapalı yarımstansiya, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması qurğusu da yaradılacaqdır. Qurğuda dəniz suyundan soyuducu sistemdə  istifadə etməklə  yanaşı, texniki və içməli suyun alınması da mümkün olacaqdır. Birvallı konstruksiya şəklində quraşdırılacaq turbinləri və generatoru Yaponiyanın "Mitsubishi Heavy Industries" şirkəti təchiz edəcəkdir. Layihənin 2013-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulmuşdur. Əsas avadanlığın bir hissəsi və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri "Azenco" ASC tərəfindən həyata keçiriləcəkdir.

Layihənin əsas əhəmiyyəti ondan ibarətdir ki, buxar-qaz qurğusunun faydalı iş əmsalı 56,1 faiz, 1 kilovat- saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 220 qram təşkil edəcəkdir. Layihəyə əsasən inşa olunacaq qurğu  ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəkdir.

Sonra dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə saldı.

 

İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək dedi:

 

- Əziz dostlar, hörmətli xanımlar və cənablar!

Hörmətli cənab səfir, Yaponiyadan gəlmiş qonaqlar!

Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl, əlamətdar bir gündür. Bakıda yeni, müasir elektrik stansiyasının təməl daşını qoyuruq. Əminəm ki, bu stansiya yaxın zamanlarda tikilib işə salınacaq və beləliklə, Azərbaycanın enerji potensialına böyük töhfə veriləcəkdir.

"Şimal-2" stansiyasının tikintisi çox əlamətdar hadisədir. Bir tərəfdən ona görə ki, biz Azərbaycanda yeni, böyük infrastruktur layihəsinin icrasına başlayırıq. Bu, artıq Azərbaycanda ənənəvi xarakter daşıyır. Digər tərəfdən, bu stansiyanın tarixi də çox gözəldir. "Şimal-1" elektrik stansiyası on il bundan əvvəl tikilməyə başlanmışdır. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində "Şimal-1" elektrik stansiyasının tikintisi üçün Yaponiya hökuməti kredit ayırmışdır. 2000-ci ildə burada ulu öndərin iştirakı ilə "Şimal-1" elektrik stansiyasının təməl daşı qoyulmuşdur və 2002-ci ildə stansiya istifadəyə verilmişdir.

O vaxt Azərbaycanın enerji təhlükəsizliyi üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün "Şimal-1" elektrik stansiyasının tikintisi müstəsna əhəmiyyət daşıyırdı. Çünki o illərdə Azərbaycanda kifayət qədər enerji gücləri olmamışdır. Əvvəlki dövrdə tikilmiş stansiyaların resursları demək olar ki, tükənmişdi və Azərbaycanda - Bakıda və bölgələrdə bəzi hallarda enerji qıtlığı yaranırdı. Biz o illəri yaxşı xatırlayırıq. Həm bölgələrdə, həm Bakı şəhərində enerji problemi var idi. Ona görə ki, kifayət qədər gücümüz yox idi. "Şimal-1" elektrik stansiyasının tikintisi və Yaponiya hökumətinin bu məsələlərə çox diqqətlə yanaşması nəticəsində Azərbaycan energetikasının yeni dövrü başlanmışdır. Biz o günləri yaxşı xatırlayırıq və çətin gündə bizə kömək etmiş Yaponiya hökumətinə, Yaponiya xalqına həmişə minnətdarıq.

Bu stansiyanın tikintisi, demək olar ki, on ildən sonra yenə də Yaponiya hökumətinin krediti hesabına həyata keçiriləcəkdir. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, aramızda olan çox gözəl münasibətlər uğurla davam edir. Onu göstərir ki, Yaponiya hökuməti Azərbaycanda iqtisadiyyatın, sənaye potensialının inkişafına çox böyük diqqət göstərir. Eyni zamanda, bu, Yaponiya-Azərbaycan dostluğunun təzahürüdür.

Bu fürsətdən istifadə edərək Yaponiya hökumətinə həm bizim üçün ən çətin anlarda, həm də bu gün Azərbaycana göstərdiyi bu dəstəyə gözə minnətdarlığımı bildirmək istəyirəm. Bu kreditin verilməsi xüsusilə əhəmiyyətlidir. Ona görə ki, bu yaxınlarda Yaponiyada baş vermiş dəhşətli təbii fəlakət ölkəni sarsıtmışdır. İndi o fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğul olan Yaponiya hökuməti, eyni zamanda,  Azərbaycan ilə dostluq münasibətlərini möhkəmləndirir. Bu stansiyanın tikintisi dostluğumuzun rəmzidir.

Fürsətdən istifadə edərək fəlakət zamanı həlak olmuş bütün insanların xatirəsini yad etmək istərdim. Bildirmək istərdim ki, yapon xalqının bu faciə ilə mübarizədə göstərdiyi cəsarət və mətanət bütün dünyanı heyran etmişdir.

Bu stansiyanın tikintisi Azərbaycanın həyatında çox əlamətdar hadisədir. Çünki bu, inkişafımıza yeni təkan verəcəkdir. Son illər ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülmüşdür. Təkcə son beş il ərzində - 2006-cı ildən bu günə qədər Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir ki, onlardan doqquzu istilik elektrik, ikisi su elektrik stansiyasıdır.

Bu stansiyaların fəaliyyətə başlaması nəticəsində bizim şəbəkəyə 1500 meqavat elektrik enerjisi daxil edilmişdir. Bu, çox böyük rəqəmdir, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bütün ötən dövrlər ərzində Azərbaycanda 4 min meqavata yaxın enerji gücü yaradılmışdır, görmək çətin deyildir ki, beş il ərzində 1500 meqavat gücün yaradılması nə qədər böyük uğurdur və nailiyyətdir.

Bu illər ərzində bütün bölgələrdə modul tipli elektrik stansiyaları tikilmişdir. Beləliklə, biz bölgələrdə və əlbəttə ki, Bakıda enerji qıtlığı problemini əsaslı şəkildə həll edə bilmişik. Yaxşı xatırlayıram, hələ 6-7 il bundan əvvəl qarşıya vəzifə qoymuşdum: Biz elə etməliyik ki, hər bir evdə, hər bir müəssisədə hər bir insan düyməni basıb sutkada 24 saat enerjini almalıdır. Bu gün biz buna nail ola bilmişik. Bu gün belədir və Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, başqa ölkələrə də elektrik enerjisini ixrac edir. Azərbaycan qonşu dövlətlərə elektrik enerjisini nəql edir və getdikcə nəql ediləcək enerjinin həcmi artacaqdır. Bu məqsədlə yeni ötürücü xətlər tikilir. Necə ki, bu gün biz neftimizi, qazımızı, neft məhsullarımızı dünya bazarlarına ixrac edirik, eyni zamanda, elektrik enerjisini də daha da böyük həcmdə dünya bazarlarına ixrac etmək fikrindəyik. Bu illər ərzində yaradılmış enerji potensialımız Azərbaycanın bugünkü inkişaf vəziyyətinə uyğundur. Hətta bizdə istehsal edilən enerji tələb olunan enerjidən daha da çoxdur və beləliklə, ixrac yaranır.

Ancaq biz gələcəyə baxmalıyıq. Ölkəmiz sürətlə inkişaf edir, yeni müəssisələr, yeni sənaye sahələri, böyük texnoparklar yaradılır. Azərbaycanda alüminium sənayesinə böyük investisiyalar qoyulur. Yaxın zamanlarda böyük alüminium zavodu işə düşəcəkdir. Əlbəttə ki, bu sahələr də böyük enerji tələb edir. Metallurgiya sənayesinin inkişafı üçün konkret planlar var və zavodlar tikilir. Müasir neft-kimya kompleksi tikilməkdədir. Beləliklə, enerjiyə olan tələbat daim artacaqdır. Ona görə biz siyasətimizi ölkəmizin ümumi inkişaf strategiyasına uyğun şəkildə qurmalıyıq və qururuq.

Baxmayaraq ki, hazırda kifayət qədər elektrik stansiyalarımız var, yenə də stansiyaların tikintisi böyük əhəmiyyət daşıyır. Növbəti iki il ərzində Azərbaycanda istifadəyə veriləcək yeni stansiyaların hesabına biz əlavə 1300 meqavat elektrik enerjisi əldə edəcəyik. Biz bu rəqəmdən 400 meqavatı "Şimal-2"-dən, təxminən 800 meqavatı isə indi tikilməkdə olan "Cənub" elektrik stansiyasından alacağıq.  Biz digər stansiyaların, o cümlədən su elektrik stansiyalarının tikintisi hesabına əlavə 1300 meqavat enerji alacağıq. Beləliklə, 2006-2013-cü illər ərzində Azərbaycanda yaradılacaq yeni enerji gücü təxminən 3000 meqavata bərabər olacaqdır. Yenə də demək istəyirəm ki, bu, tarixi nailiyyət olacaq. Çünki bütün əvvəlki dövrlə müqayisədə eyni həcmdə enerji cəmi yeddi il ərzində yaradılacaqdır.

Bununla bərabər, bütün bölgələrdə, o cümlədən Bakı şəhərində yeni yarımstansiyalar, ötürücü xətlər tikilir. Otuz min kilometr uzunluğunda ötürücü xətlər tikilmişdir. Biz indi bərpa olunan enerjinin istehsalı ilə çox ciddi məşğuluq. Bizim bütün su ehtiyatlarımızın coğrafiyası müəyyən edilibdir. Xəritələr tərtib edilibdir və bu il, keçən il kiçik çaylarda kiçik su elektrik  stansiyalarının təməl daşı qoyulubdur. Bu proses də geniş vüsət almışdır və biz bu işlərə böyük diqqət göstəririk. Daha da böyük su elektrik stansiyaları tikilir. Misal üçün, Naxçıvanda Biləv, Vayxır su elektrik stansiyaları istifadəyə verilmişdir. İndi Arpaçayda işlər getməlidir. Ordubad, Füzuli, Taxtakörpü, Şəmkirçay su elektrik stansiyaları. Yəni, bu stansiyaların təxmini gücü 20-30 meqavat arasındadır. Bu, imkan verəcək ki, biz bərpa olunan enerji növlərini də inkişaf etdirək.

Azərbaycanın böyük neft-qaz ehtiyatları vardır. Bu ehtiyatlar xalqımıza onilliklər bundan sonra, bəlkə yüz ildən artıq bundan sonra kifayət edəcəkdir. Ona görə də, nəzərə alsaq ki, biz indi bütün enerji sistemimizi yeniləşdirmişik, gələcəkdə Azərbaycanda enerji qıtlığı olmayacaqdır. Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı bütün problemlər artıq öz həllini tapmışdır. Ancaq biz gərək müasir texnologiyalara böyük diqqət göstərək və bərpa olunan enerji növlərinin yaradılması bu məsələlərdə vacib rol oynayır.

Bu yaxınlarda biz Qobustan rayonunda hibrid tipli birinci günəş-külək elektrik stansiyasının açılışını qeyd etdik. Düzdür, bu stansiyanın istehsal gücü o qədər də böyük deyil və böyük də olmamalıdır, 5 meqavat səviyyəsindədir. Ancaq bu, birinci ciddi addımdır. Bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır, ekoloji cəhətdən təmiz texnologiyalardır. Bu, gələcəyə baxışımızdır. Ekoloji məsələlərə gəldikdə, qeyd etməliyəm ki, bu gün Azərbaycanda bir dənə də olsun mazutla işləyən elektrik stansiyası yoxdur. Amma bir neçə il bundan əvvəl stansiyalarımızın demək olar ki, əksəriyyəti mazut rejimində işləyirdi. Həm bu məqsədlər üçün böyük vəsait sərf edilirdi, - indi biz o mazutu emal edirik, yəni yenidən emala verilir, neft və yüngül məhsullar ixrac edilir, - həm də ekologiyamız zərər çəkirdi.

İndi bütün stansiyalar qazla işləyir və bu, ekoloji cəhətdən çox təmiz rejimdir. Ancaq əlbəttə ki, bərpa olunan elektrik stansiyaları ekoloji cəhətdən daha da sərfəli olacaqdır.

Bu gün gözəl bir gündür. Bu gün bu stansiyanın təməl daşının qoyulması gözəl bir göstəricidir, Azərbaycanın inamlı inkişafını göstərir. Ölkəmiz inkişaf edir. Ölkəmizdə böyük infrastruktur layihələri icra edilir. Həm dövlət büdcəsi tərəfindən, həm də xarici tərəfdaşlar tərəfindən maliyyələşdirilən layihələr ölkəmizi gücləndirir. Bizim inkişaf templərimiz sürətlə irəliyə gedəcəkdir. Bu gün bu templər dünya miqyasında ən yüksək templər kimi tarixə düşübdür. Əminəm ki, bütün sahələrdə, o cümlədən energetika sahəsində bundan sonra da böyük uğurlarımız olacaqdır.

Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Əminəm ki, stansiya yaxın zamanlarda və böyük keyfiyyətlə tikiləcək və biz stansiyanın açılışında bərabər iştirak edəcəyik. Sağ olun. 

 

Yaponiyanın Azərbaycandakı səfiri Şusuke VATANABE bu tədbiri Yaponiya-Azərbaycan dostluğu və əməkdaşlığının vacib mərhələsi kimi dəyərləndirərək dedi:

 

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

"Şimal" buxar-qaz elektrik stansiyasının tikintisi layihəsinin ikinci mərhələsinin təməlqoyma mərasimində sizi salamlayıram. Bugünkü tədbir Yaponiya-Azərbaycan dostluğu və əməkdaşlığının vacib bir mərhələsidir. Mən bu gün burada sizinlə birlikdə olmağımdan şərəf duyuram.

Ancaq, əvvəlcə fürsətdən istifadə edərək, zati-aliləri cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti və xalqına dəhşətli Tohoku zəlzələsi və sunamisindən sonra Yaponiyaya göstərdiyi dəstək və həmrəyliyə görə dərin minnətdarlığımı bildirmək istərdim.

Bu gün qarşımızda ölkə iqtisadiyyatının və ümumiyyətlə, cəmiyyətimizin yenidən qurulması məqsədi durur. Bizim o dəhşətli faciədən çıxardığımız nəticə odur ki, coğrafi məsafələrə baxmayaraq, hamımız "bir gəmidəyik". Bu isə, o deməkdir ki, qlobal cəhətdən vacib olan məsələləri yalnız birlikdə həll edə bilərik. Özümüzün və gələcək nəsillərin firavanlığını təmin etmək üçün bir-birimizə yardım göstərməliyik.

Biz artıq Azərbaycanda elektrik enerjisi istehsalı ilə bağlı iki layihə həyata keçirmişik. Bu, bizim bu sahədə olan üçüncü birgə əməkdaşlığımızdır. Əminəm ki, bu layihə də uğurlu olacaq, nəticədə Bakı və Abşeron yarımadası əhalisinin enerji ilə təminatı daha da yaxşılaşdırılacaqdır.

Ümummilli lider Heydər Əliyev qeyd etmişdir ki, elektrik enerjisi sahəsi Azərbaycanda xüsusi rol oynayacaqdır. Biz çox şadıq ki, bu sahədəki əməkdaşlığımızın nəticəsində insanların gündəlik həyatı daha da yaxşı olacaqdır.

Sonda Azərbaycanın sürətli inkişaf dövründə onun dostu və tərəfdaşı olmağımızla fəxr etdiyimizi vurğulamaq istərdim.

 

Təşəkkür edirəm.  

 

***

 

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

***

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

  AzərTAc

 

 Azərbaycan.-2011.-22 sentyabr.-S.1-2.