Azərbaycan Mətbuat
Şurasının «Xural» qəzeti ilə
bağlı bəyanatı
Son günlər
"Xural" qəzetində Azərbaycan
Mətbuat Şurası sədrinin və qurumun
İdarə Heyətinin üzvlərinin şərəf və
ləyaqətinin təhqirinə yönələn
çoxsaylı yazılar dərc olunmaqdadır. Bu məqalələrdə
ictimai əhəmiyyət daşıyan
şəxslərin tənqidinin yolverilən
hüdudlarından tamamilə kənara
çıxılır, Mətbuat Şurasının fəaliyyətinə
kölgə salmağa, nüfuzuna
xələl gətirməyə yönələn yalanlara, böhtanlara və
əsassız mülahizələrə meydan
verilir. Yazıların hər birində ifrat fikirlər, jarqonlar yer alır ki, bunların nəşrin
baş redaktoru Əvəz
Zeynallının şuraya nifrət və
qəzəbindən qaynaqlandığı aşkar
görünür. Sivil
mətbuat üçün bu cür təqdimat tərzi
yaddır, yolverilməzdir.
"Xural" qəzetində əvvəllər də
Mətbuat Şurası barədə həqiqətə
söykənməyən yazılar, qərəz və təhqirlər
dərc edilib. Lakin bu proses Şuranın
İdarə Heyətinin 2011-ci il 19 sentyabr tarixli
iclasının qərarından sonra daha intensiv şəkil
alıb. MŞ İdarə Heyəti həmin gün
ölkənin müxtəlif bölgələrindən quruma daxil olan
şikayətləri araşdıraraq "Xural"
qəzetinin adını Mətbuat Şurasının "qara siyahı"sına daxil
edib. Qərarın
çıxarılmasında bu qəzet
barədə MŞ-nin Şikayətlər
üzrə Komissiyasının, "Reket jurnalistika"ya
qarşı mübarizə Komissiyasının rəyləri əsas
götürülüb.
İndiyədək
Mətbuat Şurasının təcrübəsində bir nəşr barədə 6 şikayətə
eyni gündə baxılması təcrübəsinə
rast gəlinməmişdi. Bu
mənada "Xural" birincidir.
Mətbu orqan son bir neçə ildə haqqında şuraya müraciət ünvanlanan
qəzetlərin sırasında da ön mövqedə dayanır. Cəmiyyətin
müxtəlif təbəqələrini əhatə edən
şikayətçilər "Xural"ın hədə-qorxularından,
şantajlarından, jurnalist peşəsi
ilə bir araya
sığmayan cılız hərəkətlərindən və
həmin hərəkətlərin çoxalaraq
əndazədən çıxmasından narazılıqlarını
bildiriblər. Şuradan mətbu orqana ünvanlanan məktublarda
qəzet rəhbərliyi cavabdeh qismində
MŞ-yə dəvət olunub, şəxsən
Ə.Zeynallıya qurumun Şikayətlər
üzrə Komissiyasının iclasında iştirakla
bağlı çağırışlar edilib.
Lakin qarşı tərəf məsələyə
əhəmiyyətsiz yanaşaraq
"Xural"ın Mətbuat Şurasının üzvü olmadığını və buna görə də şuranın kütləvi
informasiya vasitəsilə əlaqədar
şikayətə baxmaq səlahiyyətinin
çatmadığını əsas gətirib. Halbuki bir çoxları kimi, Ə.Zeynallıya
da məlum olmamış deyil
ki, MŞ ölkə jurnalistlərinin I
qurultayında qəbul olunmuş Nizamnaməsinə,
eləcə də "Mətbuat Şurasına şikayətlərin
verilmə və onlara baxılma
qaydaları"na istinadən Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri (qəzet,
jurnal və
informasiya agentlikləri) ilə
bağlı şikayətlərə baxa
bilər. Qurum "Xural"ın
"qara siyahı"ya salınması
barədə qərar çıxararkən də səlahiyyətlərini
rəhbər tutub. Ona əsaslanıb ki, bu mətbu orqanın indi MŞ İdarə Heyətinin üzvlərinə
qarşı başladığı təhqir, böhtan,
nüfuzdansalma kampaniyası əslində
cəmiyyətin demək olar, bütün təbəqələrinin təmsilçilərinə
ünvanlanmış tərzdə davam etdirilir və bu qəzet öz "ampulasına" sadiqdir.
Nəşr hərəkətləri ilə sanki
birgə yaşayışımızla bağlı, hörmətlə
yanaşdığımız bütün
dəyərlərə açıq demarş
xətti tutub.
Mətbuat
Şurası "Xural" qəzetinin ucuz populizm yaratmaq,
Ə.Zeynallının özünü fədakar,
qəhrəman obrazında təqdim etmək istəyini təkcə
MŞ İdarə Heyətinin üzvlərinə qarşı
deyil, nəşrdən haqlı
narazılıq bildirən bütün
şəxslərə yönələn bağışlanılmaz
halları ört-basdır etmək cəhdi kimi dəyərləndirir. Redaksiya təkcə bir yazısına deyil (redaksiya bu günlərdə
bir yazısına görə üzr istəyib), MŞ-də müzakirə olunan 6 şikayətə səbəb məqalələrdəki
nalayiq təqdimatına görə də orada adları çəkilən şəxslərdən
üzr istəməli, təkzib verməlidir.
"Xural"ın
mövqeyi ölkədə qərarlaşan
söz və mətbuat azadlığı
prinsiplərindən sui-istifadədir, şəxsi mənafe və
məqsədlər naminə bəşəri dəyərlərlə
imitasiya yoludur. Mətbuat Şurası 8 illik fəaliyyəti
boyunca belə dəst-xəttə malik olanları çox görüb, onlarla
mübarizədə uğur
qazanmağı bacarıb. Çünki qurumun müdafiə etdiyi
prinsiplər düzgünlüyə, saflığa
çağırış ruhludur və
mediamızın nəsillərə örnək təmiz
adının özünə qaytarılmasına yönəlib.
Bu yolda "Xural" və onun kimilər
hər hansı maneə yaratmaq
iqtidarında ola bilməzlər.
"Xural" və baş redaktoru Ə.Zeynallı ölkənin media aləmində Mətbuat
Şurasının adı və nüfuzu
ilə bağlı prosesləri görməməklə, yaxud özünü
görməzliyə vurmaqla sivil mətbu mühitdən təcrid vəziyyətə
düşüb. Bəyanatımız
bütün bunların nəşr barədəki
müzakirələrin media müstəvisindən
tədricən çıxmağa gətirdiyini bildirmək zərurətindən
qaynaqlanır. İctimaiyyətin bizi düzgün başa
düşməsini istərdik - məsələdə tək
səbəbkar məhz "Xural"
qəzetidir.
Mətbuat
Şurası İdarə Heyətinin üzvlərinə
qarşı həqarət onları seçən ölkə
jurnalistlərinə yönələn münasibətin ifadəsidir.
Belə münasibət üçün adekvat cavab yalnız hüquqi müstəvidə ola
bilər. Bu, bizim son seçimimizdir.
Bəyanat Azərbaycan Mətbuat
Şurasının 2011-ci il 22 sentyabr tarixli iclasında
müzakirə edilərək qəbul olunmuşdur.
Azərbaycan.-2011.-23
sentyabr.-S.6.