Azərbaycan Milli
Məclisinin Sədri Türkiyədə rəsmi səfərdədir
Sentyabrın 21-də
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri Oqtay Əsədovun
başçılıq etdiyi nümayəndə
heyəti Türkiyə Böyük Millət
Məclisinin sədri Cəmil Çiçəyin dəvəti
ilə Ankaraya rəsmi səfərə gəlmişdir.
Milli Məclisin Sədri və nümayəndə
heyətinin üzvləri Ankarada Türkiyə
Cümhuriyyətinin banisi Mustafa
Kamal Atatürkün
Anıtqəbirdəki mavzoleyini ziyarət
etmişlər.
Azərbaycan parlamentinin Sədri Mustafa Kamal Atatürkün xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə əklil
qoymuşdur. Milli Məclisin
Sədri buradakı İstiqlaliyyət Muzeyi
ilə də tanış olmuş, fəxri
qonaqlar kitabına ürək sözlərini
yazmışdır.
Sonra Türkiyə Böyük
Millət Məclisində Oqtay Əsədov
və Cəmil Çiçək arasında təkbətək
görüş keçirilmişdir.
Parlamentlərin
sədrləri heyətlərarası görüşdə mətbuat
üçün bəyanatlarla
çıxış etmişlər.
Azərbaycan Milli Məclisinin Sədri Oqtay
Əsədov Cəmil Çiçəyi və yeni parlamentin
deputatlarını təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar diləmişdir.
Türkiyəyə
hər səfəri zamanı böyük
inkişafın şahidi olduğunu
qeyd edən Oqtay Əsədov
qardaş ölkənin dünya
dövlətləri arasında iqtisadi inkişaf göstəricilərinə görə
15-ci yerə yüksəlməsindən məmnunluğunu bildirmişdir. Ulu öndərlər - Mustafa Kamal Atatürk və Heydər
Əliyevin vəsiyyətlərinə uyğun
olaraq uğurla inkişaf edən ikitərəfli əlaqələrimizdə
qarşılıqlı səfərlərin əhəmiyyətini
vurğulayan Milli Məclisin
Sədri bildirmişdir ki,
bu səfərlər zamanı 156 dövlətlərarası
və hökumətlərarası sənəd
imzalanmışdır. Bütün sahələrdə
əməkdaşlığımızın daha
da möhkəmlənməsi üçün hüquqi
baza yaradılmışdır. İndi Türkiyə və Azərbaycan
arasında əməkdaşlıq olmadan regionda heç bir layihə həyata keçirilə bilməz.
Oqtay Əsədov 2008-ci ildə
yaradılmış Türkdilli Ölkələrin
Parlament Assambleyasının (TürkPA) fəaliyyətini də yüksək
qiymətləndirmiş, bu təşkilatın
artıq beynəlxalq qurumlar arasında nüfuzunun yüksəldiyini söyləmişdir.
O, Türkiyə və Azərbaycan parlamentlərinin
TürkPA-nın fəaliyyətinə dəstəyini bundan sonra da
əsirgəməyəcəyinə inamını ifadə etmişdir.
Türkiyə
və Azərbaycan deputatlarının beynəlxalq təşkilatlarda
bir-birini dəstəklədiklərini diqqətə
çatdıran Oqtay Əsədov demişdir ki, Azərbaycanın
ən ağrılı məsələsi olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində qardaş
ölkə hər zaman bizim
haqlı mövqeyimizi dəstəkləmişdir. Biz inanırıq ki, qardaş Türkiyənin də dəstəyi
ilə tezliklə torpaqlarımızın işğalına son qoyacağıq.
Milli Məclisin Sədri bildirmişdir
ki, 125 deputatdan ibarət
Azərbaycan parlamentində ən çox
üzvü olan Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq qrupudur. Dostluq
qruplarının səlahiyyətlərinin
artırılması, Ankarada və
Bakıda onların geniş
toplantılarının keçirilməsi məqsədəuyğundur.
Ankarada törədilmiş terror aktı nəticəsində
həlak olanların ailələrinə başsağlığını
da çatdıran Oqtay
Əsədov demişdir ki,
Azərbaycan da uzun
müddətdir erməni terrorundan əziyyət
çəkir. Ölkəmizin bütün
məsələlərdə Türkiyənin mövqeyini
dəstəklədiyini
diqqətə çatdıran Milli Məclisin Sədri xatırlatmışdır
ki, 2010-cu ildə Aralıq dənizində
baş vermiş hadisə
zamanı Prezident İlham
Əliyev qardaş ölkənin
haqsızlığa məruz qaldığını bildirmişdi.
Türkiyə
Böyük Millət Məclisinin sədri
Cəmil Çiçək demişdir ki, Türkiyə ilə Azərbaycan
arasında əlaqələr təkcə dövlətlərarası
münasibətlərlə deyil, həm də
xalqlarımız arasında dostluq və
qardaşlıq ilə səciyyələnir. Bu baxımdan,
ikitərəfli dostluq və
qardaşlıq əlaqələrimiz digər dövlətlərlə
münasibətlərdən fərqlənir. Türk
dünyasının dahi şəxsiyyəti
Heydər Əliyevin də ifadə etdiyi kimi, bu, "bir millət, iki dövlət"
arasında qardaşlıq telləridir.
Türkiyə parlamentinin sədri vurğulamışdır ki, dövlətlərimizin
başçılarının və baş
nazirlərin ən çox
qarşılıqlı səfərləri Türkiyə ilə
Azərbaycan arasında həyata keçirilir.
Türkiyədə yeni seçilmiş
Prezident və Baş
nazirlərin ilk səfərlərini Azərbaycana
və Kiprə etməsi də ənənəyə çevrilmişdir. Bu, Azərbaycanın
Türkiyə üçün nə qədər
mühüm ölkə olduğunu
göstərir. İnanıram ki, parlament sədrlərinin
qarşılıqlı səfərləri və
görüşləri də bu əlaqələrə
töhfə verəcəkdir.
Türkiyənin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsini öz problemi kimi gördüyünü
vurğulayan Cəmil Çiçək demişdir ki, biz Azərbaycan torpaqlarının
işğalına tez bir
zamanda son
qoyulmasını istəyirik. Türkiyə parlamentində Azərbaycanda
törədilmiş qətliamlarla bağlı məsələlər
gündəliyə salınır. Hər il
dekabrın 10-da İnsan Haqları Günü mənim
çıxışımda Dağlıq Qarabağ
məsələsində Azərbaycanın ədalətli mövqeyi yer alır. Siyasi partiyalar da bu problemi
daim gündəlikdə saxlayırlar.
Azərbaycanın
da Türkiyənin problemlərinin həllini
dəstəklədiyini söyləyən Cəmil
Çiçək bildirmişdir ki, Prezident İlham
Əliyevin Baş nazir
Rəcəb Tayyib Ərdoğanla son görüşü
zamanı PKK-nı terror təşkilatı
elan etməsi Türkiyəni məmnun etmişdir.
Cəmil
Çiçək demişdir ki, Türkiyə parlamentində 550 deputatın
hər biri özünü Azərbaycan ilə dostluq qrupunun üzvü hesab edir. Yaxın zamanlarda
əməkdaşlığın daha da gücləndirilməsi, Türkiyə və
Azərbaycan deputatlarının paytaxt
şəhərlərdə toplantılarının
keçirilməsini təklif edən Türkiyə parlamentinin sədri oktyabrın 1-də
açılacaq payız sessiyası zamanı bu
məsələlərin müzakirə olunacağını
söyləmişdir.
Görüşdə
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç, Milli Məclisin deputatları Eldar
İbrahimov, Əhliman Əmiraslanov, Sahibə
Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil
Əliyev, Hacı Salayev, Fazil
Mustafa, Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə parlamenti sədrinin müavini
Məhmət Sağlam, deputat
Haluk İpək və digər rəsmi
şəxslər iştirak etmişlər.
Görüşdən
sonra Milli Məclisin Sədri
Oqtay Əsədov Ankaradakı Anadolu Mədəniyyətlər Muzeyini gəzmişdir.
Sonra Cəmil Çiçəyin
adından azərbaycanlı həmkarı Oqtay
Əsədovun şərəfinə ziyafət təşkil olunmuşdur.
Milli Məclis Sədrinin Türkiyəyə
səfəri davam edir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2011.-22
sentyabr.-S.3.