«Bibiheybətneft»də təxliyyə məşqi keçirilib

 

 "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsində tədbirlər planına əsasən növbəti təxliyyə məşqi keçirilib.

NQÇİ-nin inzibati binasında baş vermiş fövqəladə hadisə və "Təxliyyə" siqnalının verilməsi ilə əlaqədar idarəetmə məntəqəsində, idarənin baş mühəndisi, FHK sədrinin xidməti otağında toplanış oldu. Sədr baş vermiş hadisənin qarşısının alınması və nəticələrin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verdi. İdarənin növbətçisi işçilərin təxliyyə olunması barədə göstəriş aldı.

Mülki müdafiə qərargahının rəisinə baş vermiş yanğının yerinin, dərəcəsinin və yayılma istiqamətinin dəqiqləşdirilməsi üzrə kəşfiyyatın təşkili, qarşısının alınması, nəticələrin aradan qaldırılması və qəza-xilasetmə tədbirlərinin yerinə yetirilməsi barədə tapşırıqlar verildi (Real hadisə baş vermiş kimi, bütün işçilər təxliyyə olunduqdan sonra qapılar bağlandı, binaya heç kim buraxılmadı). Nəzarətçilər işçilərin binadan təxliyyə olunmasına, toplanış məntəqəsinə istiqamətləndirilməsinə kömək göstərdilər. Mühafizə komandası binanın mühafizəsini gücləndirdi.

MM qüvvələrinin komandirləri baş vermiş hadisənin qarşısının alınması, xəsarət alanlara təhlükəli zonadan çıxarılması və ilk tibbi yardımın göstərilməsi, qəza xilasetmə və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi barədə qərargahın rəisinə məlumat verdilər. Mülki müdafiə qərargahının rəisi bu məlumatları, eləcə də işçilərin tam təxliyyə olunması barədə məlumatı FHK-nın sədrinə məruzə etdi.

Hadisə yerinə baxış təşkil edildi. Məşqin yekunu ilə bağlı müşavirə keçirildi.  Tədbirin gedişi barədə müzakirələr aparıldı və işi qiymətləndirildi.      

 

 

Azərbaycan.-2011.-22 sentyabr.-S.6.