Xaçmaz Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur.

Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər vardır. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.

Qeyd olundu ki, xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunmuşdur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanmışdır. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaqdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi, ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır.

Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Prezident İlham ƏLİYEV xaçmazlıları salamlayaraq dedi:

- Xoş gördük. Sizi rayon xəstəxanasının yeni korpusunun əsaslı təmirdən sonra açılışı münasibətilə təbrik edirəm. İki il bundan əvvəl xəstəxananın digər korpusları təmir edilmişdir, şərait yaxşıdır. Bu korpus qalmışdı, indi bu da artıq həll olundu. Şərait yaxşıdır. Həkimlərin iş şəraiti yaxşıdır və burada xəstələrə də yaxşı xidmət göstərilməlidir.

Beləliklə, Xaçmaz Rayon Xəstəxanasının əsaslı şəkildə təmiri başa çatmışdır. Eyni zamanda, deyə bilərəm ki, bütün şimal zonasının səhiyyə problemləri öz həllini tapmaqdadır. Bakıdan Xaçmaza qədər bütün rayonlarda - Siyəzəndə, Şabranda səhiyyə ocaqları tikilmişdir. Bu yaxınlarda Xızıda gözəl Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir. Qubada da Müalicə-Diaqnostika Mərkəzi tikilib və rayon xəstəxanası təmir edilib. İndi Xaçmazın, demək olar ki, səhiyyə ilə bağlı bütün əsas məsələləri öz həllini tapır. Qusarda böyük xəstəxana tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Yəni xəritəyə baxsaq görərik ki, Bakıdan ta sərhədə qədər bütün rayonlarda ya mərkəzi rayon xəstəxanaları əsaslı təmir edilmişdir, ya da ki, yeni diaqnostika mərkəzləri tikilmişdir. Bütün başqa bölgələrdə də buna oxşar işlər gedir. Bütün bölgələrdə səhiyyə ocaqları tikilir, xəstəxanalar təmir edilir, avadanlıq quraşdırılır. Bir sözlə, son illər ərzində Azərbaycanda səhiyyə ilə bağlı problemlər uğurla həllini tapır. Bunu həm Azərbaycan vətəndaşları görür, həm də beynəlxalq təşkilatlar bu sahədə aparılan islahatlara yüksək qiymət verirlər.

Bu yaxınlarda Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin konfransı keçirildi. Avropanı təmsil edən bütün ölkələrdən nümayəndələr gəlmişdilər. Konfransda Dünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən Azərbaycanda səhiyyənin vəziyyəti ilə  bağlı çox müsbət rəylər səslənmişdir ki, Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsi də inkişaf edir. Həqiqət ondan ibarətdir ki, son illərdə bu sahəyə qoyulan sərmayə bir neçə dəfə artmışdır. Dövlət büdcəmizdə səhiyyə məsələlərinə ayrılan xərclər bir neçə dəfə artmışdır. Bu vəsaitin hesabına bütün bölgələrdə xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilir. Beləliklə, əminəm ki, biz yaxın iki il ərzində səhiyyə sisteminin maddi-texniki bazasının yenilənməsi ilə bağlı əsas məsələlərə nail olacağıq. Yəni o məsələlər öz həllini tapacaqdır.

 Qaldı ki, gərək bu mərkəzlərdə, xəstəxanalarda yaxşı tibbi xidmət göstərilsin. Onun üçün həkimlərin həm peşəkarlığı  yüksəlməlidir, həm də onlar öz biliklərini artırmalıdırlar. Eyni zamanda, beynəlxalq əlaqələr də genişlənməlidir. Bizim həkimlər xarici klinikalarda təcrübə toplamalıdırlar. Eyni zamanda, biz dünyanın aparıcı tibbi mərkəzlərindən Azərbaycana həkimlərin ezam edilməsi məsələləri ilə məşğuluq. Bir sözlə, Azərbaycanda insanların sağlamlığı üçün bütün lazımi məsələlər həll olunur.

Əlbəttə ki, tibbi xidmət məsələnin bir tərəfidir. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, insanın sağlamlığı üçün vacib olan digər amillər də var - ekologiya, içməli su, təmiz hava, idman. Bütün bu amillər də çox vacibdir. Biz elə etməliyik ki, Azərbaycanda bütün bu sahələr dünya standartları səviyyəsində olsun.

İndi həm Bakıda, həm bölgələrdə içməli su ilə bağlı layihələr həyata keçirilir. Veriləcək suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır. Azərbaycanda bütün işlər dünyanın ən gözəl təcrübəsinə uyğun olmalıdır. O cümlədən səhiyyə məsələləri ilə bağlı olan vəziyyət də bu istiqamətdə inkişaf etməlidir.

Mən çox şadam ki, həm bölgələrdə, həm Bakıda böyük, yeni, müasir səhiyyə ocaqları tikilir. Bu proses uğurla davam edir və davam edəcəkdir. Azərbaycanda səhiyyə sistemi dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıdır və qalxacaqdır. Bu günə qədər görülən işlər bunu deməyə əsas verir.

Eyni zamanda,  bu gün Xaçmazda digər tədbirlər də vardır. Bu tədbirlərdə, açılışlarda iştirak edəcəyəm. Çox şadam ki, yenidən Xaçmazdayam. Xaçmaz rayonunda dəfələrlə olmuşam, vəziyyətlə tanışam. Bilirəm ki, burada son illər ərzində yaxşı işlər gedir, müsbət dəyişikliklər həyata keçirilir. Bu gün yenidənqurmadan sonra Heydər Əliyev Mərkəzi ilə tanış oldum. Xalça muzeyi tikilibdir, gedib baxacağam. Şahmat məktəbi, kitabxana, zavodlar fəaliyyətə başlayır. Müdafiə sənayesi zavodları tikilir. Əlbəttə ki, Xaçmazın böyük turizm potensialı var və bu potensialdan Azərbaycan vətəndaşları istifadə edirlər. Çox istərdim ki, burada fəaliyyət göstərən turizm obyektləri də dünya səviyyəsində olsun. Həm xidmət, həm də ki, orada yaradılan şərait baxımından.

Xaçmazda çox böyük abadlıq işləri aparılır. Siz xaçmazlılar  bunu yaxşı görürsünüz və bütün bu işlərin iştirakçılarısınız. Bu, məni çox sevindirir. Yeni gözəl binalar tikilir, köhnə binalar təmir edilir. Mən görürəm ki, xaçmazlılar və yerli icra orqanları bu işlərə çox böyük məhəbbətlə, zövqlə yanaşırlar. Çox istəyirlər ki, Xaçmaz daha da gözəlləşsin. Ancaq onu da deyə bilərəm ki, bu gün Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Mən ölkəmizin bütün yerlərində olmuşam. Elə bir yer yoxdur ki, orada olmayım. Bəzi yerlərdə dəfələrlə olmuşam. Əlbəttə, deyə bilərəm ki, son illər ərzində Xaçmazda abadlıq işlərinə göstərilən diqqət öz nəticəsini verir. Siz xaçmazlılar haqlı olaraq  fəxr edə bilərsiniz ki, şəhəriniz gözəlləşir, abadlaşır. Hazırda həm abadlıqla, həm infrastruktur layihələri ilə bağlı həyata  keçirilən layihələr gələcəkdə daha da yaxşı vəziyyətə gətirib çıxaracaqdır.

Xaçmazda olimpiya kompleksi tikilir. Göstərişi mən vermişəm. Çünki Xaçmaz kimi böyük rayonda mütləq müasir olimpiya kompleksi olmalıdır. Qazlaşdırma gedir, kəndlərə qaz çəkilir. Qaz proqramını da biz 2013-cü ilə qədər həll etməliyik. Bütün kəndlərə qaz verilməlidir. Su layihəsi icra ediləcəkdir. O layihə də iki il ərzində, bəlkə ondan da tez öz həllini tapacaqdır. Yəni bütün məsələlər - səhiyyə, təhsil, infrastruktur, qazlaşdırma, içməli su, yol çəkilişi. Bakı-Xaçmaz yolunun böyük hissəsi artıq istismara verilib, qalan hissə də tikiləcəkdir. Beləliklə, hökumətin üzərinə düşən bütün vəzifələr icra edilir. Mən çox şadam ki, xaçmazlılar da bütün bu işlərdə fəal iştirak edirlər. Xaçmaz rayonu da, şəhəri də gözəlləşir, abadlaşır. Bu xəstəxana da indi yaxşı səviyyədədir. Arzu edirəm ki, heç kim xəstələnməsin, hamı sağlam olsun. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

 

Həkim Mahirə KƏRİMOVA ölkəmizin səhiyyə sisteminin təkmilləşməsinə və Xaçmaz rayonunun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinlərinin minnətdarlığını çatdıraraq dedi:

 

- Möhtərəm cənab Prezident!

Bu gün yüksək zövqlə qurulmuş müasir avadanlıqla təchiz olunmuş bu xəstəxana binası biz tibb işçilərinə və xaçmazlılara yeni bir töhfə oldu. Mən bir həkim kimi səmimi etiraf etməliyəm ki, bu cür müasir tibb ocaqları əvvəllər rayonlarımızın bir çoxunda yox idi. Amma Sizin Azərbaycan vətəndaşlarının gələcəyini düşünməyiniz sayəsində ölkəmizin bütün bölgələrində yeni tibb müəssisələri tikilib istifadəyə verilmişdir. Bu da əhalimizə ən yüksək tibbi xidmətin göstərilməsinə kömək edir. Bu sevinci bizə bəxş etdiyinizə görə, cənab Prezident, Sizə xaçmazlılar və tibb işçiləri adından dərin minnətdarlığımızı bildiririk.

Əlbəttə, biz tibb işçiləri başa düşürük ki, bu cür müasir tibb ocaqlarında işləmək böyük məsuliyyət tələb edir. Sizin bu töhfənizə cavab olaraq əmin edirəm ki, biz tibb işçiləri səylə işləyəcəyik.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan səhiyyəsi günbəgün yaxşılaşır. Azərbaycan səhiyyəsi ən inkişaf etmiş ölkələrin səviyyəsinə çatmışdır.

Mahirə Kərimova hər bir vətəndaşın müntəzəm olaraq tibbi müayinədən keçirilməsi barədə dövlətimizin başçısının tapşırığını da insanların sağlamlığına göstərilən qayğının təzahürü kimi qiymətləndirdi. O, indi ölkənin müxtəlif regionlarında müasir müalicə-diaqnostika mərkəzlərinin istifadəyə verilməsinin bu xeyirxah məqsədin reallaşmasındakı həlledici rolundan danışaraq dedi:

- Möhtərəm cənab Prezident, Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın apardığı  siyasət gənclərimizin, övladlarımızın sağlam və təhsilli böyüməsi üçün hər cür şərait yaradır. Mehriban xanımın diqqəti sayəsində Azərbaycan səhiyyəsi yüksək səviyyəyə çatmışdır. Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma bütün xaçmazlılar, bütün tibb işçiləri adından dərin minnətdarlığımızı çatdırıram.

Cənab Prezident, Sizə bu işlərinizdə yeni nailiyyətlər, cansağlığı arzulayırıq. Tanrı sizə yar olsun.

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 3; 4.