Təşəbbüs və təcrübə
uğur gətirir
İnkişafın
üfüqləri
Son onillikdə Azərbaycanın yaxın çevrə
ölkələrini heyran qoyan
inkişafı, sosial-iqtisadi həyatın
rəqabətədavamlılıq indeksinin
durmadan artması, heç
şübhəsiz, ölkədə güclü
milli-daxili resurslarla
yanaşı, zəngin xarici təcrübənin
də iştirak faktoru
ilə izah edilə bilər. Prezident İlham Əliyev həmişə milli özgünlüyü,
mentaliteti, koloriti qoruyub saxlamaq şərtilə
mütərəqqi Qərb-Şərq ənənələrindən
fəal şəkildə barınmağı təqdir etməklə
qalmamış, məmurları öz fəaliyyətlərində
fərqli təcrübələrə daha
yaradıcı münasibət bəsləməyə,
müsbət nümunələrdən bəhrələnib təqdir
etməyə çağırmışdır.
Rayon icra hakimiyyəti
başçılarının Avropa və
Şərqin ən inkişaf etmiş ölkələrinə ezam edilməsi təşəbbüsü də
cənab Prezidentin belə bir
yenilik istəyindən irəli gəlmişdir.
Bu il iyunun
18-26-da Şirvan, Ağdaş,
Babək, Ucar, Göyçay,
Göygöl, Sabirabad,
Samux və Zərdab Rayon
İcra Hakimiyyəti başçıları İspaniyada səfərdə olmuşlar.
Onlardan biri - Ucar Rayon İcra
Hakimiyyətinin başçısı Yaşar
Məmmədovdan səfər təəssüratlarını
bölüşməsini xahiş etdik:
- İşlədiyim
müddətdə bu, ikinci
belə ezamiyyətim idi. Hələ
Almaniya səfərindən bilirdim ki,
qarşımızda qoyulan əsas məqsəd
dünyaya yeni gözlə,
fərqli baxışla baxmaq, gördüyümüz müsbət işləri,
tanış olduğumuz pozitiv təcrübəni gətirib rayonda tətbiq etməkdən ibarətdir.
Prezident
Administrasiyasının Regional idarəetmə
və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin
hər bir incə məqamınadək
hazırladığı həmin səfərlər, hesab edirəm ki, aktual olmaqla yanaşı,
həm də çox səmərəlidir.
Çünki başçılar həmin
səfərlərdən əliboş qayıtmırlar. Rayon ərazisində aparılan hər bir işdə gördüklərimizin bu və ya digər şəkildə
təcəssümü vardır. Elə ezamiyyət
öncəsi qrupumuzun üzvlərini qəbul
edən Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev də
nümayəndə heyətinə uğurlu
yol arzulamazdan öncə
dəyərli məsləhət və tövsiyələrini verdi, uzaq İspaniyada
ölkəmizin məmur korpusunu təmsil
edəcəyimizə görə üzərimizə ciddi məsuliyyətin düşdüyünü
xatırlatdı. Tək elə cənab Ramiz
Mehdiyevin bu səfərlərə
belə diqqət ayırması onların əhəmiyyəti
barədə fikir söyləməyə əsas
verir.
Ispaniya səfərimzin proqramı çox
zəngin idi və onun
işgüzar məcrada keçməsi, bizim üçün maksimum faydalı olması, səmərəli
təcrübə mübadiləsinə çevrilməsi üçün qrupumuzu rəhbəri,
Administrasiyanın Regional idarəetmə və
yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsi
müdirinin müavini Rəhim Məmmədovun və bu ölkədəki səfirliyimizin zəhməti
xüsusi qeyd
olunmalıdır.
Madrid şəhəri ilə
tanışlıq gəzintisindən sonra
bizi paytaxt
meriyasının Beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Vinuesa Vidal qəbul etdi. Görüş zamanı son dərəcə
möhtəşəm "Madrid
çayı" layihəsi barədə məlumat verildi, görülmüş
işlərlə əyani tanışlıq imkanı
yaradıldı. Mansanares çayı boyunca uzanan dairəvi avtomobil yolunun bir hissəsinin yeraltı tunelə
keçirilməsindən sonra yaranan və içində istirahət
zonalarının, abidələrin, idman qurğularının, 25 mindən
artıq ağacın əkildiyi yaşıllıq sahələrinin
olduğu və şəhərin altı rayonunu əhatə etməklə 10 kilometrdən
artıq uzanan 694 hektarlıq rekreasiya-park zonası, doğrudan
da, dünya
miqyasında unikal layihə sayıla bilər.
Sonra İspaniyanın ən böyük məişət
tullantılarının emalı zavodu olan "Valdeminqomez"də olduq.
Müəssisənin rəhbəri Miryam Sançez Porcel texnoloji parkın iş təcübəsi
barədə məlumat verdi. Sonra istehsalı göstərdilər. Bu müəssisədə emal
nəticəsində yaranan "xammal"dan müxtəlif
istehlak malları istehsal
edirlər.
Azərbaycanda bu məsələ həmkarlarım kimi, mənim də ağrılı yerimdir. Belə ki, istənilən
yaşayış məntəqəsi haqqında ilk təəssüratı oranın təmizliyi
yaradır. Həmin şəhərin, yaxud kəndin insanları, onların səliqə-sahmanı,
yerli idarəetmə orqanlarının
işə vicdanlı münasibəti və nəhayət,
hamısının birlikdə o məkana
məhəbbəti məhz bu nöqtədə
özünü göstərir. Rayonda zibilin
yığılması, daşınması və utilləşməsi
işi ilə kommunal
təsərrüfatı birliyi məşğul
olur. Bir xeyli ixtisaslaşmış maşın və konteyner almışıq. Təmizlik mədəniyyətin
bir hissəsi olduğu
üçün bu vərdişin
əsası evdə, ailədə, məktəbdə qoyulur. Buna görə də
təbliğat-maarif işinə xüsusi
vurğu edirik. Rayonumuz Bakı-Gəncə yolunun
üstündə yerləşir. Bu yolla respublikamızın qonaqları, turistlər
də gedirlər. Təəssüflər olsun
ki, aramızda hələ də nəyisə
yeyib qalığını, su içib qabını
maşının pəncərəsindən tullayanlar
tapılır. Amma
- yol mədəniyyətdir! - deyiblər,
axı. Beş-üç adamın da pintiliyi xalq
haqqında yanlış fikir yarada bilir. Məsələn,
Valyadolid şəhərində
meriyanın beynəlxalq əlaqələr üzrə baş müşaviri Fernando Rubio Ballestero şəhər təsərrüfatının
müxtəlif istiqamətləri barədə məlumat verərkən
məişət tullantılarının
yığılması sahəsində yaranmış iş təcrübəsi hamımızın
marağına səbəb oldu. Artıq biz də bu sahədə öz, belə deyək, fəaliyyət modelimizi yaratmışıq. Müvafiq
ərazi nümayəndəlikləri hər gün
yol boyu atılan zibillərin
yığılmasını təşkil edirlər. Yol idarəsində
məxsusi təhkim edilmiş adamlar gündə bir
neçə dəfə velosipedlə ona
həvalə olunmuş yola
baxış keçirir, vurulmuş
heyvan cəsədi və ya
başqa bir hadisə oldumu, qeydlərini aparır və onun çağırışı ilə Yol İdarəsinin işçiləri gəlib
məsələni yoluna qoyurlar.
İspaniyada səfər proqramımız çox rəngarəng idi.
Məsələn, Alcala de Henares şəhərində
meriyanın irs üzrə mütəxəssisi
Viçente Perez bizə
şəhərin tarixi və görməli
yerləri barədə, mədəniyyət məsələləri
üzrə rəsmisi Raquel Ruiz isə mədəniyyət siyasəti, bu xətlə təşkil olunan
tədbirlər və proqramlar barədə
məlumat verdi.
Valyadolid isə deyilənə görə,
Avropanın ən təmiz şəhərlərindəndir. Burada yaddaqalan görüşlərimiz oldu. Qrupumuzun üzvlərini şəhərin meri,
beynəlxalq əlaqələr üzrə baş
müşaviri qəbul etdi.
Şəhərin nəqliyyat sistemi,
yaşıllaşdırma məsələləri barədə
qarşılıqlı fikir və təcrübə
mübadiləsindən sonra bu şəhərdə istehsalı nəzərdə
tutulan elektromobil və
"Davamlı şəhər" layihələrinin təqdimatı
keçirildi. Bərpa olunan
enerji mənbələri vasitəsilə özünü işıqla təmin edən
"Millenium" meydanı barədə həmin
layihəni hazırlayıb həyata keçirmiş
"Dad Aqruitectura"
şirkətinin memarlarının söhbəti hamımız
üçün maraqlı oldu. Bərpa olunan enerji məsələsi bu
gün alternativ enerji mənbəyi kimi bütün dünyada aktual olduğu üçün hamımızın diqqətini
cəlb etdi.
Qızılqumlu
sahilləri Atlantik okeanı və
Aralıq dənizinin suları ilə yuyunan
İspaniya həm də böyük
turizm ölkəsidir. Buna
görə də səfər proqramında turizmlə
bağlı görüş və tədbirlər
çoxluq təşkil edirdi.
Bu
ölkənin turizm sənayesini yüksək
xidmət və inkişaf etmiş
infrastruktur fərqləndirir. İspan Pireneyi alpinizm, dağ xizəyi, velosiped idmanı və digər aktiv istirahət növləri üçün
ideal şəraiti olan
nəhəng beynəlxalq turizm bölgələrindəndir.
Alcala de Henaresdə
olarkən bizi
şəhərin Turizm ofisinin direktoru Karmen Herrarez qəbul edərək
əldə etdikləri uğurlardan
danışdı, şəhərin görməli yerləri, o cümlədən məşhur ispan yazıçısı M.Servantesin
ev-muzeyi ilə tanış etdi. Daha sonra
tərəflər arasında kiçik
şəhərlərdə turizmin
inkişafı mövzusunda faydalı fikir mübadiləsi aparıldı.
Paytaxt Madriddə ən maraqlı tədbirlərdən
biri "Sanjose"
şirkətinin prezidenti ilə görüşümüz oldu.
Sonra bu məşhur şirkətin Azərbaycan-Tükiyə
üzrə direktoru Arash
Ertesami şəhər infrastrukturunun
inkişafındakı ən son
texnologiyaların və dəyəri 13,5 milyard
avro olan layihənin təqdimatını
keçirdi. Şirkət tərəfindən
tikilib istifadəyə verilmiş
və ölkənin ən böyük
ticarət-əyləncə mərkəzlərindən
sayılan "Alcala Norte"
ilə tanışlıqdan sonra
sözügedən təcrübənin Azərbaycanın
regionlarında tətbiq edilməsi barədə ekspertlərlə
fikir mübadiləsi aparıldı.
İspaniyanın
ikinci ən böyük
şəhəri Barselonaya səfərin
gündəliyi də həm işgüzar
görüşlər, həm də eyniadlı məşhur futbol klubunun vətənini
gəzib görmək baxımından zəngin oldu. Dəniz sahilində yerləşən bu şəhər çox
təmiz və yaşıl idi. İlk görüşümüz
şəhərin bütün su sistemini idarə edən
"Agbar" su
şirkətində oldu. Burada mütəxəssislər
tərəfindən şəhərin su sisteminin idarə olunması, nəzarət sistemi, o cümlədən
çirklənmiş suların emalı və yenidən
istifadəsi prosesi, tətbiq olunan müasir texnologiyalarla bağlı yetərincə məlumat
aldıq. İspaniya ərazisinin 60 faizə
yaxını quraqlıqdır. Ona
görə də ölkədə su problemi həmişə aktual
olmuşdur. Məsələ bundadır ki, şimal rayonlarında su həmişə bol olsa da, Aralıq dənizi
və mərkəzi rayonlar su qıtlığı ilə
qarşılaşırlar.
Su məsələsi Ucar
rayonunda da kəskinliyi
ilə seçilən problemlərdəndir. Suyumuz
Göyçay rayonunun
ərazisində qazılmış artezianlardan
gəlir. Çoxdan çəkildiyi üçün borular tez-tez sıradan çıxır, bir yerini yamayanda
o biri tərəfindən
sızır. Hazırda bir neçə həftədir
ki, Türkiyə, şirkəti bizdə
işə başlayıb, il yarım ərzində
kanalizasiya və su sistemini yenidən quracaqlar.
Bu layihə rayon mərkəzi
və bitişik iki kəndi
su ilə fasiləsiz təmin etməyə
imkan verəcək. Digər bir mənbə kimi Göyçay və Türyançayın suyundan istifadə edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 10 kənddə sutəmizləyici
qurğular nəzərdə tutulub, beşi artıq fəaliyyət
göstərir.
İspaniyada xırda fermer
təsərrüfatlarının inkişafına ciddi fikir verirlər. Yol boyu üzüm,
zeytun plantasiyaları uzanırdı. Əkin
mədəniyyətləri nümunəvidir. Biz
də rayonda bu seqmenti inkişaf etdirməklə
aqrar sahənin irəliləyişinə nail olmaq fikrindəyik.
Bu gün şəhərin
bütün mərkəzi küçələrində
böyük quruculuq,
təmir-bərpa işləri aparılır. Yaxın bir-iki ayda həmin işləri
tamamlayandan sonra şəhərimizi
tanımayacaqsınız. "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
aparılan işlər son illər
Ucarın simasını əhəmiyyətli dərəcədə
dəyişmişdir. Həmin proqram
görüləcək işlərin konturlarını müəyyənləşdirdiyi
kimi, öhdəliklərimizi, məsuliyyətimizi
də yaddan çıxarmağa qoymur, bizi daim
start vəziyyətində saxlayır. Və
belə hesab edirəm ki,
cənab Prezidentin təşəbbüsü
ilə icra başçılarının
xarici ölkələrə ezam edilməsi nəticə etibarilə hər
bir rayonun timsalında
respublikada aparılan geniş
quruculuq işlərinə sanballı
töhfəsini verməkdədir.
* * *
İyunun ilk günlərində Lənkəran
şəhər, Lerik, Masallı, Nərimanov, Qaradağ,
Neftçala və Şamaxı rayon İcra hakimiyyəti
başçılarından ibarət qrup Prezident İlham Əliyevin
şəhər və rayonlarda abadlıq-quruculuq işlərinin
milli memarlıq ənənələrinə və müasir tələblərə
uyğun olaraq daha yüksək zövqlə aparılması,
xarici ölkələrdə bu sahədə olan müsbət
təcrübənin öyrənilməsi məqsədilə
Avstriya Respublikasında olmuşdur.
Qrupun üzvlərindən Qaradağ RİH-in
başçısı Süleyman
Mikayılov Avstriya səfərinin də çox maraqlı, təcrübə
baxımından öyrədici və əhəmiyyətli olduğu qənaətindədir:
- Səfərlərin
əhəmiyyətindən söhbət düşmüşkən,
bir vacib məqamı xüsusi vurğulamaq istərdim.
Olduğumuz hər bir
ölkədə, hər bir şəhərdə
keçirdiyimiz ən müxtəlif səviyyəli
görüşlərdə qarşı tərəf də Azərbaycan
haqqında kifayət qədər məlumat alır. Heç şübhəsiz, qəzet, internet, müasir informasiya resursları istənilən ölkə
haqqında qədərincə məlumat verməyə qadirdir. Ancaq canlı
ünsiyyətin, təmasın verdiyi informasiya öz səhihliyi
və başlıcası, səmimiliyi ilə fərqlənir ki, bu da
az əhəmiyyətli sayılan məsələ
deyil. Götürək elə bu ilin iyunundakı Avstriya səfərimizi. Vyana,
Lints, Ayzenştadt
meriyalarında, bu ölkənin İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin turizm bölməsində,
paytaxt meriyasının Mədəniyyət
və Elm komitəsində, Yuxarı Avstriya Şurasında, Burqenland
Federal əyalətində çox
yaddaqalan görüşlərimiz oldu. Onların hər birində
nümayəndə heyəti adından Prezident
Administrasiyasının Regional idarəetmə
və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin
məsul işçisi Mikayıl Hüseynov çıxış edərək
Azərbaycan haqqında, ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında aparılan
quruculuq işləri, sosial-iqtisadi inkişaf,
sahibkarlığa qayğı və investisiya
mühiti barədə ev
sahiblərinə dolğun məlumat verdi, Ermənistanın
işğalçılıq siyasətinin nəticəsi kimi Dağlıq Qarabağ
münaqişəsindən, müharibənin humanitar
fəsadlarından bəhs etdi. Bunun özü də bir təbliğat vasitəsidir. Azərbaycanı,
onun imkanlarını, prioritetlərini
tanıtmağın təsirli üsuludur.
Ölkəmizin
Vyanadakı səfirliyində keçirilən
görüşdə diasporumuzun nümayəndələri,
bu ölkədə təhsil alan tələbələr iştirak
etdilər. Burada səfirlik və diasporun fəaliyyəti, qarşıda duran vəzifələr barədə işgüzar söhbət getdi.
Qaldırılan məsələlərin əhəmiyyətini
bir ay sonra
Bakıda keçirilən Dünya Azərbaycanlılarının
Qurultayında ölkə Prezidenti cənab
İlham Əliyevin proqram
xarakterli çıxışını
dinləyərkən bir daha
anladım.
Azərbaycan-Avstriya
Ticarət Palatasında keçirilmiş
görüşdə bu təşkilatın
üzvü, biznesin
inkişafı üzrə direktor Niqlas Şmidmayer Avstriya şirkətlərinin Azərbaycandakı
fəaliyyəti, perspektivləri və imkanları barədə
danışdı. "Göy laquna" tikinti layihəsinin
hazır evlər mərkəzi ilə tanışlıq həmkarlarım üçün
də çox maraqlı oldu.
Mərkəzin rəhbəri Erik Benişek mikro qəsəbənin
layihəsində istifadə olunan müasir bağ evlərinin
texnologiyası, istifadə olunan materiallar, həmçinin burada
tətbiq olunan müasir
enerji avadanlıqları və sistemləri
barədə geniş məlumat verdi.
Fərdi
tikinti məsələsi insanların öz mənzil şəraitini daha
da yaxşılaşdırmaq və
ölkədəki sabitqədəm inkişaf
meylinin ən bariz
göstəricisi olan rifah
halının birbaşa göstəricisi olduğu üçün
respublikanın hər bir rayonu
kimi, Qaradağda da kəskinliyi ilə seçilən məsələlərdəndir. Eyni zamanda, fərdi ev tikintisinin ümumi tikinti-sərmayə
işlərinin həcmində də xüsusi
payı var. Buna
görə də imkan daxilində bu cür tikintilərin
aparılmasına şərait yaradırıq. Ancaq bir vacib
şərtlə ki, zövqlə, milli memarlıq elementlərindən istifadə
etməklə aparılsın. Axı, tikinti
mədəniyyəti də vacib məsələdir.
Bu gün rayonda böyük tikinti-abadlıq işləri
aparılır. Əsas vurğunu ona edirik ki,
bu genişmiqyaslı quruculuq
işlərində şəhərin tək mərkəzi
küçəsi deyil, bitişik
küçələr, məhəllələr də
qazansın. Gözdən pərdə asmaq,
aldatmaq iş üslubumuza ziddir.
Yuxarı Avstriya federal əyalətinin
mərkəzi sayılan Lints meriyasında
keçirilmiş təqdimatda şəhərin
iqtisadiyyat və infrastrukturun
inkişafı üzrə strategiyası, abadlıq fəaliyyətinin
prinsipləri, turizm imkanları barədə
ətraflı məlumat verildi. Ayzenştadt şəhərində görkəmli
Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin heykəlini ziyarət edərkən, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, həqiqətən
də azərbaycanlı olduğumuzla fəxr
etdik.
Bütövlükdə,
mədəniyyətlərin, inkişaf modellərinin,
mentalitetlərin kontrastı çox şey deyir. Fərqli
ölkələrdə olmaq, paralellər aparmaq, nəyin pis, nəyin
yaxşı olduğunu görmək
müsbət cəhətdir. Burada
sakin-şəhər münasibətindən tutmuş
sakin-dövlət münasibətinədək, demokratiyaya
münasibətədək hər şeyi
nəzərdən keçirirsən.
Atalarımız
- çox oxuyan deyil, çox gəzən
çox bilər, - deyiblər. Bu gün birinci
qənaət kifayət qədər mübahisəli olsa da, hər halda, ikinci qənaətlə
də razılaşmamaq olmur. Qapanıb oturmaqla dünyada gedən
proseslərdən xəbər tutmaq mümkün deyildir. Hər
bir ölkə bir
inkişafdır, bir mədəniyyətin
beşiyidir. Ona görə də dövlət
başçısı tapşırıq verib
ki, yerlərdəki nümayəndələri
inkişaf etmiş
ölkələrə səfər edib
görsünlər, götürsünlər və gətirib
başçılıq etdikləri rayonlarda
tətbiq etsinlər.
Xalid NİYAZOV
Azərbaycan.-2011.-22
sentyabr.-S.5.