Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Sədrlər İclası öz işinə başlamışdır

 

 Sentyabrın 22-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər İclası öz işinə başlamışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ERRA-ya üzv olan 30-a yaxın ölkənin nümayəndələri iştirak edirlər.

İqtisadi inkişaf naziri Şahin Mustafayev tədbirin iştirakçılarına Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə edilmiş nailiyyətlər, ölkənin uğurlu enerji siyasəti, Tarif Şurasının tənzimlənmə fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, qlobal maliyyə-iqtisadi böhranın mənfi nəticələrinin aradan qaldırılması məqsədi ilə bir çox ölkələrdə təxirəsalınmaz proqramlar həyata keçirilir. Buna baxmayaraq müəyyən risklər hələ də qalmaqdadır. Azərbaycan iqtisadiyyatı qlobal böhranın təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirmişdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilmiş siyasət, makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlığa dövlət dəstəyi, ixracatçı müəssisələrin dövlət tərəfindən dəstəklənməsi və digər tədbirlər sayəsində mümkün olmuşdur. 2011-ci il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarına çatmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və neft strategiyasının tərkib hissəsi kimi 17 il bundan əvvəl "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ölkəmiz qlobal enerji təhlükəsizliyi sistemində fəal iştirakçıya çevrilmişdir. Azərbaycanın təsdiq olunmuş neftqaz ehtiyatları ölkənin qlobal enerji təhlükəsizliyindəki rolunun artacağından xəbər verir.

Hazırda ölkə rəhbərliyinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasına uyğun olaraq əsas vəzifə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Eyni zamanda, bu müddətdə əhalinin gəlirləri 6,3 dəfə artmış, yoxsulluğun səviyyəsi təxminən 5,4 dəfə azalmışdır. Nazir vurğulamışdır ki, Azərbaycan  Avropa və dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemlərinə inteqrasiya yolunda inamla addımlayır və  regiondünya ölkələri ilə  əməkdaşlığı uğurla davam etdirir. ERRA-nın sədri Qabor Sorenyi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və ötən ilki iclasdan keçən dövr ərzində görülmüş işlər barədə söhbət açmışdır. Qonaq Azərbaycanda şahidi olduğu iqtisadi inkişafdan məmnunluqla danışmışdır.

İki gün davam edəcək iclasda ERRA-nın gələcək fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək, enerji sektorunda tənzimləmə məsələləri və bu sahədə mövcud problemlər barədə məlumatlar dinləniləcək, elektroenerji bazarının inteqrasiyası, bərpa edilən enerjinin tənzimlənməsi və digər məsələlər müzakirə olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.4.