Lənkəran təhsilinin uğurları

 

 Son illər aparılan davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə zəmin yaratmış, insanların rifah halının yaxşılaşmasını təmin etmişdir. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması insan kapitalı ilə bağlı bir çox məsələlərin həllini, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Ona görə də elm və təhsil ölkə Prezidenti İlham Əliyevin sonsuz diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Yaradılmış şərait, bütün respublikada olduğu kimi, Lənkəranda da təhsil sahəsində bir sıra uğurlara yol açır. İlk növbədə, təlim-tərbiyə müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bu işlər olmadan yüksək nailiyyətlər qazanmaq mümkün deyil. Son illərdə respublikamızın bütün regionlarında, o cümlədən Lənkəranda da yeni məktəblərin tikintisi və əsaslı təmiri sahəsində ciddi işlər aparılır. Əgər 2003-cü ilədək Lənkəranda birtipli layihə əsasında cəmi 24 məktəb tikilmişdisə, son 8 ildə 25 məktəb inşa olunmuş, O.Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi, 3, 4, 5 saylı tam orta məktəblər, 17 saylı uşaq bağçası dövlət vəsaiti hesabına yüksək səviyyədə təmir olunmuşdur. Təkcə bu il Osaküçə və Şovu kənd tam orta məktəblərinin hər biri üçün 220, 4 saylı tam orta məktəb üçün 560 yerlik əlavə korpus tikilmiş, 17 saylı uşaq bağçası və şəhər 3 saylı tam orta məktəb keyfiyyətli şəkildə təmir edilərək istifadəyə verilmişdir. Rayon məktəbləri üçün müasir inventar və avadanlıqlar, kompyuter dəstləri gətirilmişdir. Yay dövründə şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun qayğı və dəstəyi, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin, ayrı-ayrı adamlarının köməyi ilə rayonun bütün təhsil müəssisələri təmir edilərək hazır vəziyyətə gətirilmişdir.

Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"nın  qəbul edilməsi, "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın icrası ilə bağlı Lənkəranın ümumtəhsil məktəblərində də müəyyən işlər görülmüşdür. Artıq Azərbaycan tarixi, kimya, fizikabiologiya fənləri üzrə elektron dərs vəsaitləri, metodik vəsaitlər, test kitabçaları və s. məktəblərə verilmişdir. Lənkəran məktəbləri xəritələşdirilmiş, kadr resurslarının idarə olunması, elektron sənəd arxivi və şagirdlər haqqında məlumat sistemindən ibarət məlumat bazası yaradılmışdır. Şəhər təhsil şöbəsi, O.Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi, xüsusi internat məktəbi və 24 ümumtəhsil məktəbi internet şəbəkəsinə qoşulmuşdur.

Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların intellektual, fizikipsixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev 12 aprel 2007-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"nı təsdiq etmişdir. Hazırda Lənkəranda 51 məktəbəqədər təhsil müəssisəsi, 2 məktəb-bağça kompleksi fəaliyyət göstərir. 2 min 845 nəfər uşağın təlim-tərbiyəsi ilə 426 tərbiyəçi məşğul olur. Onların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır.

Ölkə başçısının təhsillə bağlı son fərman və sərəncamları, Təhsil Nazirliyinin kollegiya qərarları, əmr və sərəncamları keçən tədris ilində şəhər təhsil şöbəsinin fəaliyyəti üçün əsas götürülmüş, geniş tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Hazırda şöbəmizin tabeliyində 89 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə 28 min 572 şagirdin təlim-tərbiyəsi ilə 3 min 817 müəllim məşğul olur. Ötən tədris ilində ümumtəhsil məktəblərimizin şagirdlərinin müxtəlif müsabiqə, yarış və olimpiadalarda iştirakına diqqət xeyli artırılmışdır. İl ərzində Fövqəladə Hallar Nazirliyi ilə birlikdə "Fövqəladə hallar uşaqların gözü ilə", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə "Azərpoçt"un təşkil etdiyi inşa müsabiqələrində lənkəranlı uşaqlar da iştirak etmiş və fərqlənmişlər. Xəzər Universitetinin 2011-ci ilin aprelində Lənkəran şəhərində keçirdiyi olimpiadada şəhər 7 saylı tam orta məktəbin şagirdi Dünya Nəhmədzadə və Haftoni qəsəbə tam orta məktəbinin şagirdi İkram Bəylərov 3-cü yeri tutaraq diplom və hədiyyələrlə təltif olunmuşlar. Amerika Beynəlxalq Təhsil Şurasının Təhsil Nazirliyi ilə birlikdə FLEX Proqramı çərçivəsində 2011-2012-ci tədris ilində ABŞ-ın orta məktəblərində 1 il müddətində təhsil almaq məqsədilə Lənkəran şəhərində keçirilmiş müsabiqədə 2 saylı tam orta məktəbin XI sinif şagirdi Kamran Əzimzadə qalib gələrək ABŞ-da təhsil almaq hüququ qazanmışdır.

"Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır" deyən ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xaricidaxili siyasəti uğurla davam  etdirən ölkə başçısı cənab İlham Əliyev istedad və qabiliyyəti, çevik və yaradıcı təfəkkürü ilə fərqlənən yeniyetmə və gəncləri məktəb dövründəcə aşkar etmək, onların potensial imkanlarını inkişaf etdirmək, səmərəli təhsil almaları üçün lazımi şərait yaratmaq məqsədilə xüsusi proqram təsdiq etmişdir. Proqramdan irəli gələn müddəaları rəhbər tutaraq istedadlı şagirdlər üçün keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etməkdən örtü Təhsil Nazirliyinin əmri ilə Lənkəran şəhər 6 saylı tam orta məktəbdə 2010-2011-ci dərs ilində xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün sinfin açılması təmin edilmiş, həmin sinfə uşaqlar test imtahanı vasitəsilə qəbul edilmişlər. Bu sinifdə dərs deyən müəllimlər də müsabiqə yolu ilə seçilmişlər. Nəticələr isə olduqca sevindiricidir. Həmin sinifdə təhsil alan 12 şagirddən 8 nəfəri "əla", 4 nəfəri isə "əla" və "yaxşı" qiymətlərlə oxumuşdur.

Dördüncü ildir ki, ümumtəhsil məktəblərimizin 1-ci siniflərində tədris milli kurikulum əsasında aparılır. Əvvəlki illərdə olduğu kimi, cari dərs ilində də 1-ci sinif müəllimləri üçün öyrədici treninq keçirilmiş və 257 müəllim treninqdə iştirak etmişdir.

 Lənkəranda təhsilə dövlət səviyyəsində diqqət və qayğının nəticəsi ölkəmizin aliorta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı da öz səmərəli nəticələrini vermişdir. Bu sahədə də rayonumuzun göstəriciləri ildən-ilə yaxşılaşmaqdadır. Bu il 378 nəfər lənkəranlı gənc tələbə adına layiq görülmüşdür. Onlardan 14 nəfəri 600-dən, 43 nəfəri 500-dən yuxarı bal toplamışdır.

Müəllimlərimizin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, ötən dərs ilində xarici dillər təmayüllü gimnaziyanın direktoru Mansur Ağayev "Əməkdar müəllim" fəxri adına, şəhər 15 saylı uşaq bağçasının müdiri Zenfira Rəhimova "Tərəqqi" medalına layiq görülmüş, habelə bir çox müəllimlərimiz də başqa təltif və mükafatlara təqdim edilmişlər. İnanıram ki, müəllimlərimiz təhsil sahəsində bundan sonra da uğurlu göstəricilərini davam etdirəcəklər.

 

 

Şahanə ƏHMƏDOVA,

Lənkəran ŞTŞ-nin müdiri

 

Azərbaycan.-2011.-22 sentyabr.-S.5.