Astara - Azərbaycanın cənub
mirvarisi
"Allah sizə
dünyanın ən gözəl guşəsini bəxş edib. Ona görə siz xoşbəxt adamlarsınız" - ulu öndər Heydər Əliyev Astaraya sonuncu səfərində
deyib bu sözləri.
O yerlərin təbiətinə, insanların torpağa
bağlılığına yüksək dəyər verən
böyük şəxsiyyət
Astaranı Azərbaycanın cənub mirvarısi
adlandırıb. Doğrudan da, təbiət bu yerlərdən
səxavətini, varını əsirgəməyib.
Talış dağlarının ətəyində, zümrüd meşələrin əhatəsində
olan Astara Azərbaycandan
İrana dənizdən yollanan
gəmilərin çıxış qapısıdır. Bu qapıdan ölkəmizə, onun tarixinə, ənənələrinə meyil və maraq göstərən
o qədər əcnəbi səyyahlar keçib ki...
Tarixi ənənələrini, uğurlu
və sürətli inkişaf xəttini
ardıcıllıqla davam etdirən
astaralılar bu gün
də cənub bölgəsində aparılan böyük
infrastruktur layihələrin
reallaşmasında töhfələrini əsirgəmirlər. Bu ilin aprel
ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfəri, ictimaiyyət nümayəndələri
ilə səmimi görüşləri, söhbətləri, mühüm obyektlərin
açılış və təməlqoyma mərasimlərində
iştirakı görülən işlərin sürət və keyfiyyətini daha da artırmış, quruculuq
işlərinə güclü təkan vermişdir. Ölkə
başçısı rayonun sosial-iqtisadi inkişafı, aparılan quruculuq və abadlıq işləri ilə
tanış olmuş, Heydər Əliyev Mərkəzinin,
Astara-Bala Şahağacı avtomobil yolunun, gənclər
evinin, qaz-kompressor
stansiyasının açılışında, "Astara-1"
kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində
iştirak etmiş, Astara Olimpiya İdman Kompleksində işlərin gedişi ilə tanış olmuş,
faydalı və dəyərli məsləhətlər vermişdir. Cənab Prezident
qeyd etmişdir ki, son illər rayonda istehsal sahəsində
nəzərəçarpan artım, yeni
müəssisələrin istismarı hər bir
ucqar dağ kəndini,
bütövlükdə bölgəni əhatə etməlidir.
Bu istiqamətdə aparılan işlərə
dəstək məqsədilə Azərbaycan Prezidenti
Astara, Masallı və Salyan
rayonlarının sosial-iqtisadi
inkişafı ilə əlaqədar əlavə tədbirlər
haqqında sərəncam imzalamışdır. Həmin sərəncama
əsasən Prezidentin Ehtiyat
Fondundan Astara rayonuna 2 milyon manat əlavə vəsait ayrılmışdır.
Belə diqqət və qayğı rayonda
qədirbilənliklə dəyərləndirilmiş,
görülən işlərin həcmi daha
da artırılmışdır. Onu da qeyd
edək ki, rayonun yerli gəliri də artıb, izafi
xərclər minimuma endirilib.
Astarada mərkəzi büdcədən
asılılığı daha da azaltmaq üçün
daxili imkanlardan səmərəli
və qənaətcilliklə istifadəyə üstünlük
verilir. İlin əvvəlindən
bəri rayonun yerli gəliri
1 milyon 465 manatdan çox olmuşdur ki, bu da
ötən illə müqayisədə xeyli
artım deməkdir.
Ümumi məhsul buraxılışı
nəzərdə tutulan həddi ötərək
52 milyon 546 min manata çatmışdır. Əsas kapitala yönəldilmiş investisiyanın
hamısı daxili potensial
hesabına ödənilmişdir. Rayonda ümumi
sahəsi 3886 kvadratmetr olan
30 fərdi yaşayış evi istifadəyə
verilmiş, Heydər Əliyev prospekti, Azərbaycan, Nizami
və Arif Heydərov küçələrində
geniş abadlıq və təmir işləri
aparılmışdır. Əlil və şəhid ailələri
üçün 16 mənzilli
yaşayış binası, rayonun Vaqo kəndində Qarabağ
müharibəsi əlili üçün
fərdi yaşayış evi tikilmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramına uyğun olaraq rayonda
iqtisadiyyatın möhkəmləndirilməsi, aqrar
bölmənin inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. Astarada çayçılığın
şöhrətini bərpa etmək, unudulmuş
təsərrüfat ənənələrini yaşatmaq
üçün təşəbbüskarlıq
artırılıb. Yeni çay
plantasiyalarının salınması, yaşıl çay yarpağı yığılan sahələrin
məhsuldarlığının artırılması üçün mühüm
tədbirlər görülür. Axı,
Astara bütün dünyada ekoloji cəhətdən
təmiz və keyfiyyətinə görə fərqlənən
çayı ilə məşhurdur. Hələ
2002-ci ildə İspaniyanın paytaxtı Madriddə
keçirilən sərgidə Astara
çayı rəqabətdə seçilərək
"Qızıl medala" layiq görülmüşdür.
Ənənəni qorumaq, uğurları
möhkəmləndirmək üçün
Astarada çayçılıq təsərrüfatları
daha da genişləndirilir,
yeni plantasiyalar yaradılır.
Təkcə rayonun Şivi
ərazisində 200 hektardan çox sahədə yeni çay plantasiyalarının salınması
nəzərdə tutulur. Təkcə bu ilin birinci
yığımında plantasiyalardan 230 tona yaxın yaşıl çay
yarpağı yığılıb emal
müəssisələrinə təhvil verilmişdir.
Tərəvəzçiliyi, sitrus və subtropik meyvə istehsalını artırmaq üçün əkin sahələri daha da genişləndirilib.
Hələ bir vaxtlar Azərbaycanın faraş
tərəvəz bostanına çevrilən cənub bölgəsi,
o cümlədən Astara
yenə də bu sahənin flaqmanı kimi əkinçilik ənənələrini qoruyur. Ətirli Astara düyüsünün şöhrəti də
ölkəmizin hüdudlarından kənarda tanınır.
Son illər
rayonda çəltik sahələrini daha da genişləndirmək,
rəqabət mühiti yaratmaqla
istehsalın həcmini artırmaq istiqamətində xeyli iş görülüb.
Əkinçini torpağın tələbinə, bu yerlərin iqliminə uyğun
məhsul istehsalına cəlb etmək üçün
sınanmış təsərrüfatçılıq
formalarına üstünlük verilir. Fermerlərə, iş
adamlarına dövlət vəsaiti hesabına kreditlər
ayrılır, mineral gübrələrin
satışında güzəştlər olur.
Astarada sahibkarlığı inkişaf etdirmək üçün
münbit şərait, əlverişli və
sağlam mühit
yaradılıb. İş
adamlarının təşəbbüsü ilə dünya standartlarına cavab
verən müalicə mərkəzlərinin, turizm
obyektlərinin sayı xeyli
artırılıb. "Savalan", "Şindam", "Xəzər", "Abşeron", "Sahil"
istirahət mərkəzlərində turistlərin istirahəti
üçün hər cür
şərait yaradılıb. Füsunkar
gözəlliyi ilə seçilən bu diyarda qədim abidələr, seyrəngahlar çoxluq təşkil edir.
"Şindan qalası", "Divənkə"
mağarası, "Gəlin qayası" abidələri Astaraya gələn əcnəbi turistlərdə
ciddi maraq doğurur. Məşhur özbək şairi Məqsud Şeyxzadə bir vaxtlar Astarada
olarkən ona heyranlığını və
təəccübünü gizlədə bilməyib:
"Astaranı bir görən onu heç vədə unutmaz". Həqiqətən də, Xəzər
dənizi ilə füsunkar Talış
dağlarının qovşağında yerləşən bu ərazi son illər turizm diyarına çevrilib,
istirahət mərkəzlərinin sayı artıb. Dünya meridianının ən
ucqarlarından bu qədim diyara
üz tuturlar, xoş təəssüratla ayrılırlar.
Yeni dərs ilinə də Astaranın
təhsil işçiləri ciddi
hazırlaşıblar. Rayonda yeni məktəblərin tikintisinə və əsaslı
təmirinə xeyli vəsait
ayrılıb. 180 yerlik Toradi
kənd orta məktəbinin
binasının tikintisi başa
çatdırılıb. Ovala, Beqədi
kənd məktəblərində, Maşğan
kəndindəki uşaq
bağçasında əsaslı təmir işləri
tamamlanmışdır. Rayonun yeganə orta ixtisaslı təhsil müəssisəsi olan Astara pedaqoji
kollecində əsaslı təmir və yenidənqurma işləri
aparılmışdır. Təhsilə diqqət
və qayğının nəticəsidir ki,
hər il ölkəmizin ali
məktəblərinə qəbul olunan
astaralı tələbələrin sayı artır,
onların xoş sorağı
dünyanın ən nüfuzlu elm mərkəzlərindən gəlir...
Bir vaxtlar Astarada ən ciddi problemlərdən
biri işsizlik sayılırdı. Gənclər
iş axtarmaq üçün Rusiyanın
ən ucqar vilayətlərinə üz
tutur, doğma yerlərindən ayrılmalı
olurdular. Bu vacib problemi həll etmək, adamları yurd-yuvasına bağlamaq üçün ardıcıl
iş aparıldı,
yeni iş yerləri açıldı.
Rayon icra hakimiyyətinin
başçısı Taleh
Qaraşovun dediklərindən:
- Müşahidələrimiz
sübut edir ki, adamlarda el-oba sevgisi yaratmaq
üçün onların
ən zəruri ehtiyacları nəzərə
alınmalıdır. Əgər
vətəndaş öz
ixtisasına uyğun iş tələbi ilə bizə müraciət edirsə, imkan daxilində kömək göstərməliyik.
Elə şərait yaratmalıyıq
ki, bizə müraciət edənlərin
ümidləri boşa
çıxmasın. Axı, biz hakimiyyət
təmsilçiləriyik. Hər kəs ehtiyaclarının
həlli üçün
bizdən kömək
umanda məsələyə
həssaslıqla, diqqətlə
yanaşmalıyıq. Sübut etməliyik ki, adamlar bizə güvənməkdə, arxalanmaqda
haqlıdırlar. Elə Azərbaycan
Prezidenti cənab İlham Əliyev tövsiyə və tapşırıqlarında qətiyyətlə
tələb edir ki, biz hamımız xalqa xidmət etməliyik. Bizim işimizin
dəyəri və qiyməti yalnız bu meyarla ölçülür.
Azərbaycan Prezidenti İlham
Əliyev ictimaiyyətlə
görüşlərində, səmimi və işgüzar söhbətlərində
dəfələrlə bəyan
edib ki, bizim bütün siyasətimizin başında
Azərbaycan vətəndaşı
dayanır. Mən başda
olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Biz
elə etməliyik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın.
Bu prinsiplər inkişafımızın əsas
modeli kimi qorunur və prinsipiallıqla davam etdirilir. Elə astaralılar da
belə etibarlı və sınanmış inkişaf yoluna üstünlük verməklə
yeni-yeni uğurlar qazanırlar.
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-2011.-23
sentyabr.-S.4.