Prezident İlham Əliyev Qubada
Nizami adına mədəniyyət və istirahət
parkında aparılan yenidənqurma işləri ilə
tanış olmuş, Şahmat Məktəbinin
açılışında iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
Quba rayonuna səfəri çərçivəsində Nizami
adına mədəniyyət və istirahət parkında
aparılan yenidənqurma işləri ilə tanış
olmuş, Şahmat Məktəbinin
açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısı Nizami adına mədəniyyət və
istirahət parkında aparılan yenidənqurma işləri
ilə tanış olmuşdur. Prezident İlham Əliyevə
burada aparılan abadlıq-quruculuq işləri barədə məlumat
verildi. Bildirildi ki, parkda ictimai iaşə və sosial obyektlərin
yenidən qurulması və fasad hissələrinin plitələrlə
üzlənməsi işləri görülmüşdür.
Parkın ərazisinə daxil olan və Quba şəhəri
ilə Qırmızı Qəsəbəni birləşdirən
pilləkən kompleksi yenidən qurulmuşdur. Burada
açıq havada xalqımızın görkəmli şəxsiyyətlərinin
heykəllərindən ibarət "Şəxsiyyətlər
muzeyi" yaradılmış, həmçinin Nizami Gəncəvinin
əsərlərinin reproduksiyası əsasında 16 panno, yeni
işıqlandırma və suvarma sistemləri qurulmuşdur.
Parkın ərazisində
hündürlüyü 18 metr olan qala
yaradılmışdır. Qalanın üzərində 12 metr
hündürlüyündə Azərbaycan
Respublikasının dövlət bayrağı
ucaldılmışdır. Parkda yerləşən birmərtəbəli
Şahmat Məktəbinin köhnə binası
sökülmüş, yerində ikimərtəbəli yeni
bina inşa edilmişdir.
Prezident İlham
Əliyev Şahmat Məktəbinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Top fiquru
formasında inşa olunan Şahmat Məktəbinin binası
parka xüsusi gözəllik verir. Məktəbin birinci mərtəbəsinin
foyesində ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə şahmatın
inkişafına və şahmatçılara göstərdikləri
yüksək diqqət və qayğını əks etdirən
fotoguşələr yaradılmışdır. Burada
1983-cü ildə fəaliyyətə başlayan Quba Şahmat
Məktəbinin və onun yetirmələrinin əldə
etdikləri nailiyyətlər, kubok və diplomlar
nümayiş olunur.
Məktəbin
birinci mərtəbəsində kompyuter salonu və 6 məşğələ
otağı fəaliyyət göstərir. Bütün otaqlar
simsiz internet şəbəkəsi ilə təmin
edilmişdir. İkinci mərtəbədə 300-350
idmançının eyni vaxtda mübarizə apara biləcəyi
zal vardır. Zalda keçirilən yarışları
monitorlar vasitəsilə də izləmək
mümkündür. Burada məşğələ otaqları
və inzibati otaqlar yerləşir.
Diqqətə çatdırıldı
ki, Quba Şahmat Məktəbinin rayondakı 11 ümumtəhsil
məktəbində nümayəndəlikləri də fəaliyyət
göstərir.
Dövlətimizin
başçısı görülmüş işləri
yüksək qiymətləndirdi, tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.3.