Azərbaycan Prezidenti İlham Əliyevin Quba və Qusar rayonlarına səfəri
Qubada Heydər Əliyev Mərkəzi
açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidenti abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. Məlumat verildi ki, ulu öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 1998-ci ildə ümummilli liderin 75 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Ötən müddət ərzində park şəhər əhalisinin sevimli istirahət guşələrindən birinə çevrilmişdir. Aparılan yenidənqurma işləri nəticəsində park daha da müasirləşmiş və gözəlləşmişdir. Burada müasir işıqlandırma sistemi yaradılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir. Parkda ulu öndər Heydər Əliyevin abidəsinin yaxınlığında təbii və dekorativ daşlardan istifadə olunmaqla möhtəşəm şəlalə kompleksi yaradılmışdır.
Dövlətimizin başçısı Heydər Əliyevin abidəsinin müəllifi, xalq rəssamı, akademik Ömər Eldarov ilə görüşdü.
Bildirildi ki, ulu öndərin abidəsi Ukraynadan gətirilən qırmızı qranitdən hazırlanmışdır. Parkın ərazisində ümummilli lider Heydər Əliyevin adının əbədiləşdirilməsi və onun əvəzolunmaz xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi də inşa olunmuşdur.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Diqqətə çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılmışdır. Ümummilli liderin irsinin gənc nəsillərə çatdırılması üçün mərkəzdə virtual tədris sinifləri, üç konfrans zalı, kompyuter mərkəzi, kitabxana vardır. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, 3D kinozalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına və onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır. Mərkəzdə yeməkxana, mətbəx, milli rəqs studiyası da yaradılmışdır.
Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısı Quba rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərək dedi:
- Əziz dostlar, sizi ürəkdən salamlayıram. Bu gün həm
Quba, həm ölkəmiz üçün çox gözəl
bir gündür.
Qubada gözəl, əzəmətli, möhtəşəm
Heydər Əliyev Mərkəzi açılır. Bu münasibətlə
hamınızı ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, ölkəmizdə son illər
ərzində tikilən Heydər Əliyev mərkəzlərinin
bəlkə də ən yaraşıqlısı, möhtəşəmi
və funksional baxımdan ən gözəli Quba mərkəzidir.
Bu mərkəz həm şəhərə əlavə
yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin
keçirilməsi üçün bütün şərait
vardır. İndi mərkəzlə tanış
olarkən gördüm ki, həm konfrans zalı, kinoteatr, dərnəklər,
kafe fəaliyyət göstərir. Elə etməliyik ki, mərkəzdə
daim iş getsin, Quba sakinləri, Qubanın qonaqları bu mərkəzdən
səmərəli şəkildə istifadə etsinlər.
Bu il biz müstəqilliyimizin bərpasının
20-ci ildönümünü qeyd edirik. Ölkəmiz 20 il ərzində imkanlarını böyük dərəcədə
genişləndirə bilmişdir. 20 il əvvəl
- müstəqilliyimizin ilk illərində sual meydana
çıxırdı ki, Azərbaycan necə inkişaf edəcək?
On ildən, 20 ildən sonra necə ölkə
olacaq? Bildiyimiz kimi, müstəqilliyimizin
ilk illəri bizim üçün ağır illər kimi
yadda qalıb, tarixdə qalıb. Ulu
öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən
sonra - 1993-cü ildə ölkəmizdə yeni dövr
başladı. Azərbaycan müstəqil
ölkə kimi yaşamağa başladı və qısa
müddət ərzində vəziyyət sabitləşdi,
iqtisadi tənəzzülə son qoyuldu. İqtisadi
inkişaf başladı, ölkəyə investisiyalar gəlməyə
başladı. Azərbaycan dünya
birliyində özünə layiq yerini tuta bildi.
O vaxt Azərbaycan
xalqı çox müdrik qərar qəbul etmişdir, ulu
öndərə müraciət edib onu hakimiyyətə dəvət
etmişdir və 1993-cü ildən bu günə qədər
Azərbaycan yalnız inkişaf yolu ilə gedir. Bizim inkişafımız həm ölkə vətəndaşları
tərəfindən qiymətləndirilir, eyni zamanda, beynəlxalq
təşkilatlar Azərbaycanda gedən prosesləri
yaxından izləyir və nüfuzlu beynəlxalq təşkilatlar
Azərbaycana yüksək reytinqlər verir. Bu, gördüyümüz işlərə beynəlxalq
ictimaiyyət tərəfindən verilən qiymətdir. Əlbəttə, bu, çox sevindirici haldır,
bizi daha da ruhlandırır. Ancaq ən əsası
odur ki, Azərbaycan xalqının bütün bu işlərə
verdiyi qiymət ən vacib məsələdir.
Artıq 20 il
müstəqil ölkə kimi yaşayan Azərbaycan gələcəyə
çox böyük ümidlərlə və nikbinliklə
baxır. Çünki bu günə qədər
qəbul edilmiş bütün proqramlar icra edilir. Bir dənə də olsun yubanma, geriləmə
yoxdur. Hər bir sahəni əhatə edən
konkret proqramlar ölkəmizin hərtərəfli
inkişafına xidmət göstərir. Bu
proqramlardan regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramını xüsusilə qeyd etmək istərdim. 2004-cü ilin fevralında qəbul edilmiş bu
proqram artıq ikinci mərhələsinə qədəm
qoyubdur. Proqramın
icrası nəticəsində Azərbaycanın bölgələri
böyük dərəcədə inkişaf edibdir. Bölgələrin inkişafı bizim
üçün əsas məsələ kimi 2004-cü ildə
qarşıya qoyulmuşdur, bu gün də belədir.
Bu gün
bölgələrdə görülən işlər
artıq deməyə imkan verir ki, proqramın böyük hissəsi
icra edilib, 100 minlərlə iş yeri
açılıbdır. Bütün şəhərlərimiz,
rayon mərkəzlərimiz abadlaşıb, gözəlləşib.
İnfrastruktur layihələri icra edilir. Bütün ölkəmizdə yol çəkilişi
layihələri icra edilir. İndi hər
bir rayon mərkəzində, hər bir şəhərdə
içməli su, kanalizasiya layihələri icra edilir,
qazlaşdırma prosesi uğurla gedir. İnsanların
normal yaşaması üçün lazım olan bütün
digər tədbirlər görülür. Xəstəxanalar, məktəblər, idman
qurğuları, idman kompleksləri yaradılır. Bu inkişafı qubalılar öz rayonlarının
timsalında da görə bilirlər.
Qubada çox gözəl
Olimpiya Kompleksi, ən yüksək standartlara cavab verən
Müalicə-Diaqnostika Mərkəzi, möhtəşəm
Heydər Əliyev Mərkəzi tikilmişdir. Rayonda infrastruktur layihələri icra edilir. Bakı-Quba avtomobil yolu istismara verilmişdir və
çox rahat, gözəl, beynəlxalq standartlara uyğun bir
yoldur. İndi Bakıya və qonşu
rayonlara çox rahat getmək mümkündür.
Kəndlərdə abadlıq işləri
aparılır. Qubanın çox böyük turizm
potensialı vardır. Əfsuslar olsun ki, əvvəlki
dövrdə biz bu imkanlardan lazımi səviyyədə
istifadə edə bilməmişik. Ancaq
indi turizmin inkişafına daha da böyük diqqət
göstərilir. Qubada beşulduzlu
mehmanxananın tikintisi gedir, digər turizm kompleksləri
yaradılır və yaradılmalıdır. Bir sözlə, Quba rayonunun hərtərəfli
inkişafı üçün son illər ərzində kifayət
qədər diqqət göstərilmişdir, vəsait
ayrılmışdır. Yaxın zamanlarda
əlavə vəsait ayrılacaqdır.
Quba Azərbaycanın qədim şəhəridir, qədim
diyarımızdır. Azərbaycanın qədim şəhərlərinə
dövlət tərəfindən diqqət də xüsusi məna
daşımalıdır.
Bizim bütün şəhərlərimiz
abadlaşır. Hər bir rayonda, hər bir qəsəbədə
inkişaf gedir. Hər bir rayonun, şəhərin
inkişafı Prezident kimi mənim üçün əhəmiyyətlidir
və vacibdir. Ancaq tarixi nöqteyi-nəzərdən
Azərbaycanda elə qədim diyarlar, şəhərlər
var ki, onların adları qədim xəritələrdə də
göstərilir. Quba da o şəhərlərin
arasında özünə layiq yer tuta bilmişdir. Buna görə Qubaya xüsusi diqqət göstərilməlidir.
Gələcəkdə rayonun sosial-iqtisadi inkişafı
üçün əlavə tədbirlər görüləcəkdir. Burada həm iş yerləri
yaradılır və yaradılmalıdır, sosial infrastruktur
yenilənməlidir, məktəb tikintisi gedir, daha da sürətlə
getməlidir. İndi məktəb tikintisi
bütün ölkəmizdə geniş vüsət
almışdır. Elə etməliyik ki, ən
ucqar kənd məktəbi də yüksək səviyyədə
tikilsin.
Kənd yollarına xüsusi diqqət göstərilir. Son vaxtlar Prezidentin Ehtiyat Fondundan
müxtəlif kənd yollarının tikintisi
üçün vəsait ayrılmışdır. Quba rayonuna isə bəlkə də hamıdan əvvəl
vəsait ayrılmışdır.
Yadınızdadır, bir neçə il
bundan əvvəl Quba-Xınalıq yolu əsaslı şəkildə
tikilmişdir və daim nəzarətdə
saxlanılmalıdır. Çünki siz
yaxşı bilirsiniz, orada təbii şərait elədir ki, bəzi
hallarda yol sıradan çıxır, dərhal bərpa
olunmalıdır. Bütün
yollarımız tikilməlidir, insanların normal
yaşaması üçün bütün şərait
yaradılır və yaradılmalıdır.
Azərbaycanın bugünkü uğurlu inkişafı
yenə də deyirəm, dünya ictimaiyyəti tərəfindən
də yüksək qiymətləndirilir. Azərbaycan
bölgədə ən güclü dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi bizim
ölkədə formalaşır. Azərbaycanda
demoqrafik vəziyyət çox yaxşıdır və əhalimiz
ildən-ilə artır. Artıq 9 milyon
100 min əhalimiz var və getdikcə daha da artacaqdır.
Əlbəttə ki, təbii sərvətlərimiz
bizə inam, əlavə qüvvə verir. Biz bu imkanlardan səmərəli şəkildə
istifadə edirik. Hər bir vətəndaş
bu müsbət dəyişiklikləri öz həyatında
görməlidir və biz bunun üçün
çalışırıq.
Beləliklə, bölgələrin inkişafı və
qeyri-neft sektorunun artması nəticəsində işsizlik
kimi böyük bir bəla aradan qaldırılır. Bu il Azərbaycanın
iqtisadi inkişafı, inkişaf templəri o qədər də
yüksək deyildir. Bunun da səbəbi
ondadır ki, neftin hasilatı bir qədər azalmışdır
və bu, ümumi göstəriciyə dərhal təsir
göstərir. Ancaq bu, artıq əsas məsələ
deyildir. Əsas məsələ ondadır
ki, qeyri-neft iqtisadiyyatımız artır. Bu,
onu göstərir ki, vaxtilə neft sənayesinə qoyulan vəsait
artıq qeyri-neft sənayesinin inkişafı üçün
işləyir. Bu, onu göstərir ki,
düşünülmüş proqramların icrası nəticəsində
biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələlərinə
də nail ola bilmişik. Gələcəkdə
biz hər bir bölgənin özünə xas olan xüsusiyyətlərindən
səmərəli şəkildə istifadə etməliyik.
Turizm, kənd təsərrüfatı,
yüngül sənaye, emal sənayesi - bu sahələr bu
bölgə üçün daha da önəmlidir və əminəm
ki, gələcəkdə bu məqsədlərə
çatmaq üçün əlavə tədbirlər
görüləcəkdir.
Bildiyiniz kimi, mən dəfələrlə Qubada
olmuşam və vəziyyətlə maraqlanmışam. Bu gün də
bəzi tədbirlərdə iştirak edəcəyəm.
Demək istəyirəm ki, əmin ola bilərsiniz,
Qubada gedən proseslər daim mənim nəzarətim
altındadır, mən burada gedən işlərlə daim
maraqlanıram. Burada yenilikləri, gözəl
binaları, abadlığı görəndə mən də
sizin kimi sevinirəm.
Mən
bir daha sizi bu gözəl hadisə - ulu öndərin adına layiq olan möhtəşəm mərkəzin
açılışı münasibətilə təbrik edirəm.
Sizə cansağlığı və uğurlar
arzulayıram. Sağ olun.
Rayon
ictimaiyyətinin nümayəndələri adından
çıxış edən Habil BAYRAMOV Qubaya göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirərək
dedi:
- Möhtərəm
cənab Prezident! İcazə verin, Sizi
bütün Quba ictimaiyyəti adından salamlayım, gözəl,
füsunkar təbiətə malik olan rayonumuza "Xoş gəlmisiniz!"
deyim.
Biz müstəqil Azərbaycanımızın bu
gününə görə hər birimizin borclu olduğu dahi
şəxsiyyət Heydər Əliyevin adını
daşıyan, gənclərimizin and yeri olacaq möhtəşəm
bir mərkəzin açılışına toplaşmışıq. Hələ
sovetlər dövründə respublikamıza rəhbərlik
etdiyi illərdə ümummilli lider Azərbaycanı geridə
qalmış aqrar ölkədən inkişaf etmiş sənaye
ölkəsinə çevirmişdi. Biz fəxr
edirik ki, ulu öndərin qurub yaratdığı müstəqil
Azərbaycanın taleyi bu gün etibarlı əllərdədir.
Qürur hissi ilə deyirik ki, biz Sizin rəhbərlik
etdiyiniz Azərbaycanın vətəndaşlarıyıq. Azərbaycan
dünyanın heç bir ölkəsinin nail ola
bilmədiyi sürətli inkişafa nail olmuşdur. Bu
inkişaf Sizin uzaqgörən və
müdrik rəhbərliyinizlə respublikamızın hər
bir vətəndaşının rifah halının yüksəlməsinə
yönəlmiş mühüm sosial və iqtisadi layihələrin
həyata keçirilməsi nəticəsində mümkün
olmuşdur. Bu gün xalqımız qüdrətli
Vətənimizdə çox rahat yaşayır.
Bütün bunlar Sizin rəhbərlik
etdiyiniz müstəqil Azərbaycanımızın
bugünkü reallıqlarıdır.
Ölkəmizin hər bir guşəsi kimi, Quba rayonu da
inkişaf etməkdədir. Sizin diqqətiniz və
qayğınız sayəsində Quba tanınmaz dərəcədə
dəyişmiş, inkişaf etmiş, insanlarımızın
rifah halı yaxşılaşmışdır. Qısa
müddət ərzində rayonda Olimpiya İdman Kompleksi,
Müalicə-Diaqnostika Mərkəzi, "Şahdağ"
modul tipli elektrik stansiyası
istifadəyə verilmiş, 60-dan çox məktəb
binası tikilmiş və təmir edilmiş, çoxlu sayda mədəniyyət
və turizm obyektləri, sənaye müəssisələri,
ticarət mərkəzləri yaradılmış, park və
xiyabanlar salınmış, yeni yollar çəkilmiş, kənd
və qəsəbələrimiz
abadlaşdırılmışdır. Qafqazın ən
hündür və ucqar yaşayış məntəqələrindən
olan Xınalıq kəndinə yolun
açılışı zamanı Siz demişdiniz ki, əgər
biz Xınalığa yol çəkə biliriksə, deməli,
Azərbaycanda həlli mümkün olmayan layihə ola bilməz. Bəli, Siz bizim
sözü bir, əməli bir Prezidentimizsiniz. Sizin fəaliyyətiniz bütün insanlar, xüsusən
də gənclər üçün nümunə və
örnəkdir. Biz Sizinlə fəxr edirik, cənab
Prezident!
Erməni
vandalizminin əyani sübutu olan Quba Soyqırımı
Memorial Kompleksinin yaradılması barədə sərəncamınız
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
bu möhtəşəm abidə kompleksinin tikintisinə
başlanılması bir daha onu göstərdi ki, Siz və
çox hörmətli Mehriban xanım xalqımızın qan
yaddaşının qorunub saxlanılmasına və Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasına
nə qədər həssaslıqla yanaşırsınız.
Cənab
Prezident, mən rayonumuzun qədim elm-təhsil ocağı olan
Əmsar kənd tam orta məktəbinin direktoruyam. Mən və bütün pedaqoji kollektivimiz Sizin rəhbərliyiniz
altında ölkəmizdə aparılan işlərin,
şagirdlərimizin dünyagörüşünə, ölkəmizdə
gedən proseslərin onların vətənpərvər ruhda
böyümələrinə necə müsbət təsir
etdiyinin şahidiyik. Yeri gəlmişkən, onu da məruzə
etmək istəyirəm ki, bu il məktəbimiz
üçün də əlamətdar hadisə ilə
yaddaqalan olmuşdur. Belə ki, məktəbimiz "İlin ən
yaxşı təhsil müəssisəsi" müsabiqəsinin
qalibi olmuş və Sizin sərəncamınızla
10 min manat məbləğində pulla
mükafatlandırılmışdır.
Çıxışımın sonunda qeyd etmək istəyirəm
ki, xalqımız dövlət müstəqilliyinin 20 illiyini
qeyd etməyə hazırlaşır. Tarix, zaman göstərmişdir
ki, dövlət müstəqilliyini əldə etmək, onu
qoruyub saxlamaq nə qədər qürurverici olsa da, bir o qədər
çətindir və şərəflidir. Azərbaycanımızın
dövlət müstəqilliyi ulu öndərimiz tərəfindən
mərdlik, cəsarət və şərəflə qorunub
saxlanılmış, bu gün isə Sizin rəhbərliyiniz
altında daha da möhkəmlənmiş, ölkəmiz
güclənmiş və qüdrətlənmişdir. Bu işdə Sizə böyük uğurlar və
müvəffəqiyyətlər arzulayıram. Sizi əmin
etmək istəyirəm ki, rayonumuzun gəncləri,
ziyalıları, bütün qubalılar daim Sizin
ətrafınızdadır və bütün işlərdə
Sizə uğurlar diləyirik. Çox sağ
olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-25 sentyabr.-S.1-2.