Azərbaycan Silahlı Qüvvələrinin
erməni ordusundan dəfələrlə və hərtərəfli
üstünlüyü bir daha nümayiş olundu
Rüsvayçı hərbi parad təcavüzkar
ölkənin ordusunun yalnız quru adının
qaldığını və Ermənistanın hələ də
«forpost» olduğunu növbəti dəfə aydın göstərdi
Ermənistanda sosial-iqtisadi problemlərin miqyasının
durmadan genişlənməsi, əhalinin sayının sürətlə
azalması, getdikcə daha dərin kök salan korrupsiya və
bu qəbildən olan digər neqativ hallar
işğalçı orduya da öz təsirlərini göstərməkdədir. Döyüş qabiliyyəti kifayət
qədər zəif olan erməni ordusu faktiki məhvinin
astanasına çatıb. Bunu düşmən ölkənin
xeyli müddətdir cidd-cəhdlə
hazırlaşdığı, lakin Ermənistan ordusunun
yalnız quru adının qaldığını növbəti
dəfə göstərən hərbi parad da aydın şəkildə
üzə çıxardı.
Xatırladaq ki, Ermənistanın
müstəqilliyinin 20-ci ildönümü münasibətilə
ölkənin paytaxtında silahlı qüvvələrin hərbi
paradı keçirilmiş və bu tədbir kifayət qədər
ciddi insidentlərlə müşayiət olunmuşdur. Erməni
mətbuatının verdiyi xəbərə görə, sabiq
prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryan fəxri
qonaqlar üçün nəzərdə tutulmuş tribunaya gəlməkdən
imtina etmişlər.
Hərbi paradda Rusiya hərbi hissələrinin
iştirakı da qalmaqala səbəb olmuşdur. Paradda Rusiya hərbçilərinin
öz dövlətlərinin bayrağı altında
keçid etməsi Yerevanda narazılıq
yaratmışdır. Belə ki, Gümrüdəki Rusiya
bazası hərbçilərinin paradda iştirakına etiraz
edən qrup yürüş keçirməyə cəhd
göstərmişdir. "Facebook" sosial şəbəkəsi
ilə təşkil olunmuş qrup "Ermənistan
Rusiyanın bir hissəsi deyil", "Əcnəbi bayraqlara
yox" kimi şüarlar yazılan plakatlar
qaldırmış, aksiya keçirmişdir. Polis aksiyanın
genişlənməsinə imkan verməmiş və tədbirdə
Rusiya hərbçilərinin iştirakına etiraz edən fəallar
saxlanılmışlar. Ən maraqlısı isə sonradan
onların jurnalist olduqları məlum olmuşdur.
Ermənistan mətbuatında bildirilir ki, ümumiyyətlə,
sözügedən tədbirə 4 minə qədər hərbi
qulluqçu, 300-dən çox hərbi texnika cəlb
olunmuşdur. Paradda Rusiyanın Gümrüdə yerləşən
102 saylı hərbi bazasının birləşmələri
və qondarma Dağlıq Qarabağ respublikasına məxsus
qanunsuz hərbi dəstələr iştirak etmişdir. Digər
bir informasiyaya görə isə, hərbi paradda nümayiş
etdirmək üçün silah-sursatı olmayan Ermənistan
iqtidarı Gümrüdəki 102 saylı bazaya məxsus
arsenaldan yararlanmaq istəmişdir. Rusiyalı hərbçilər
isə ermənilərə etibar etmədikləri
üçün özləri paradda keçid etmişlər.
Ermənistan televiziyasının birinci
kanalı paraddan əvvəl reportaj
hazırlamışdır. Həmin reportajda deyilir:
"Hazırlanan "militari-şou" şərəfsizlik
paradıdır. Milli qürurun ifadə forması kimi
keçirilməsi nəzərdə tutulan parad mahiyyət etibarilə milli
biabırçılığa çevriləcək.
Çünki həmin paradda Rusiya bayrağı altında rus
sərhədçilərinin ölkənin əsas
meydanından keçməsi gözlənilir. Parad zamanı
rus hərbçilərinin keçməsindən daha çox
məhz sərhədçilərin keçməsi ermənilər üçün
biabırçılıqdır. Biz göstəririk ki, guya,
bizim silahımız var, baxın, qorxun, ancaq eyni zamanda rus sərhədçiləri
keçərək göstərəcəklər ki, əgər
biz özümüz öz sərhədlərimizi qoruya bilmiriksə,
bunların hamısı heç nədir. Biz öz
qapımızı qoruya bilmirik və bu missiyanı Rusiyaya həvalə
edirik. Müstəqil və suveren ölkənin bundan nümayişkaranə
rüsvayçılığını təsəvvür etmək
belə çətindir".
Bu hərbi paradın Ermənistanın
Azərbaycan qarşısında gücsüzlüyünü
göstərən növbəti hal kimi çıxış
etməsi isə beynəlxalq miqyasda da açıq etiraf
olunur. Rusiyanın "Regnum" agentliyi parada
çıxarılmış hərbi texnika və silah sistemlərini
təhlil edərək belə qənaətə gəlmişdir
ki, yayda Bakıda keçirilmiş Azərbaycan Silahlı
Qüvvələrinin paradı daha təsirli olmuşdur.
Agentlik yazır ki, xüsusən hərbi hava qüvvələri
sahəsində Ermənistan Azərbaycandan geridə qalır:
"Döyüş təyyarələri baxımından
yeniliklər gözə dəymədi. Respublika meydanı
üzərindəki səmada yalnız Mi-24 və Mi-8
vertolyotları uçuş keçirdi. Bütün bunlar nəzərə
alınsa, döyüş təyyarələri üzrə
regional balans Azərbaycanın xeyrinədir... Son illər Azərbaycanın
yiyələndiyi Su-25 və Miq-29 təyyarələri ona səmada
üstünlük verir. Hazırda Azərbaycan bölgədə
müasir qırıcılara malik yeganə ölkə olaraq
qalır". Pilotsuz təyyarələrə də toxunan
agentlik Azərbaycanın özünün də belə təyyarələr
istehsal etdiyini yazır.
Zenit-raket komplekslərinə gəlincə,
"Regnum" bu sahədə də Azərbaycanın
üstünlüyü ələ aldığını
yazır: "Silahların bu növündə də qüvvələr
balansı Azərbaycanın xeyrinədir, çünki Azərbaycan
Ukraynadan 12 ədəd "Smerç" almış, bundan
başqa, onun "Uraqan" tipli kompleksi də var".
Bütün
bunlar Azərbaycanın Ermənistandan kifayət qədər
böyük hərbi üstünlüyə malik olduğunu
bir daha təsdiq edir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirir ki, hazırda
erməni ordusunda başıpozuqluq və intizamsızlıq
halları sürətlə artır. Onun sözlərinə
görə, Ermənistan ordusu hər il onlarla hərbi
qulluqçusunu itirir və onların əksəriyyəti
qeyri-döyüş şəraitində həlak olur. Araşdırmalar göstərir ki,
qeyri-döyüş şəraitində itkilərin
yaşanmasına əsas səbəb orduda xəstəliyin
tüğyan etməsi, əsgərlərin hərbi hissələrdən
kənar şəxsi işlər görməyə vadar edilməsi,
intihar, döyülmə, müxtəlif qəza və nizamnamədən
kənar davranışlardır. Özü də bu kimi hallara
əsas etibarilə müddətli həqiqi hərbi xidmətə
çağırılmış
çağırışçılar məruz qalır. Ordudakı yüksək vəzifəli zabitlərin
özbaşınalıqları, rüşvətxorluğu,
şəxsi heyəti kiçik komandirlərin (çavuş
heyəti) idarə etməsi, onların da nizamnamədən kənar,
nalayiq davranışları və orduda "dedovşina"
hallarının davam etməsi isə müddətli xidmət
edən əsgərlər arasında fərariliklə yanaşı, intihar
hallarının sayının da sürətlə artmasına
səbəb olur.
Əvvəlki
kimi Ermənistan ordusunda əxlaqsızlıq məsələsi
də ciddi problem olaraq qalır. Belə ki, zabit,
çavuş və gizirlər tərəfindən hərbi
qulluqçuların zorlanması və onlara müxtəlif
üsullarla təcavüz edilməsi, döyülməsi,
zabitlərin hətta hərbi qulluqçuların valideynləri
ilə cinsi əlaqəyə girməsi və zorlama
faktının şəxsi heyət tərəfindən
aşkarlanması halları da ötən illərlə
müqayisədə xeyli çoxalmışdır. Silahlı Qüvvələrdə şəxsi heyət
arasında homoseksuallığa meyilli hərbi
qulluqçuların sayı da artmışdır ki,
onların arasında zabitlərin,
gizirlərin də sayı az deyil. Ümumiyyətlə, hərbi
hissələrdə məişət şəraiti çox
ağır olduğundan homoseksuallığa meyilli hərbi
qulluqçular xidmətdən qurtulmaq
üçün qəsdən bu yola əl atırlar. Əvvəllər
bu cür hərbi qulluqçular ordu sıralarından dərhal
tərxis edilirdisə, keçən ildən həmin şəxslər
barəsində həkim komissiyası rəy verdikdən sonra
müvafiq qərar qəbul edilir.
Bundan
başqa, komandir heyəti tərəfindən əsgər
valideynlərinin pul gətirməyə vadar edilməsi, hərbi
qulluqçuların qeyri-qanuni yolla, həmçinin pul
müqabilində hərbi hissədən kənara
buraxılması halları, hərbi qulluqçular tərəfindən
mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin
əmlakının oğurlanması, əhaliyə
qarşı zor tətbiq etmə, zorlama, təcavüz və
digər belə hadisələrin törədilməsi ilə
bağlı faktların sayı da artmaqdadır. O da bildirilir ki, orduda şəxsi heyət arasında
narkotik maddə qəbul etmə halları da sürətlə
yayılmaqdadır və narkotik maddələrin hərbi hissələrə
gətirilməsi, şəxsi heyətə satılması
planlı şəkildə zabit-gizirlərin himayəsi
altında çavuş heyəti tərəfindən həyata
keçirilir.
Korrupsiya, hərbi
əmlakın talan edilərək ucuz qiymətə
satılması və bu qəbildən olan digər mənfi
tendensiyaların da miqyası çoxalmaqdadır. Hərbi xidmətə
çağırılan hərbi qulluqçuların
sağlamlıqlarına son dərəcə biganə
yanaşılması, tibbi ləvazimat, hospital
çatışmazlığı da davam etməkdədir.
Komandir və rəislər hərbi xidmətə
çağırılan hərbi qulluqçuların
sağlamlıqlarına son dərəcə biganə
yanaşırlar. Araşdırmalar göstərir ki, bir
sıra çağırışçıların səhhətində
ciddi qüsurlar, hətta bəzilərinin ciddi psixi problemləri
olsa belə onlar ordu sıralarına
çağırılmaqda davam edir. O da məlumdur
ki, Ermənistan ordusu ildən-ilə daha ciddi şəkildə
çağırışçı problemi ilə üzləşir
və hərbi hissələrin komplektləşdirilməsi
mümkünsüz xarakter alır. Əsas səbəblərdən
biri isə Ermənistanda demoqrafik problemin getdikcə daha da dərinləşməsidir.
Bütün bunlar Ermənstan ordusunun ağır vəziyyətə
düşdüyünü və faktiki məhvinin
astanasına çatdığını göstərir.
İşğalçı
ölkədə yaşanan məlum hadisələr bir daha onu
söyləməyə əsas verir ki, erməni ordusu həm
maddi təchizat və hərbi güc, həm də şəxsi
heyət arasındakı mənəvi-psixoloji durum və
döyüş hazırlığı əhval-ruhiyyəsi
baxımından Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə
olunmayacaq dərəcədə geridir. Azərbaycanın
Silahlı Qüvvələrinin inkişafına dövlət
tərəfindən göstərilən yüksək diqqət
və qayğı, ölkəmizin hərbi büdcəsinin
Ermənistanın bütünlüklə dövlət
büdcəsini 50 faiz ötməsi, ölkəmizdə
güclü və modern hərbi-sənaye kompleksinin
yaradılması və 500-ə yaxın adda hərbi təyinatlı
məhsulun buraxılması, qələbə qazanmaq
iqtidarında olan ordunun formalaşdırılması Azərbaycan
Silahlı Qüvvələrinin hərb cəbhəsində
istənilən üstünlüyü əldə edəcəyinə
tam zəmanət verir.
Azərbaycan Silahlı
Qüvvələrinin iyunun 26-da keçirilən təntənəli
hərbi paradı ordumuzun hərbi potensialını,
döyüş imkanlarını növbəti dəfə
nümayiş etdirdi. Təntənəli hərbi paradda Azərbaycan
Silahlı Qüvvələrinin vəziyyəti, keyfiyyəti
bir daha ictimaiyyətə təqdim edildi. Göstərildi ki,
ordumuz, demək olar, keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Dünya standartlarına uyğun
müasir ordu sistemi yaradılmışdır. Silah təchizatında
ciddi addımlar atılmışdır. Bir sıra ölkələrin
arzuladığı müasir silahlar artıq Azərbaycan
Ordusunun cəbbəxanasına daxil edilmişdir. Bütün
dünya gördü ki, Azərbaycan həm quruda, həm havada
düşməni məhv etmək üçün ən
müasir silahlara malikdir. Cılız, dağınıq,
köhnə silahlara malik, nizamsız erməni ordusunun isə nəyə
qadir olduğunu özlərinin "parad"ı göstərdi.
Bir daha sübut olundu ki, Ermənistan
ordusu elə onun "müstəqil"liyi kimidir.
Elçin CƏFƏROV
Azərbaycan.-2011.-23
sentyabr.-S.6.