Çinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir

 

 "Çinin Dağlıq Qarabağ məsələsindəki mövqeyi aydın və ardıcıldır. Biz ümid edirik ki, tərəflər dialoq və məsləhətləşmələrə davam edərək tezliklə məsələnin müvafiq həlli yolunu tapacaqlar. Bunun üçün Çin tərəfi dünya ictimaiyyəti ilə birgə öz konstruktiv səylərini davam etdirəcəkdir". Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi sentyabrın 22-də AzərTAc-ın xüsusi müxbirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi qondarma "yerli özünüidarəetmə orqanlarına seçkilər"lə bağlı sualına cavabında demişdir.

Xatırladaq ki, Çin tərəfi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini bir neçə dəfə yüksək səviyyədə ifadə etmişdir. 2005-ci il martın 17-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ÇXR sədri Xu Tzintaonun imzaladığı "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında Birgə Bəyannamə"nin 11-ci maddəsində qeyd olunur: "Çin tərəfi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair müvafiq qətnamələrinə əməl edilməsinə çağırır, bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu bildirir, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyir".

Bundan başqa, 2007-ci ildə Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" ilə bağlı məsələyə münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin rəsmisi Liu Cyançao bildirmişdi ki, Çin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir.

Çinin Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı müxtəlif vaxtlardakı bəyanatlarında da ÇXR-in Dağlı Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyi bildirilmişdi.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.1.