Düşünülmüş, sürətli
və davamlı inkişaf
"Biz ölkəmizin gələcək inkişafını elmi-texniki tərəqqinin və informasiya texnologiyalarının inkişafında görürük. Mən ölkəmizin gələcəyini informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirəm"
İlham ƏLİYEV
İKT - neftdən sonrakı inkişafa etibarlı təməl
Qloballaşma prosesinin daha geniş vüsət aldığı müasir dövrdə zamanın tələblərinə cavab verən inkişafı şərtləndirən əsas cəhətlərdən biri informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi ilə bilavasitə bağlıdır. Elmtutumlu sahələrin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadə dairəsinin genişləndirilməsi hər bir ölkənin sosial-iqtisadi tərəqqəsinə böyük töhfələr verməklə yanaşı, onun, eləcə də bütövlükdə götürülmüş cəmiyyətin intellektual və elmi potensialının əsas göstəriciləri sırasında yer alır. Bu mənada təsadüfi deyil ki, sürətli tərəqqiyə can atan ölkələrdə İKT-nin tətbiqi davamlı olaraq genişlənir, sözügedən sahə tədricən ümumi inkişaf prosesində əsas prioritetə çevrilir.
İKT-nin inkişafı təkcə sosial-iqtisadi tərəqqinin sürətlənməsinə əvəzsiz töhfələr verməklə yekunlaşmayaraq demokratikləşmə, insan hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya, müasir iqtisadiyyatın əsasını təşkil edən texnoloji yeniliklərin tətbiqi kimi digər mühüm sferaları da əhatə edir. Təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan ən müasir infrastruktura kimi geniş bir spektri əhatə edən İKT-nin ən yeni nailiyyətlərinin ölkəmizdə tətbiqi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır. Ümumiyyətlə, zəngin enerji resurslarına, bir neçə onillik boyu bəs edəcək böyük karbohidrogen yataqlarına malik olmasına rəğmən, Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri ilə də əlamətdardır. Qeyd edilən sahə üzrə inkişaf dinamikası aydın göstərir ki, yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin miqyası neftdən qazanılan mənfəətə bərabər olacaq, daha sonra ilk əsas gəlirli sferaya çevriləcək. Bu da öz növbəsində Azərbaycanda İKT sektorunun inkişaf dərəcəsinin kifayət qədər yüksək templərlə müşayiət olunduğunu aydın şəkildə nümayiş etdirir, ölkəmizdə sözügedən istiqamətdə konkret hədəflərə hesablanmış məqsədyönlü siyasət həyata keçirildiyini sübuta yetirir.
Bu siyasətin əsas müəllifi müasir Azərbaycanın memarı sayılan xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə ölkəmizdə elmtutumlu sahələrin yaradılması və mütəmadi inkişafına hər zaman xüsusi önəm verib, bu istiqamətdə böyük nailiyyətlərə imza atıb. Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ulu öndərin diqqət yetirdiyi mühüm məqamlardan biri məhz elmtutumlu, o dövr üçün qabaqcıl hesab edilən texnologiyaya əsaslanan sahələrin yaradılması, inkişaf etdirilməsi idi. Bu, iqtisadi sahədə də inkişaf səviyyəsini yüksəltməklə bərabər, ölkədə daha güclü sənaye potensialının yaranması, digər sektorların da inkişafına ciddi təkan verirdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın ali təhsil məktəblərində elektronika, avtomatika və hesablama texnikası üzrə mütəxəssislər yetişdirilməsinə başlandı, həmçinin elektron avadanlıq istehsal edən zavodların inşasına start verildi. Görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmizdə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və digər elmi tədqiqat müəssisələri meydana gəldi. Bundan başqa, Heydər Əliyevin birbaşa yardımı nəticəsində Azərbaycana ilk böyük elektron hesablama maşını olan BESM-6 gətirildi, avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - "Azərbaycan", respublika kompyuter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı, "AZON", "NORD" elm-istehsalat birlikləri, radiozavod, elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Görülən işlərdə diqqət çəkən əsas məqamlardan biri isə yaradılan yeni sahələrin elmi təminatının formalaşdırılması idi. O da mühüm faktorlardan biridir ki, hazırda bütün dünya tərəfindən müasir sosial-iqtisadi tərəqqinin inkişaf sxemi kimi qəbul edilən "Universitet-İqtisadiyyat və Hökumət" üçqat spiral modelinin tətbiqini ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycanda həyata keçirdi. Ölkəmizdə kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə başlanıldı. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma məxsusi konstruktor bürosu" yaradıldı və kosmik tədqiqatların aparılmasına başlanıldı. Bütün bunlar ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının möhkəm əsaslarının yaradılmasına gətirib çıxardı və sirr deyil ki, həmin dövrdə görülən işlər müstəqillik illərində ölkəmizdə İKT sektorunun yeni inkişafında baza rolunu oynadı.
Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də Heydər Əliyevin İKT sektorunun inkişafına xüsusi diqqət yetirməsi yuxarıda qeyd edilənlər fonunda tamamilə təbii hesab oluna bilər. Bu sahə üzrə atılan ilk vacib addımlardan biri 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı oldu. Bu, artıq Azərbaycan rabitə sisteminin dünyaya açılmasında yeni mərhələnin başlanması demək idi. Lakin ilk dövrlərdə görülən işlər bununla məhdudlaşmayaraq daha geniş xarakter almağa başladı. Telekommunikasiya sahəsinə xarici investorların cəlb edilməsi sayəsində 1994-cü ildə "Bakcell", bundan iki il sonra "Azercell" birgə müəssisələri yaradıldı, bununla mobil rabitənin ölkəmizdə inkişaf dövrü başlandı. Hazırda Azərbaycanın rabitə bazarında hər iki şirkət, həmçinin "NAR Mobile" aparıcı mövqe sahibləri kimi çıxış edirlər. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, yenidən qurulmuş şəhərlərarası telefon stansiyasının açılışı, ilk elektron ATS-lər qurulması, "AzEvroTel" və "Ultel" birgə müəssisələrinin lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlaması İKT sferasının inkişafına qayğının məntiqi nəticəsi kimi çıxış edirdi. Kompyuterlərdən, kommunikasiya texnologiyalarından istifadənin genişlənməsi də 1993-cü ildən sonrakı dövrə təsadüf edirdi.
İnformasiya texnologiyaları sahəsinin ölkənin inkişaf prioritetlərinə daxil edildiyini göstərən daha bir önəmli addım Heydər Əliyevin 2003-cü il fevralın 17-də müvafiq sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" oldu. Bu strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirirdi. Digər tərəfdən bu istiqamətdə atılan addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.
İKT
inkişafın yeni prioritet sahəsi kimi
Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev
hakimiyyətə gəldikdən sonra ölkə
iqtisadiyyatının davamlı və dayanıqlı
inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
yeni iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin
daha da yüksəldilməsi, Avratlantik məkana
inteqrasiyanın sürətlənməsi fonunda yeni, zamanın
tələblərinə cavab verən islahatlara start verdi. Bu islahatlar və həyata
keçirilən siyasətin əsas hədəflərindən
biri sürətlə inkişaf edən yüksək
texnologiyaların ölkəmizdə tətbiqi sahəsinin daha
da genişləndirilməsi idi. Bu mənada
Prezident İlham Əliyevin ilk beynəlxalq səfərinin
2003-cü ilin dekabrında Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
iştirakla bağlı olması dövlət
başçısı səviyyəsində İKT-nin
inkişafına göstərilən yüksək diqqətin
real təzahürüdür.
Dekabrın
10-da Cenevrənin Palekspo sarayında İnformasiya Cəmiyyəti
üzrə Dünya Sammitində geniş və dərin məzmunlu
nitq söyləyən Prezident İlham Əliyev bildirirdi ki,
son on il müddətində kommunikasiya texnologiyaları
gündəlik həyatımızın tərkib hissəsinə
çevrilib və həyatımızı internetsiz, e-mail-siz
(elektron poçtsuz) və qlobal rabitənin imkanları olmadan
təsəvvür etmək mümkün deyil. Sammitin sənədlərinin
Azərbaycan üçün xüsusi əhəmiyyəti
olduğunu bildirən, ölkəmizdə gənc nəslin fəal surətdə
informasiya və kompyuter texnologiyaları layihələrini həyata
keçirdiyini, bu işdə ölkəmizə BMT-nin
İnkişaf Proqramı yaxından yardım etdiyini bildirən
dövlət başçısı dövlət proqramı
kimi "İ - Azərbaycan", "Elektron Azərbaycan"
proqramının inkişaf etdirildiyini vurğuladı.
İqtisadi sahədə, o cümlədən enerji sektorunda
qazanılan nailiyyətlərdən söz açan dövlət
başçısı onu da qeyd etdi ki, ölkəmizin əlverişli
coğrafi-siyasi mövqeyi Azərbaycanı Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib hissəsi
edib ki, nəticədə bu nəqliyyat dəhlizləri vasitəsilə
Azərbaycana yeni bizneslər və yeni informasiya növlərinin
axıb gəlməsi təmin olunub.
Sammitdə "Qara qızılı insan
qızılına çevirək" tezisini səsləndirməklə
dövlətimizin başçısı ölkə
iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının
qoyulduğunu, informasiya cəmiyyətinin qurulması istiqamətində
dövlət səviyyəsində məqsədyönlü
işlərə başlandığını nümayiş
etdirdi. Bu, regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti
quruculuğu prosesinə başlandığının göstəricisi
kimi çıxış edirdi.
Bundan sonra 2004-cü ildə qəbul edilmiş
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu ölkədə elektron sənəd
dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq
edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət
sahələrinin inkişafına şərait yaratdı.
"Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10
avqust tarixli fərmanı ilə "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının müasir tələblərə
uyğun olaraq inkişafını təmin etmək məqsədilə
Dövlət Proqramı"nın hazırlanması barədə
verdiyi tapşırıq ölkə rəhbərliyinin
müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində
növbəti addımı oldu.
Bundan sonra dövlət başçısının
2004-cü il 21 avqust tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)" göstərilən illər ərzində təhsilin keyfiyyətinin
yüksəldilməsində, gənclərin inkişafında
və ümumiyyətlə, Azərbaycanın tərəqqisində
müasir texnologiyaların rolunu bir daha təsdiqlədi. Hazırlanmış bu dövlət
proqramında Azərbaycanın mövcud potensialından səmərəli
istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə
və informasiya texnologiyaları sahəsinin təşkilati,
hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi,
İKT sənayesinin formalaşdırılması, bu sahəyə
yeni investisiyaların cəlb edilməsi və
sahibkarlığın genişləndirilməsi, azad bazar və
sağlam rəqabət prinsiplərinin gözlənilməsi,
sosial əhəmiyyətli layihələrin həyata
keçirilməsi və nəticədə Azərbaycanda
informasiya cəmiyyətinə keçidin təmin edilməsinə
yönəlmiş müxtəlif tədbirlər nəzərdə
tutulurdu.
2005-ci ildə
qəbul edilmiş "Telekommunikasiya haqqında" Azərbaycan
Respublikasının Qanunu isə ölkədə
telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati
əsaslarını müəyyənləşdirdi və
telekommunikasiya resurslarının məqsədyönlü
planlaşdırılmasına və ədalətli istifadə
olunmasının tənzimlənməsinə şərait
yaratdı.
Fəaliyyətində
Prezident İlham Əliyevin daim xüsusi olaraq diqqət yetirdiyi mühüm
məqamlardan biri qabaqcıl texnologiyaların cəmiyyətdə
tətbiqi və əhalinin İKT biliklərinin
artırılmasıdır. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, Prezident
İlham Əliyev dünyada gedən prosesləri əsas
götürərək ölkəmizdə neft
strategiyasının sələfi kimi İKT sahəsini
prioritet sahə elan edib. Bu kontekstdə "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya"nın (2003-2012-ci illər) həyata keçirilməsini
təmin etmək məqsədi ilə dövlət
başçısı tərəfindən müxtəlif illəri
əhatə edən "Elektron Azərbaycan" proqramları
təsdiq olunub. İlk belə proqram 2005-2008-ci
illəri əhatə edib və "Azərbaycan
Respublikasında rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı" (Elektron Azərbaycan)"
adlanıb. Bu proqram elektron hökumətin
yaradılması istiqamətində mühüm əhəmiyyət
daşıyaraq ölkəmizdə belə hökumətin
yaradılmasında mühüm rol oynadı.
Dövlət proqramı çərçivəsində
həyata keçirilmiş tədbirlər və sektorun
inkişafı istiqamətində aparılan ardıcıl
dövlət siyasəti nəticəsində 2005-2010-cu illərdə
İKT və poçt sektoru üzrə gəlirlər mütəmadi
artdı və orta illik artım 25 faiz oldu. Bu müddət ərzində
sahə üzrə investisiya qoyuluşunun həcmi 850 milyon manatı
keçdi. Əhaliyə göstərilən telekommunikasiya
xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılması və çeşidinin
genişləndirilməsi məqsədi ilə 2005-2010-cu illərdə
respublikada elektron avtomat telefon stansiyalarının (ATS)
xüsusi çəkisi 55,5 faizdən 87,1
faizə, Bakı şəhər telefon şəbəkəsində
isə 63,9 faizdən 90 faizə çatdırıldı. Sabit şəbəkə
operatorları üzrə modernləşdirmə sahəsində
görülmüş işlər nəticəsində qeyd
olunan müddət ərzində ümumistifadəli sabit
telefon şəbəkəsinin tutumu 45 faiz, əsas telefon
aparatlarının sayı isə 38,1 faiz
artdı. Respublikanın 24 şəhər və
rayonunun telefon şəbəkələri yenidən qurularaq
tam elektronlaşdırıldı. MDB-nin
iştirakçısı olan dövlətlər arasında
ilk dəfə olaraq Azərbaycanda "Yeni Nəsil Şəbəkələri"
(NGN) texnologiyalarının tətbiqinə
başlanıldı. Bakı və
Sumqayıt şəhərlərinin telefon şəbəkələri
ilə yanaşı, bir neçə rayonda, o cümlədən
Naxçıvan Muxtar Respublikasında NGN texnologiyaları tətbiq
edilir. Ucqar ərazilərdə yerləşən
və coğrafi cəhətdən fiziki xətlə
telefonlaşdırılması mümkün olmayan
yaşayış məntəqələrində telefon rabitəsi
peyk avadanlıqlarının quraşdırılması vasitəsilə
təmin edilib.
Bundan
başqa, sözügedən müddətdə respublikanın
24 rayonunda simsiz rabitə xidməti (CDMA) texnologiyalı simsiz
rabitə istifadəyə verildi və bu şəbəkənin
xidmətləri respublika əhalisinin 63 faizdən çoxunun
yaşadığı ərazini əhatə etdi.
Ölkədaxili telekommunikasiya infrastrukturunun keyfiyyətini
yüksəltmək məqsədi ilə Azərbaycanın
rayonlarını birləşdirən fiber-optik kabel
magistralları tikilib istifadəyə verildi və
respublikanın rayon mərkəzlərinin artıq 90 faizi optik
xətlə əlaqələndirildi.
Dünya
Bankının maliyyə dəstəyi ilə həyata
keçirilən "Maliyyə xidmətlərinin
inkişafı" layihəsi çərçivəsində
"Azərpoçt" DM-in mövcud infrastrukturunun yenidən
qurulması və onun əməliyyatlarının
avtomatlaşdırılması üzrə regionlarda ənənəvi
poçt xidmətləri ilə yanaşı, yeni, xüsusilə
də, poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi
üzrə işlər görüldü. Azərbaycan
Respublikası ərazisinin, xüsusilə də, ucqar ərazilərindəki
əhalinin bütün təbəqələrinin istifadə
edə biləcəyi universal telekommunikasiya xidmətlərinin
və universal poçt xidmətlərinin təşkili və
göstərilməsi üçün müvafiq tədbirlər
həyata keçirildi.
Əksər dövlət orqanlarının internet
saytları yaradıldı və gov.az domenində yerləşdirildi. Dövlət
orqanları arasında etibarlı və təhlükəsiz
informasiya mübadiləsini təmin etmək məqsədi ilə
vahid konfidensial multiservis şəbəkəsinin
yaradılmasına və dövlət orqanlarının bu
şəbəkəyə qoşulmasına
başlanıldı. Dövlət
orqanları tərəfindən informasiya xidməti ilə
yanaşı, ilkin elektron xidmətlər də göstərilir.
Elektron bəyannamələrin, elektron ərizələrin
qəbulu, kommunal xərclər üzrə borcların öyrənilməsi
və digər xidmətlər buna misaldır. Beynəlxalq əməkdaşlıq da inkişaf
etdirildi, İKT üzrə beynəlxalq biznes forumları, sərgi
və konfranslar təşkil edildi. Tanınmış
İKT şirkətlərinin əksəriyyəti respublikada
nümayəndəliyini açmışdılar və fəaliyyətlərini
genişləndirdilər.
Həmçinin 2005-2008-ci illər üçün
"Elektron Azərbaycan" dövlət proqramında nəzərdə
tutulan tədbirlər informasiya cəmiyyətinə
keçidi təmin etmək üçün ilkin mərhələdə
görüləcək işləri əhatə etdi. Proqram üzrə
görülmüş işlər sayəsində
respublikanın rabitə və informasiya texnologiyaları
bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə
investisiyaların cəlb edilməsi və özəl sektorun
inkişaf etdirilməsi üzrə mühüm addımlar
atıldı. Sahənin normativ hüquqi
bazası inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi,
ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə,
müəssisə və təşkilatlara göstərilən
rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti
yüksəldildi. Respublika əhalisinin
İKT-dən istifadə səviyyəsinin
artırılması, sahə üçün yüksəkixtisaslı
kadrların hazırlanması və digər istiqamətlərdə
müəyyən işlər görüldü. Bütün bunlar milli strategiyanın növbəti mərhələsinin
icrası üçün əsaslı zəmin yaratdı.
Bundan irəli
gələrək növbəti analoji sənəd Azərbaycan
Respublikası Prezidentinin 11 avqust 2010-cu il
tarixli sərəncamı ilə təsdiq edildi. Bu "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan")
adlanır.
Ölkəmizdə İKT sektorunun
inkişaf tempi ümumdünya göstəricilərini
qabaqlayır
Bu proqram əvvəlki dövlət
proqramının nəticələrinin qiymətləndirilməsi,
dövlət orqanlarının, biznes sektorunun və cəmiyyətin
müasir rabitə və informasiya texnologiyalarına olan tələbatının
təhlil edilməsi, dünya təcrübəsinin öyrənilməsi,
beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq
Telekommunikasiya İttifaqı (BTİ) və Ümumdünya
Poçt İttifaqının (ÜPİ) tövsiyələri,
həmçinin respublikanın sosial-iqtisadi inkişaf səviyyəsi
nəzərə alınmaqla tərtib edilib. Dövlət
proqramı sahələrarası xarakter daşıyır, cəmiyyətin
inkişafına xidmət edəcək tədbirləri və
nazirlik, komitə və digər təşkilatların təqdim
etdiyi layihələri özündə cəmləşdirir.
Yeni proqramda qeyd olunur ki, müasir mərhələdə
Azərbaycanın davamlı və dayanıqlı
inkişafı siyasətinin prioritet istiqamətlərindən
elan olunan informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi
sistemin bütün sahələrinə və insanların
gündəlik fəaliyyətinə sürətlə
nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin
ayrılmaz tərkib hissəsinə çevrilib. Ona da diqqət
çəkilir ki, respublikada İKT sektorunun inkişaf tempi bu
sahədə ümumdünya göstəricilərini təxminən
üç dəfə qabaqlayır. Dünya İqtisadi
Forumu tərəfindən 2008-2009-cu illər üçün
hazırlanmış "İnformasiya texnologiyalarının
qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 134
ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox
nüfuzlu ölkələri qabaqlayıb və MDB-nin
iştirakçısı olan dövlətlər arasında
lider olub. Bunun ardınca
Dünya İqtisadi Forumunun 2009-2010-cu illər
üçün "Qlobal
informasiya texnologiyaları" illik hesabatında Azərbaycan
"şəbəkə hazırlığı indeksinə"
görə yenə bütün MDB ölkələrini geridə
qoyaraq regiondakı lider mövqeyini saxlayıb. Forum
Azərbaycan hökumətini informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi üçün dövlət
hazırlığı reytinqində yüksək qiymətləndirib.
Bu parametr üzrə Azərbaycan dünyanın
ilk 30 ölkəsi siyahısında yer alıb. Hesabatda Azərbaycanda informasiya-kommunikasiya sahəsinə
dair qanunvericilik və dövlət idarəsi amilləri də
yüksək qiymətləndirilib.
O da birmənalı
şəkildə qəbul olunmuş həqiqətdir ki,
telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında
modernləşdirilməsinin tam başa
çatdırılması, keyfiyyətli və qənaətbəxş
telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi
texnologiyalarından istifadə, "E-hökumət" həllərinin
tətbiqinin genişləndirilməsi və
bütövlükdə cəmiyyətdə İKT-dən
istifadənin səviyyəsinin artırılması
mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda,
informasiya cəmiyyətinin tələblərindən irəli
gələn dövlət informasiya sistemlərinin
inkişafına, informasiya təhlükəsizliyinin təmin
edilməsinə, e-imza və elektron sənəd dövriyyəsinin
tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin
təşkilinə, yerli istehsalın və onun ixrac
potensialının gücləndirilməsinə,
ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin
genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin
artırılmasına və İKT üzrə kadr
hazırlığına diqqət yetirilməsi vacibdir.
Bu
kontekstdə "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət
Proqramı"nın məqsədi milli strategiyadan irəli gələn
vəzifələrin yerinə yetirilməsi, respublikanın
informasiya cəmiyyətinə keçidinin təmin edilməsi,
İKT-nin inkişafını və geniş tətbiqini təmin
etmək yolu ilə informasiya və biliklərə əsaslanan,
rəqabətə davamlı iqtisadiyyatın qurulması və
inkişaf etdirilməsi üçün zəminin
formalaşdırılması, dövlət idarəetmə
mexanizmlərinin səmərəliliyinin artırılması
və qərarların qəbulu prosesində vətəndaşların
və sosial institutların iştirakı imkanlarının
genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu
və xidmətlərinə olan tələbatının
dolğun ödənilməsidir.
Dövlət
proqramında qoyulmuş məqsədlərə çatmaq
üçün aşağıdakı məsələlərin
həlli nəzərdə tutulur: respublikada müasir informasiya
və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və
hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti
haqqında məlumatlara, həmçinin dövlət, ictimai
və sahə informasiya resurslarına
çıxışının genişləndirilməsi,
informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi
və onların keyfiyyətinin artırılması; dövlət
idarəçiliyinin bütün səviyyələrində
İKT həllərinin tətbiqi, dövlət informasiya
sistemləri və resurslarının
formalaşdırılması və inkişaf etdirilməsi; vahid texnoloji standartlar əsasında
dövlət informasiya resursları və sistemlərinin
inteqrasiyasının təmin edilməsi, dövlət
orqanları arasında etibarlı və təhlükəsiz
informasiya mübadiləsinin həyata keçirilməsi
üçün vahid konfidensial multiservis şəbəkəsinin
inkişaf etdirilməsi, təşkilati-texniki, texnoloji tədbirlərin
həyata keçirilməsi və müvafiq mühitin
formalaşdırılması; dövlət orqanlarının
göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin,
habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin
artırılması üçün "E-hökumət"
həllərinin geniş tətbiqi, "bir pəncərə"
prinsipi əsasında elektron xidmətlərin təşkili;
müasir inkişaf tələblərinə uyğun olaraq, sahə
üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
sahə üzrə standartlaşdırma və
sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə
uyğun həyata keçirilməsi; müasir İKT
ixtisasları üzrə mütəxəssis
hazırlığının keyfiyyətinin
artırılması; İKT xidmət və məhsullarının
istehsalının inkişaf etdirilməsi və ixrac
potensialının artırılması; yeni texnika və
texnologiyaların tətbiqi, sahə üzrə xidmətlərin,
o cümlədən poçt və telekommunikasiya (o cümlədən
peyk rabitəsi) xidmətlərinin genişləndirilməsi və
keyfiyyətinin yüksəldilməsi; poçt şəbəkəsi
vasitəsilə poçt-maliyyə xidmətlərinin həyata
keçirilməsinin inkişaf etdirilməsi; e-ticarət, e-səhiyyə
kimi mütərəqqi fəaliyyət formalarının
inkişaf etdirilməsi; "rəqəmsal geriliyin"
azaldılması üçün tədbirlərin həyata
keçirilməsi; informasiya cəmiyyətinin qurulması
istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin
həyata keçirilməsi; informasiya cəmiyyətinin
qurulması üzrə görülən işlərə
ictimai nəzarətin təmin edilməsi. Dövlət
proqramı milli telekommunikasiya və poçt infrastrukturunun və
xidmətlərinin inkişafı, dövlət və yerli
özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi
və elektron xidmətlərin inkişaf etdirilməsi,
informasiya cəmiyyətinə keçid üçün
şəraitin yaradılması, rəqabət qabiliyyətli və
ixracyönümlü İKT potensialının gücləndirilməsi
kimi dörd əsas
istiqamət üzrə həyata keçirilir.
Bütün bunlar "elektron hökumət" sahəsində qazanılan nailiyyətlərin miqyasını davamlı şəkildə genişləndirən faktorlar kimi çıxış edir. Beynəlxalq praktikada qəbul edilmiş normalara əsasən, "elektron hökumət" - hər hansı bir ölkənin dovlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan yerləşdirilməsi deməkdir. Yəni, hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrufat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Bununla da, müxtəlif səviyyəli dövlət strukturları informasiyanın və xidmətlərin istehlakçılara bilavasitə çatdırılması üçün müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edirlər. Elektron hökumətin xidmətlərinin istehlakçıları vətəndaşlar, özəl sektor və dövlət strukturlarıdır. "Elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə xidmət edir və dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir.
Ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də, bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana daha böyük marağına səbəb olmaqdadır. Bu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri və Davos iqtisadi forumlarında "Microsoft", "Cisco", "İntel" və digərləri kimi dünya miqyaslı şirkətlərin prezidentlərinin Azərbaycan dövlət başçısı ilə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir və bu sahədə geniş əməkdaşlıq imkanları mövcuddur. Bununla, həm də Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzinə çevrilirir. "Microsoft" şirkətinin prezidenti Bill Qeytsin hələ 2006-cı ildə Bakıda keçirilmiş "Bakutel-2006" XII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə göndərdiyi məktubda bu məqam xüsusi olaraq vurğulanır: "Microsoft" şirkəti Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsini böyük maraqla izləyir. Sürətli iqtisadi inkişaf hökumətinizin iqtisadi artımla bağlı qəbul etdiyi strateji qərarların düzgün olduğunu göstərir. Prezident İlham Əliyevin informasiya texnologiyalarının əhəmiyyətini vurğulaması böyük önəm kəsb etmişdir. Onun bu sahədə dəstəyi bir çox beynəlxalq biznes dairələrini Azərbaycana gələcək investisiyalar üçün böyük potensiala malik olan ölkə kimi baxmağa təşviq edir. Mən Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı gördüyü işlərdən heyrətlənir və müasir texnologiyalar, elmi və texniki tərəqqi, təhsil və insan ehtiyatları sahəsinə investisiya qoymaq qərarını alqışlayıram. Azərbaycan özünün təhsilli və bacarıqlı işçi qüvvəsi ilə elm, texnologiya, mühəndislik və digər sahələrdə böyük potensiala malik olduğunu açıq şəkildə göstərir".
(ardı var)
Azərbaycan.-2011.-23 sentyabr.-S.2.