Qubada avtovağzal
istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, son illər ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşımaların beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu istiqamətdə nəinki paytaxt Bakıda, eyni zamanda regionlarda müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılmışdır. Bu avtovağzallardan biri də Quba şəhər avtovağzalıdır.
Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilmişdir. Ərazidə yaşıllıq salınmışdır. Avtovağzal binasında sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyevə bildirildi ki, avtovağzal kompleksinin ərazisində əsas və köməkçi binalar inşa olunmuşdur. Binanın birinci mərtəbəsi ana və uşaq otağından, perrona iki çıxışdan, kassa otağından, kafedən və gözləmə zalından ibarətdir. Binanın ikinci mərtəbəsində iclas zalı, istirahət guşəsi və inzibati otaqlar yerləşir.
Diqqətə çatdırıldı ki, avtovağzal paytaxt Bakıya və əks istiqamətdə, o cümlədən Rusiyaya gedən avtobusların və sərnişinlərin buradan yüksək səviyyədə istifadəsi üçün bütün lazımi avadanlıqla təchiz edilmişdir. 2011-ci ilin "Turizm ili" elan edilməsi və Quba rayonunun da turizm baxımından cəlbedici ərazi olması buraya turistlərin axınını sürətləndirmişdir. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığına xidmət edəcəkdir.
Prezident İlham Əliyev avtovağzalda avtobuslarla tanış oldu.
Dövlətimizin
başçısı görülmüş işləri
yüksək qiymətləndirdi, tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-25 sentyabr.-S.2.