Azərbaycan mediasında dil xüsusiyyətləri məsələsi
müzakirə olunmuşdur
Sentyabrın 22-də Azərbaycan Mətbuat
Şurasında "Mediada dil
amili" mövzusunda
"dəyirmi masa" keçirilmişdir.
AzərTAc
xəbər verir ki, bu, Şuranın Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə
reallaşdırdığı "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi
çərçivəsində keçirilən ikinci
toplantıdır.
MŞ-nin sədri Əflatun Amaşov
layihənin yekunlarına həsr olunmuş
tədbirdə Azərbaycan mediasında dil
xüsusiyyətlərindən danışmış, bu sahədə Şuranın
apardığı monitorinq barədə məlumat
vermişdir.
Mediada ədəbi dil
normalarının tez-tez pozulmasının
müşahidə olunduğunu qeyd edən Ə.Amaşov
KİV-də ana dilindən istifadə
xüsusiyyətlərinə dair monitorinqin nəticələrini
açıqlamışdır. Bildirilmişdir
ki, bu sahədə
21786 qanun pozuntusu qeydə
alınmışdır. Araşdırmalar bir
neçə istiqamətdə aparılmış, leksik, qrammatik və üslub pozuntuları müəyyən olunmuşdur. Qrammatik pozuntular - morfoloji və sintaktik qaydalara əməl
olunmaması istiqamətlərində qeydə
alınmışdır. Pozuntuların 305-i leksik,
2061-i morfoloji, 7418-i sintaktik
qaydalara əməl edilməməsi,
14056-sı üslub pozuntuları ilə
bağlı olmuşdur. Leksik
pozuntular əsasən dialekt
və şivələrin, terminologiyaların və neologizmlərin
istifadəsi ilə əlaqədar olmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"Xalq qəzeti"nin əməkdaşı İlham Abbasov
və başqaları mövcud sahədəki problemlərin
aradan qaldırılması yollarından
danışmışlar. Onlar həyata keçirilmiş layihənin,
aparılan monitorinqin mediada ədəbi dil normalarının
pozulması hallarının aradan qaldırılmasına
kömək edəcəyini bildirmişlər. Mövzu ilə
bağlı fikir mübadiləsi aparılmış, rəy və
təkliflər səsləndirilmişdir.
Azərbaycan.-2011.-23
sentyabr.-S.6.