Ətraf mühitin
təmizliyi həmişə gündəmdədir
Azərbaycanda bütün
dövrlərdə bol kənd təsərrüfatı
məhsulları yetişdirilib. İndi də respublika aqrar sahədə inkişaf
etmiş ölkələrdən biri sayılır. Hələ keçmiş
SSRİ dövründə Azərbaycanın kənd təsərrüfatı
təkcə yerli əhalini deyil, İttifaqın bir
sıra iri şəhərlərini də
təzə tərəvəz, meyvə və üzümlə
təmin edirdi.
Ölkənin əlverişli coğrafi
mövqeyi və iqlim şəraiti, məhsuldar torpağı
bir sıra kənd təsərrüfatı sahələrinin,
o cümlədən bitkiçiliyin inkişafına təkan
verirdi. Geniş sahələrdə texniki bitkilər, əsasən
pambıq yetişdirilirdi. Eyni zamanda, pestisidlərin və kənd
təsərrüfatı üçün kimyəvi maddələrin
çatışmaması texniki bitkilərin, o cümlədən
pambığın məhsuldarlığını
aşağı salırdı. Bu səbəbdən də Azərbaycana
ayrı-ayrı ölkələrdən pestisidlər gətirilirdi.
O zaman 15 rayonlararası pestisidlərlə təminat bazası
fəaliyyət göstərirdi və rayonların hər
birində "Kəndkimya" birlikləri vardı.
Sovet hakimiyyəti dövründə
Sumqayıtda Dixlor-Difenil-Trixloretan (DDT) preparatı istehsal edən
zavod da tikilmişdi. DDT-dən ən çox pambıq sahələrində
istifadə olunurdu. Qeyd edək ki, bu bitkinin istehsalı ildə
2 milyon tona qədər çatırdı.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin
direktor əvəzi Ərəstun Həsənovla da məhz
pestisidlər barədə söhbət etdik. O dedi:
- Bu problem dünyanın bir çox
ölkələrində mövcuddur. Çünki DDT və
indi qadağan olunmuş bir sıra digər preparatların
istifadəsi uzun illər davam edib. DDT-nin istifadəsinə bir
sıra beynəlxalq təşkilatlar qadağa qoysalar da, Azərbaycanda
keçən əsrin 80-ci illərində ondan hələ də
istifadə olunurdu. Bundan əlavə, həmin illərdə
80-dən çox adda 40 min tona yaxın digər zəhərli
kimyəvi maddələr işlədilib. Odur ki, həmin
dövrdən böyük miqdarda qadağan olunmuş pestisidlər
yığılıb qalıb. O zaman bitkilərin mühafizəsi
üçün yararsız kimyəvi vasitələrin
"bolluğu"nun səbəbi bir deyildi. Belə ki,
onları ucuz və çox alırdılar. Preparatların
alışı və bölüşdürülməsi səmərəli
şəkildə planlaşdırılmırdı. Alınmış
preparatlar toksiki idi və ekoloji cəhətdən təhlükə
yaradırdı, pestisidlər vaxtından çox
saxlanılırdı və s.
1989-1990-cı illərdə Bakıdan 53
kilometr aralıda, qayalıq yerdə yararsız və
qadağan olunmuş pestisidlərin basdırılması
üçün poliqon yaradılmışdı. Bu poliqon 182
xüsusi bunkerdən ibarət idi və hər birinin həcmi
32,4 kubmetr təşkil edirdi. Preparatlar onların içinə doldurulur və ağzı beton
plitələrlə örtülürdü.
SSRİ
dağıldıqdan sonra poliqona
nəzarət edilmirdi. Bu səbədən də
bunkerlərin ağzı açılmış, oradakı
pestisidlərin çoxu fiziki
və hüquqi şəxslər tərəfindən
götürülmüş, fermerlərə
və digər istehlakçılara satılmışdı. Lakin 2004-cü
ildən başlayaraq sözügedən problemin həllində yeni
bir mərhələ başlanmışdır.
Belə ki, 2005-2006-cı illərdə
Fitosanitar Nəzarəti üzrə
Dövlət Xidməti tərəfindən bir
sıra zəruri normativ-hüquqi aktlar işlənib hazırlanmış və
qəbul edilmişdir. 2006-cı ilin may ayında Azərbaycan
Respublikasının "Fitosanitar nəzarəti
haqqında" qanunu qəbul edilmişdir.
Ə.Həsənov
bildirdi ki, həmin ilin avqust ayından
sözügedən xidmətin və
çalışdığı nazirliyin
mütəxəssisləri Stokholm
konvensiyasına uyğun olaraq
yararsız və qadağan edilmiş pestisidlərin istifadəsi
hallarının üzə çıxarılması üçün birgə iş
aparmağa başladılar. Hətta toksiki maddələrin məhv edilməsi məqsədilə
ilk əvvəl Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin,
Fövqəladə Hallar Nazirliyinin,
Səhiyyə Nazirliyinin və Kənd Təsərrüfatı
Nazirliyinin mütəxəssislərindən
ibarət komissiya da
yaradılmışdı. Keçirilən monitorinqlər
zamanı pestisidlərin basdırıldığı və
atıldığı bir sıra yerlər
aşkar edilmişdir.
2008-2009-cu illərdə
keçirilmiş monitorinqlər zamanı
əvvəl nəzərə çarpmamış daha neçə belə yerlər
müşahidə olundu. Hazırda respublikada böyük həcmdə
bərk pestisidlər mövcuddur. Duru vəziyyətdə olan
pestisidlər isə 400 tona çatır.
Son illərdə Prezident
İlham Əliyevin qərar və sərəncamlarına
əsasən, ölkədə ekoloji vəziyyətin
yaxşılaşdırılmasına kompleks
tədbirlər yönəldilib. Bunların bir hissəsini də pestisidlərlə
bağlı problemlərin aradan qaldırılması
üçün görülən tədbirlər
təşkil edir. İndi
pestisidlər poliqonu Kənd Təsərrüfatı
Nazirliyinin nəzdində fəaliyyət
göstərən Fitosanitar Nəzarəti
üzrə Dövlət Xidmətinin ixtiyarına verilib. Hazırda bu poliqon dövlət tərəfindən maliyyələşdirilən
təsərrüfat strukturu kimi fəaliyyət göstərir. Poliqon tam yenidən qurulmuş və burada
ölkənin müxtəlif yerlərindən gətirilmiş
7 min tondan çox pestisid
qalıqları basdırılmışdır.
2008-ci ilin dekabrında Bakıda keçirilmiş
regionlararası seminarda pestisidlərdən
səmərəli istifadə məsələsinə bir daha diqqət yetirilmişdir. Nəticədə yeni pestisidlərdən səmərəli
istifadə, köhnələrin isə yığılması
və basdırılması, nəticə etibarilə ətraf
mühitin mühafizəsi sahəsində
xeyli iş görülmüşdür. Cəngi poliqonuna Ağcabədi rayonundan
xeyli toz şəkilli
və Gəncə şəhərində yerləşən anbardan maye pestisidlər gətirilmiş
və basdırılmışdır.
Bununla belə, ölkədə köhnəlmiş
pestisidlərlə bağlı problemlər yenə də mövcuddur. Belə ki,
Ağcabədi, Zərdab, Salyan və digər
rayonlarda aparılan təkrar inventarlaşdırma
zamanı xeyli köhnəlmiş və
istifadəyə yararsız pestisidlər aşkar
edilmişdir. Duru
pestisidlərin ləğv edilməsi ilə bağlı isə
Azərbaycan MEA-nın strukturları ilə, eləcə də
bir sıra beynəlxalq təşkilatlarla,
o cümlədən Fransanın TREDİ
SA şirkəti ilə danışıqlar
aparılmışdır.
Ərəstun Həsənov
həmçinin vurğuladı ki, Azərbaycan
pestisidlər haqqında bütün beynəlxalq
təşkilatların qəbul etdiyi
konvensiyaların əksəriyyətinə daxil
olub:
- Bu baxımdan 2003-cü il
dekabrın 9-da ratifikasiya olunmuş,
davamlı üzvi çirkləndiricilər
haqqında Stokholm konvensiyası xüsusi əhəmiyyət kəsb edir. Bütün konvensiyalardan irəli gələn tələbləri
Azərbaycan Respublikası mütəmadi olaraq
həyata keçirib. Belə ki, bu yönümdə milli fəaliyyət proqramı
hazırlanıb.
Qeyd edək ki, pestisidlərlə
bağlı problemin həllində 20 ildir keçirilən
beynəlxalq forum da böyük rol oynayır. Forum hər iki
ildən bir keçirilir. Forumda bütün ölkələrin
gördüyü, eləcə də görüləcək
işlər haqqında müzakirələr dinlənilir və
diqqət qarşıda duran vəzifələrə yönəldilir.
Bu il sentyabrın 7-9-da keçirilən XI foruma məhz Azərbaycanın
ev sahibliyi etməsi bir daha göstərdi ki, ətraf
mühitin saf və sağlam olması ölkəmiz
üçün həmişə
gündəmdə olan məsələdir.
F.SADIQLI
Azərbaycan.-2011.-23
sentyabr.-S.5.