«Qaz İnfrastruktur Dünyası: Xəzər-2011» beynəlxalq konfransı işə
başlamışdır
Sentyabrın
21-də
Bakıda
"Hyatt Regency-Naxçıvan" hotelində
"Qaz
İnfrastruktur Dünyası: Xəzər-2011"
mövzusunda beynəlxalq
konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev konfransda "Cənub qaz dəhlizi"
strategiyasının həyata keçirilməsində Azərbaycanın
rolu" mövzusunda çıxış edərək,
ölkəmizin neft-qaz sənayesinin inkişafından bəhs
etmişdir. Qeyd etmişdir ki, bu il 15-ci ildönümü tamam
olan "Şahdəniz" layihəsi üzrə Hasilatın
Pay Bölgüsü haqqında Saziş 1996-cı ildə
imzalanmışdır. 1999-cu ildə kəşf olunan və
xarici tərəfdaşlarla birlikdə işlənilən
"Şahdəniz" yatağı dəniz
akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab
edilir. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240
milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.
"Şahdəniz" layihəsinin 1-ci fazası çərçivəsində
hasilat 2006-cı ildən davam edir. Hazırda burada orta gündəlik
hasilat təxminən 23 milyon kubmetr qaz və 5 min ton kondensat həcmindədir.
Bu layihənin müvəffəqiyyətlə həyata
keçirilməsi respublikanın daxili tələbatını
ödəməyə və xaricdən qaz idxalına son
qoymağa imkan yaratmış, Azərbaycan 2007-ci ildən qaz
idxal edən ölkədən qaz ixrac edən ölkəyə
çevrilmişdir. "Şahdəniz-1" layihəsi
üzrə hasil olunan qaz Səngəçal terminalında
ilkin emal edilərək, Cənubi Qafqaz boru kəməri vasitəsilə
Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə
Gürcüstana və Türkiyəyə ixrac olunur. Yeni
yataqların kəşf olunması ilə Azərbaycanın
qaz potensialının artdığını deyən
R.Abdullayev ötən il "Ümid", bu yaxınlarda isə
"Abşeron" yatağının kəşf edildiyini
diqqətə çatdırmışdır. Həmçinin,
"Naxçıvan" və "Babək" perspektivli
strukturlarının işlənməsi
ilə də bağlı planlar mövcuddur.
ARDNŞ-in xarici əlaqələrindən
və beynəlxalq layihələri barədə məlumat verən
R.Abdullayev demişdir ki, Azərbaycan hasil etdiyi təbii
qazı Avropanın artan qaz tələbatını ödəməyə
və bu məqsədlə də nəqlin şaxələndirilməsinə
tərəfdardır. Bir neçə boru kəmərinə,
qaz alıcısına, tranzit marşrutlarına və
çatdırılma nöqtələrinə
çıxışın əldə olunması,
istehsalçı ilə son istehlakçılar arasında
birbaşa əlaqənin yaradılması, alternativlər
arasında ən dəyərli kommersiya təklifinin
seçilməsi, tranzit azadlığı, habelə təbii
qazın nəqli zamanı şəffaf xərclərə əsaslanan
sabit tranzit rejimlərindən istifadə olunması,
diskriminasiyaya yol verilməməsi bu baxımdan beynəlxalq
hüquqa əsaslanan başlıca prinsiplərdir. Biz istər
istehsalçı, istərsə də tranzit ölkə kimi
bu prinsiplərə sadiqik və qarşı tərəflərdən
də bunu gözləyirik.
Sonra konfransda Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir
Roland Kobianın "Enerji təhlükəsizliyində Xəzər
qazının rolu və Avropanın tələbatı",
Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin tranzit
neft kəmərləri şöbəsinin müdiri Reha
Aygül Muradoğlunun "Türkiyə infrastrukturu ilə
qazın nəqli və mövcud imkanlar", "OMV Gas & Power" şirkətinin
nümayəndəsi Luca Della Gattanın "Xəzər
qazının Avropaya nəqli - region üçün
çağırışlar və imkanlar", "RWE Supply
& Trading" şirkətinin nümayəndəsi Volfgang
Peterin "Xəzər regionu üçün beynəlxalq qaz
qiymətləndirməsi və potensial təsirlər" və
s. mövzularda çıxışlar dinlənilmişdir.
Qeyd edək ki, Avropanın qaz təchizatına
həsr olunmuş üçgünlük beynəlxalq
konfransda regionun, xüsusilə Xəzər qazının qitənin
enerji təhlükəsizliyi məsələlərinin həllində
rolu əsas müzakirə obyektidir. Tədbirdə qaz
hasilatı və istehlakçılar üçün enerji təhlükəsizliyi,
dünyadakı qaz qiymətlərinin Xəzər regionuna təsiri,
boru kəməri layihələri, Xəzər dənizində
qaz hasilatı, tranzit qaz ölkələrinin rolu, qaz təchizatında
əlavə mənbələr, Xəzərin qaz
bazarının perspektivləri və s. məsələlər
müzakirə olunacaqdır.
Konfransın sponsorları
"Trans Adriatic Pipeline" (TAP), "RWE Supply &
Trading", "ING Commercial Banking", "OMV Gas &
Power", "Public Gas Corporation" (DEPA S.A.), "GDF
Suez" və "Terrapinn"
şirkətləridir.
Azərbaycan.-2011.-22
sentyabr.-S.6.