Nazirlər Kabinetinin
iclasında 2012-ci il və sonrakı üç il
üçün dövlət büdcəsinin və icmal büdcənin
layihələri müzakirə edilmişdir
Sentyabrın
21-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası
keçirilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AzərTAc-a verilən məlumata görə, iclasda 2012-ci il və
sonrakı üç il üçün dövlət büdcəsinin
və icmal büdcənin layihələri, Azərbaycan
Respublikasının 2012-ci il və gələn üç il
üzrə iqtisadi və sosial inkişaf konsepsiyası
müzakirə edilmiş, həmin dövr üçün
proqnoz göstəriciləri dinlənilmişdir.
2012-ci il üçün dövlət
büdcəsinin layihəsi "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanununa,
ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına
uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkədə ardıcıl olaraq əhalinin maddi
rifah halının yaxşılaşdırılmasına
yönələn sosial-iqtisadi siyasətin davam etdirilməsi,
dünya iqtisadiyyatında gözlənilən meyillər və
müşahidə olunan qlobal maliyyə böhranı şəraitində
iqtisadiyyatda əldə olunan nailiyyətlərin qorunub
saxlanması və inkişafı nəzərə alınmaqla
tərtib edilmişdir.
Layihə hazırlanarkən Azərbaycan
dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə
müvafiq büdcənin sosial və investisiya yönümlü
olmasına, əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin
müdafiə potensialının, iqtisadi qüdrətinin
artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsinə, sahibkarlığın
inkişafına dəstək verilməsinə, məqsədli
dövlət proqramlarının maliyyələşdirilməsinə
və digər mühüm cəhətlərə xüsusi
diqqət yetirilmişdir.
2012-ci il dövlət və icmal büdcələrinin
gəlir və xərclərinin artım sürətinə
ümumiqtisadi tarazlıq və dövlətin əsas
funksiyalarının təmin olunması prinsiplərinə əsaslanaraq
yanaşılmışdır. 2012-ci il dövlət
büdcəsinin gəlirləri
16 milyard 436 milyon 400
min manat təşkil edir. Xərclər hissəsi isə
16 milyard 984 milyon 400
min manat proqnozlaşdırılmışdır.
Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində
nəzərdə tutulur.
Növbəti ilin dövlət
büdcəsinin sosial
yönümlüyü və
investisiya xarakterli olması təmin edilmişdir. Məqsədli dövlət proqramlarının
və tədbirlərin
maliyyə təminatı
üçün xərcləri
nəzərə almaqla
yanaşı, elm, təhsil,
səhiyyə, mədəniyyət,
ekologiya, kənd təsərrüfatı, sosial
təminat, sosial müdafiə və digər sahələr üzrə xərclər artmışdır.
Konsepsiya və
proqnozların hazırlanması
prosesində 2011-ci ilin
gözlənilən yekunları
və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti
dövlət orqanlarının,
iri müəssisələrin
təklifləri, eləcə
də ölkə iqtisadiyyatının davamlılığının
təmin edilməsi şərtləri və gələcək inkişafa
təsir edə biləcək bir sıra xüsusiyyətlər,
o cümlədən inflyasiya
meyilləri, neftin dünya qiymətinin dəyişkənliyi və
digər faktorlar nəzərə alınmışdır.
2012-2015-ci illər üçün əsas makroiqtisadi göstəricilərin
proqnozları, o hazırlanarkən
beynəlxalq təşkilatların,
bank və maliyyə qurumlarının proqnozları,
o cümlədən Beynəlxalq
Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının
proqnozları və bu proqnozlara təsir edə biləcək amillər təhlil edilmişdir. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların
Azərbaycan iqtisadiyyatının
inkişaf tempi ilə
bağlı proqnozları
artan istiqamətdədir.
Müzakirələrə çıxarılan əsas
makroiqtisadi göstəricilərin
proqnozlaşdırılması məqsədi ilə
2012-ci il üçün
ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft
sektoruna aid hissəsi
8,6 faiz, neftin bir barelinin dünya
bazar qiyməti 80
dollar, inflyasiyanın səviyyəsi
isə 6 faiz həcmində nəzərdə
tutulur.
Nazirlər Kabinetinin iclasına yekun vuran Baş nazir Artur Rasizadə
qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə təməli qoyulmuş və hazırda Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində
əldə olunan nailiyyətlər Azərbaycanın
gələcəkdə də
siyasi, iqtisadi, sosial, mədəni sahələrdə və beynəlxalq münasibətlərdə
daha böyük uğurlar əldə edəcəyinə əminlik
yaradır.
İclasın sonunda Azərbaycan
Respublikasının 2012-ci il üçün dövlət
büdcəsi layihəsinin və digər müvafiq sənədlər
zərfinin ölkəmizin Prezidentinə təqdim olunması
barədə qərar qəbul edilmişdir.
Azərbaycan.-2011.-22
sentyabr.-S.2.