Heydər Əliyev Fondu ölkəmizin xaricdə daha yaxşı tanıdılması üçün böyük işlər həyata keçirir

 

 Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. 2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 7 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində milyonların ümid, pənah yerinə çevrilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir. Fondun bu istiqamətdəki fəaliyyəti YUNESKO tərəfindən izlənir və yüksək qarşılanır. Azərbaycanın birinci xanımının təşkilatın xoşməramlı səfiri təyin olunması ikitərəfli əlaqələrə əlavə impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. Fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublikamızda, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq fondun prezidenti yalnız 2010-cu ildə iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu" ordeninə və YUNESKO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür.

Heydər Əliyev Fondu fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 7 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi də qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin nəticəsidir. Sessiyada ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində YUNESKO bəyannamələrinin icrası kimi məsələlər müzakirə edilmiş, bu sahədə mövcud problemlər ətrafında geniş müzakirələr aparılmışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun ötən illərdə milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomu olmuşdur.  YUNESKO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir. Bundan başqa, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə 2009- 2010-cu illərdə və 2011-ci ilin yay aylarında Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ilin avqust ayında keçirilmiş üçüncü belə festival beynəlxalq miqyasda hələ də aktuallığını itirmir, ölkəmizin yüksək mədəni sivilizasiyasının bariz göstəricisi kimi dəyərləndirilir.

Fondun insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyətinin hüdudları kifayət qədər genişdir. Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda müdafiəsi məsələləri bu baxımdan xüsusi qeyd oluna bilər. Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən "Qarabağ həqiqətləri" silsiləsi də buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları Avropanın 15-dən artıq dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır.

Sentyabrın 15-də Parisdə Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq konqresin keçirilməsi də mühüm məqamları ilə yadda qalmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da tədbirdə iştirak etmişdir. Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Qiyyom Sen Mark Azərbaycanın bu konqresə xüsusi maraq göstərdiyini qeyd etmişdir. Ölkəmizə səfər etdiyiniterror qurbanları ilə görüşdüyünü qeyd edən assosiasiyanın baş direktoru Azərbaycanda belə bir təşkilatın yaradıldığını yüksək qiymətləndirmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva beynəlxalq konqresdə çıxış etmişdir: "Terrorçuluq bütün dövlətlərə və xalqlara hədədir. O, təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərələrinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də, günahsız insanları hədəfə götürən təhlükədir. Terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz.

Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz hərbi təcavüz və xaricdən işğal ilə üzləşmişdir. Ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş və nəticədə 2000-dən çox soydaşımız qətlə yetirilmişdir. Bir neçə gün öncə onuncu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşulduterrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi".

Parisdə 7-ci rayonun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunumuş sərgi də təşkil edilmiş, ölkəmizin incəsənət ustalarının iştirakı ilə geniş konsert keçirilmişdir. Məlumat üçün bildirək ki, sərgi Azərbaycanın rəmzlərindən biri olan Qız qalasına həsr edilmişdir. Ekspozisiyada 2010-cu və 2011-ci illərdə Bakıda keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivallarında nümayiş etdirilən əsərlər də yer almışdır. Sərgi çərçivəsində Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan "Azərbaycan" nəşrinin fransız dilində versiyasının təqdimatı da keçirilmişdir. Nəşrə daxil edilən 1000-dən çox fotoşəkil ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında kifayət qədər dolğun təəssürat yaratmışdır. Ümumiyyətlə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgilər Azərbaycanı, onun tarixi, mədəniyyəti və incəsənətini nəinki fransızlara, eləcə də bütün avropalılara daha yaxından tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Mehriban xanım Əliyeva Azərbaycan və Fransa arasındakı mövcud əlaqələrə toxunaraq bildirmişdir: "Ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində çox uğurlu əməkdaşlıq qurulub. Ölkəmizdə mütəmadi şəkildə Frankofoniya günləri keçirilir. Bu il paytaxtımızda fransız məktəbinin inşasına başlanacaqdır. Gələn il Azərbaycanın paytaxtında - Bakıda Fransanın incəsənətini əks etdirən "Le plaisir de France" sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Fransanın paytaxtında və digər şəhərlərində Azərbaycanın mədəniyyətini təqdim etmək üçün müxtəlif konsertlər, sərgilər və festivallar keçirilir. Bu yaxınlarda Parisin mərkəzində Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır.

Biz hamımız yaxşı bilirik ki, mədəniyyət xalqların ünsiyyət, anlaşma quruluşunda müstəsna rol oynayır. Mədəniyyət insanları dinimilli mənsubiyyətindən asılı olmayaraq bir araya gətirir, birləşdirir. Bu isə bizim bügünkü mürəkkəb dünyamızda ən vacib amillərdən biridir".

Göründüyü kimi, Heydər Əliyev Fondu hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. İctimai həyatımızın ayrı-ayrı sahələrində həyata keçirilən layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına, respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.4.