Ərzaq Təhlükəsizliyinin Monitorinq Sisteminin Azərbaycanda tətbiqinə
dair müzakirələr aparılır
Sentyabrın
21-də Bakıda BMT-nin Dünya Ərzaq Proqramının (DƏP)
təşkilatçılığı ilə "Ərzaq Təhlükəsizliyinin
Monitorinq Sisteminin (ƏTMS) təqdimatı və tətbiqi"
mövzusunda ikigünlük seminar öz işinə
başlamışdır.
AzərTAc xəbər verir ki,
seminarın açılışında Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov,
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət
Akçura, DƏP-in ölkəmizdəki nümayəndəliyinin
rəhbəri Fuad Hüseynov mövzunun əhəmiyyətindən
və vacibliyindən danışmışlar.
Əli Həsənov diqqətə
çatdırmışdır ki, Azərbaycanda məcburi
köçkünlər də daxil olmaqla əhalinin aztəminatlı
təbəqələrinin ərzaq təhlükəsizliyi və
sosial təminat sistemlərinin vəziyyətinin qiymətləndirilməsi,
DƏP-in ölkədəki gələcək rolu və fəaliyyəti
ilə bağlı iki missiya cari ilin əvvəllərində
Azərbaycanda səfərdə olmuş, məsləhətləşmələr
aparmışlar. Missiyaların rəyinə görə,
artıq dünyanın 30-dan çox ölkəsində təcrübədən
keçmiş və öz yüksək səmərəliliyini
nümayiş etdirmiş ƏTMS-in Azərbaycanda da tərtib və
tətbiq olunması, DƏP-in qlobal şəbəkəsinə
qoşulması tövsiyə edilmişdir. Bu mexanizm vasitəsilə
müxtəlif kontekstdə ərzaq təhlükəsizliyinin
vəziyyətini müntəzəm surətdə təhlil edərək
bu sahədə ehtimal oluna biləcək problemlərin əvvəlcədən,
vaxtında qarşısını almaq mümkündür.
Baş nazirin müavini Dağlıq
Qarabağ probleminə də toxunmuş, bir milyondan çox
soydaşımızın qaçqın və məcburi
köçkün vəziyyətinə
düşdüyünü xatırlatmış, Ermənistanın
hələ də öz işğalçılıq siyasətindən
əl çəkmədiyini və mötəbər beynəlxalq
təşkilatların qəbul etdiyi sənədlərə məhəl
qoymadığını təəssüf hissi ilə qeyd
etmişdir.
Seminarda Ərzaq Təhlükəsizliyi
Monitorinq Sisteminin ətraflı təqdimatı, digər
ölkələrdə bu sahədə qazanılmış təcrübənin
öyrənilməsi və nəzərdən keçirilməsi,
sistemin Azərbaycanda da mümkün tətbiqinə dair
müxtəlif hökumət qurumlarını təmsil edən
nümayəndələrlə fikir mübadiləsi
aparılır.
Seminarda mövzu ilə bağlı təqdimatlar
olmuş, müzakirələr aparılmış, təklif və
tövsiyələr səsləndirilmişdir.
Tədbirdə DƏP-in ekspertləri,
aidiyyəti nazirliklər və dövlət komitələrinin
nümayəndələri iştirak edirlər.
Azərbaycan.-2011.-22
sentyabr.-S.2.