İnam olan yerdə
Sahibkar
qadınlarımız
Yaxşı deyiblər ki, inam olan
yerdə insan hər cür
çətinliklərə sinə gərib öz
arzusuna, istəyinə yetişir.
Sovetlər birliyi 70 il
ömür etdikdən sonra
süquta uğradı. Onun
yerinə yeni iqtisadi-siyasi
sistem gəldi. İşlə, qazan və əvvəlkindən fərqli olaraq, istəyini həyata keçir,
bacardığını et, qur, tik, əvəzində
firavan yaşa.
Müstəqil fəaliyyət göstərməyə meyilli adamlar üçün bu, çox sərfəli oldu.
Onu da qeyd
edək ki, o zaman çoxları çaşbaş
qalmışdılar. "Bəlkə də qaytardılar"
xülyası ilə yaşayanlar, sosializmin tezliklə bərpa olunacağına ümid bəsləyənlər də az deyildi.
Xuraman Əliyeva belələrindən
olmadı. O zaman ticarət sahəsində
çalışırdı. Moskva Kooperativ İnstitutunun
Bakı filialını bitirərək Cəlilabad Rayon Göytəpə Şəhər İstehlak Cəmiyyətində şöbə
müdiri vəzifəsində işləyirdi.
Dövran dəyişəndə isə seçdiyi
peşəsindən ayrılmadı, əksinə, onu daha da
inkişaf etdirdi. Əvvəlcə
işlədiyi Göytəpə mağazasını icarəyə
götürdü. Müxtəlif istehsal, ticarət təşkilatları ilə
əlaqə yaradaraq əhali üçün zəruri olan
mallarla mağazanı işlətməyə
başladı. Göytəpə şəhər, habelə
yaxın qəsəbə və kəndlərin əhalisi
özlərinə lazım olan ərzaq və
təsərrüfat mallarını almaq üçün başqa
yerə üz tutmadılar. "İnsaf dinin
yarısıdır" deyirlər. Biznes
fəaliyyətində o, insaflı
olmağı, satdığı malların üstünə mümkün qədər az
faiz qoymağı başlıca meyar götürdü. Belə
xüsusiyyətlər onun ticarət
dövriyyəsinə müsbət təsir göstərdi. Gətirdiyi mallar yerdə
qalmadı, tez bir zamanda satıldı. Bütün
bunlar isə Xuramana fəaliyyətini
genişləndirməyə imkan
yaratdı. Bir neçə il keçəndən sonra
icarəyə götürdüyü ticarət
obyektini özəlləşdirdi. Ölkədə
gedən özəlləşdirmə proqramına əsasən,
"Namiq-84" Müstəqil Müəssisəsini
yaratdı.
İndi o, artıq sahibkar idi. İlk uğurlar Xuramanı əhaliyə gərəkli
olan digər məsələlərin həllinə
ruhlandırdı. Göytəpə şəhərində 14
minə yaxın əhali yaşayır. Elə vaxt
olur ki, burada bir gündə
bir neçə toy olur. Amma camaat şəhərdə
şadlıq sarayı
olmadığından əziyyət
çəkirdi. Xüsusilə küləkli, yağışlı,
qarlı havalarda çadırda məclis qurmaq mümkünsüz olurdu. Bunları nəzərə alan
Xuraman tezliklə şadlıq evi yaratmağı qərara aldı. Belə bir məsəl var: "Niyyətin hara, mənzilin də ora". Sahibkar qadın neçə-neçə gənc
oğlan və qızın arzusuna çatmasına, ailə həyatı qurmasına öz töhfəsini verdi.
Yuxarıda qeyd etdiyimiz kimi, X.Əliyeva peşə etibarilə ticarətçidir. Lakin
o, qonşu Masallıya
və digər yerlərə gedib işbirliyi qurarkən mebel götürdüyü
müəssisələrin fəaliyyəti,
istehsal prosesi ilə də tanış olurdu. Bir gün
öz-özünə belə
bir sual verdi: "Mən
niyə belə sex yaratmayım? Həm ora-bura getməkdən canım qurtarar, həm də yeni iş yerləri
açmış olaram".
Bu istəyinə çatmaq üçün
də xeyli zəhmət çəkdi,
müxtəlif ünvanlara
üz tutdu, lazım olan avadanlıqları alıb
gətirərək bir
damın altına yığdı. İstehsal üçün
xammal məsələsini
də həll etdikdən sonra bacarıqlı mebel ustalarını işə
cəlb etdi. Qısa vaxt ərzində bu sahədə də uğurlar qazandı. Müəssisəsinin hazırladığı müxtəlif növ mebel dəstləri alıcılar tərəfindən
rəğbətlə qarşılandı.
Sahibkar qadın xeyirxah
əməlləri ilə
də adamların hörmətini qazanıb. İmkansıza, kimsəsizə əl
tutmağı özünə
mənəvi borc hesab edir. Dindirsən, Göytəpə şəhər
sakinlərinin hər biri onun haqqında
xoş sözlər deyəcək. Çünki Xuramanın yanına gələnlərin heç
biri əliboş qayıtmayıb.
Cəlilabad rayonunun ictimai-siyasi
həyatında fəal
iştirak edən sahibkar qadın xalqımız üçün
əziz olan Novruz, Qurban, Ramazan bayramlarında şəhid ailələrinə,
əlillərə, imkansızlara
sovqat göndərir. Qarabağ əlilləri, şəhidləri
həmişə onun diqqət mərkəzindədir.
- İndi Cəlilabad şəhərində
ticarət obyekti tikirik, - deyə Xuraman xanım bildirdi. - İstəyirik,
fəaliyyətimizi genişləndirək,
ölkəmizdə sahibkarlar
üçün yaradılan
imkandan yararlanaq.
Sağ olsun Prezidentimiz, bizim üçün hər bir şərait yaradıb. Heç kəs dəyib-dolaşmır.
Əksinə, kömək edirlər.
Bu yerdə rayon rəhbərliyinin də dəstəyini qeyd etmək istəyirəm.
Lakin hələlik həyata keçirə bilmədiyim
arzularım da var. Ölkə başçısı
ərzaq təhlükəsizliyi
proqramını imzalamışdır.
Cəlilabad torpağı məhsuldardır.
Zəhmət çəksən, əvəzini birə-yüz
qat qaytarır. Biz isə heyvandarlıq
sahəsində öz
gücümüzü sınamaq
fikrindəyik. İstəyirik, əhalinin ekoloji cəhətdən təmiz
ət, süd məhsulları ilə təmin olunmasında iştirak edək. Maliyyə vəsaitimizin çatışmazlığı
hələlik bunu reallaşdırmağa imkan
vermir. Sahibkarlığın İnkişafına Dəstək Fondunun kreditinə ehtiyacımız
var. Ümid edirik ki, kömək göstərəcəklər.
X.Əliyeva qabaqcıl
iş adamı kimi daim öz
təcrübəsini artırır.
O, Azərbaycan Sahibkarlar
Assosiasiyasının üzvü
olaraq indiyədək Almaniya, Rumıniya, Yunanıstan, Türkiyə
və digər ölkələrdə keçirilən
müxtəlif tədbirlərdə
iştirak edib onların qabaqcıl iş üsullarını
öyrənmişdir.
X.Əliyeva həm də qayğıkeş, mehriban
anadır. 1999-cu
ildə həyat yoldaşı vəfat etdikdən sonra 2 oğul, 1 qız övladına həm ata olub, həm
də ana. Minbir əzab-əziyyətlə
onları böyüdüb,
oxutdurub, hər birinə ali
təhsil verib, ev-eşik edib. İndi 4 nəvəsi var.
"Onları görəndə
bütün yorğunluğum,
ağrı-acılarım çıxır,
yadıma keçən
günlər düşür,
fikirləşirəm ki,
onları yelə verməmişəm", - deyir.
Seyran CAVADOV
Azərbaycan.-2011.-23
sentyabr.-S.5.