Azərbaycan ilə Bolqarıstan
arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığı
genişləndirmək üçün potensial imkanlar
mövcuddur
Ölkəmizdə
səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və
turizm naziri Trayço Traykov sentyabrın 21-də mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki,
görüşdə Azərbaycan ilə Bolqarıstan
arasında müxtəlif sahələrdə,
o cümlədən turizm
sektorunda əməkdaşlığın genişləndirilməsi
məsələləri müzakirə olunmuşdur.
Nazir Ə.Qarayev
son illər ölkəmizdə keçirilən genişmiqyaslı
beynəlxalq festivallar, forumlar
haqqında qonağa məlumat vermişdir. Bu il aprelin 7-dən
9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda Bolqarıstan nümayəndə heyətinin fəal
iştirakını vurğulayan
Ə.Qarayev, yaxın vaxtlarda ölkəmizdə Bolqarıstan
Mədəniyyət günlərinin keçiriləcəyini
diqqətə çatdırmışdır. O, turizm sahəsində əməkdaşlığı
daha da genişləndirmək məqsədilə Bolqarıstanda fəaliyyət
göstərən turizm şirkətlərini hər ilin aprel
ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisinə dəvət etmişdir.
Tədbirdə Bolqarıstanın zəngin
turizm potensialına malik olduğu, burada qış turizminin
yaxşı inkişaf etdiyi, həmçinin iki ölkə arasında müxtəlif sahələr, o
cümlədən turizm sahəsi üzrə təcrübə
mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.
T.Traykov ölkəsinin turizm
potensialı barədə ətraflı məlumat vermiş,
Bolqarıstanın Azərbaycan ilə əməkdaşlığa
hazır olduğunu, qarşılıqlı əlaqələri genişləndirməyin hər iki
tərəfə fayda gətirə biləcəyini söyləmişdir.
Bakıda keçirdiyi yüksək səviyyəli
görüşlərdən danışan qonaq bu
görüşlərin ölkələrimiz üçün səmərəli olacağına,
ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə
əminliyini ifadə etmişdir.
Bolqarıstan nümayəndə heyətinin
sentyabrın 22-də Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan
biznes forumunda iştirak etmək üçün ölkəmizə
gəldiyini deyən T.Traykov həmin tədbirə qatılmaqdan
məmnunluq duyduğunu bildirmiş, səmimi görüş
üçün minnətdarlığını
çatdırmışdır.
Azərbaycan.-2011.-22
sentyabr.-S.3.