Berlin Filarmonik Orkestrinin bir qrup üzvü «İmkanlara məhdudiyyət yoxdur» kampaniyası çərçivəsində Bakıya gəlmişdir

 

 Sentyabrın 21-də "İmkanlara məhdudiyyət yoxdur" kampaniyası çərçivəsində ölkəmizdə qonaq olan UNICEF-in Berlin Filarmonik Orkestrinin bir qrup üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat və gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəblərində olmuşdur.

Xatırladaq ki, əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş bu kampaniyaya 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə başlanılmışdır.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə təmir edilmiş hər iki təhsil müəssisəsi ilə tanış olan qonaqlar burada yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

Qonaqların diqqətinə çatdırılmışdır ki, hazırda 5 nömrəli respublika xüsusi internat məktəbində 280 uşaq təhsil alır. Onların təlim-tərbiyəsi ilə 90-a yaxın müəllim və tərbiyəçi məşğul olur. Bu il məktəbi bitirmiş 24 məzundan 7-si ali, 3-ü isə orta ixtisas təhsili məktəblərinə qəbul olunmuşdur.

Fənn kabinetlərində dərs prosesini yaxından izləyən qonaqlar məktəbin müasir standartlara cavab verən səsyazma studiyasında, kompyuter otağında, idman zalında yaradılmış şəraitdən məmnun qalmışlar.

Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində isə qonaqlara məlumat verilmişdir ki, burada əsasən tar, kamança, nağara və fortepiano musiqi alətləri üzrə dərslər keçirilir. Məktəbin "Duyğu" xalq çalğı alətləri ansamblı bir çox beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişdir.

Tanışlıqdan sonra tədbir 5 nömrəli respublika xüsusi  internat məktəbinin akt zalında geniş konsert proqramı ilə davam etdirilmişdir.

Tədbirdə məktəbin direktoru Nemidar Hüseynquliyev və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Hervord belə görüşlərin böyük əhəmiyyət daşıdığını söyləmişlər. Bildirmişlər ki, ötən müddətdə xüsusi tədbirlər, televiziyada yayımlanan sosial çarxlar, elanlar və digər üsullar vasitəsilə əlilliyi olan uşaqların cəmiyyətə sosial inteqrasiyası dəstəklənmişdir.

Kampaniyanın məqsədi valideynlərin, müəllimlərin, səhiyyə işçilərinin davranış və münasibətlərinin dəyişməsinə təsir etməkdir.

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası Azərbaycan hökuməti tərəfindən 2009-cu ildə ratifikasiya olunmuşdur. Ölkəmizdə müxtəlif layihələr, ən önəmlisi isə inkluziv təhsil ilə bağlı tədbirlər həyata keçirilir.

 

 

Azərbaycan.-2011.-22 sentyabr.-S.7.