CEİBC-yə daxil
olan şirkətlərin ARDNŞ ilə əməkdaşlığının
perspektivləri müzakirə olunub
Sentyabrın 22-də "Avropa" mehmanxanasında Xəzər-Avropa
İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə
ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki,
CEİBC-in prezidenti və baş icraçı direktoru Telman Əliyev
əvvəlcə klubun tarixindən və
görüşün məqsədindən
bəhs etmişdir. Bildirmişdir ki, görüşün əsas
məqsədi kluba daxil olan şirkətlərin ARDNŞ ilə
əməkdaşlığının perspektivlərinin
müzakirə edilməsidir.
Sonra çıxış edən
ARDNŞ-in birinci vitse-prezidenti X.Yusifzadə ölkənin neft
və qaz hasilatı tarixindən və əldə olunan
uğurlardan danışmışdır. Qeyd etmişdir ki,
ARDNŞ ilk dəfə olaraq öz hesabına ötən il
"Ümid" yatağında kəşfiyyat işləri
aparmış və burada böyük qaz yatağı kəşf
olunmuşdur. Bu qaz yatağının ehtimal olunan
ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat təşkil
edir. Eyni zamanda, bu il kəşf olunan "Abşeron" yatağında da ilkin qiymətləndirmələrə
əsasən, 350 milyard kubmetr qaz vardır. Hazırda Azərbaycanın
təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon 550 milyard kubmetrdir.
Bundan başqa, biz gələcəkdə
"Babək", "Asiman", "Şəfəq",
"Zəfər", "Məşəl"
"Naxçıvan" və s. perspektiv strukturlarda da
işləyəcəyik. Əlbəttə hesab edirik ki, bunlar
əsasən qaz yataqları olacaqdır. Çünki bu
cür yataqların dərinliyi təxminən 6-7 min metr təşkil
edir ki, belə dərinlikdən də əsasən qaz-kondensat
çıxarılır.
ARDNŞ-in beynəlxalq əlaqələrinə
də toxunulduğu görüşün sonunda kluba daxil olan
şirkət nümayəndələrinin sualları
cavablandırılmışdır.
Tədbirdə Xoşbəxt Yusifzadə
klubun fəxri üzvü seçilmiş, CEİBC-yə yeni qəbul edilən
şirkətlərin nümayəndələrinə
sertifikatlar təqdim edilmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan.-2011.-23
sentyabr.-S.3.