Prezident İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun
açılışında iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
əsaslı yenidənqurmadan sonra Quba-Qəçrəş-Qımılqazma
yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısına məlumat verildi ki, uzunluğu 22 kilometr, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma
yerli əhəmiyyətli avtomobil
yolunun əhatə etdiyi
yaşayış məntəqələrindəki əhalinin
sayı 26 min nəfərdir. Həmin yol uzun müddət istismarda olduğundan təmirə
ehtiyacı var idi. Yol yenidən qurularkən alt
qatı 7, üst qatı 5 santimetr
olmaqla ikiqat asfaltla örtülmüşdür.
Yağış sularının axıdılması üçün suötürücü
qurğular quraşdırılmış,
yolun dar hissələri
genişləndirilmişdir. Yol müvafiq nişanlarla təchiz olunmuşdur.
Bildirildi ki, Azərbaycanda
yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi,
yeni körpülərin və yol ayırıcılarının tikilməsi,
magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrətin nümayişi
baxımından əlverişli imkanlar açır. Dövlətimizin başçısının
tapşırıqlarına əsasən regionlarda
yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir.
Prezident İlham Əliyev
yolda kənd sakinləri ilə söhbət
etdi. Qəçrəş
kəndinin sakini Həzrətəli XANMƏDOV
bu yolun yenidən
qurulmasını əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
atılan mühüm addım kimi dəyərləndirdi və kənd sakinlərinin
minnətdarlığını dövlətimizin
başçısına çatdıraraq dedi:
- Bu yoldan 15-dək
yaşayış məntəqəsinin əhalisi, bir də qonaqlar istifadə
edirlər. Məhz Sizin təşəbbüsünüz,
Sizin tapşırığınız, Sizin qayğınız nəticəsində bu yol çox
yüksək səviyyədə təmir olunub.
Möhtərəm Prezidentimiz! Göstərilən
bu diqqət və qayğıya görə
bütün camaatımız adından, yəni
bu yolun üstündə
olan bütüm camaat adından Sizə dərin təşəkkürümüzü
və minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun! Dədə-babadan qalan
sözdür: Yol
çəkdirmək savab işdir.
Allah Sizdən razı olsun!
Prezident İlham ƏLİYEV:
Çox sağ olun. Mən sizi bu yolun
açılışı münasibətilə təbrik edirəm.
Doğrudan da, bu yolun çox
böyük əhəmiyyəti
vardır. Hər bir yolun
əhəmiyyəti vardır. Xüsusilə indi
bu şəkillərdə göstərilir
və mən də əvvəllər bu yolla getmişəm. Yol çox bərbad vəziyyətdə idi. Torpaq yol
idi, sıradan
çıxmışdı, camaat əziyyət
çəkirdi. İndi gözəl yol çəkilib. Burada yaşayan insanlar üçün çox
gözəl şərait yaradılıb. İndi
gediş-gəliş asanlaşacaq, turistlər
gələcək. Qubanın inkişafı üçün
bu yol çox
böyük əhəmiyyət
daşıyır. Əvvəlki dövrdə biz
Xınalığa yol çəkdirdik. İndi Xınalıqdan gələn
dostlarımız buradadır. Xınalıqlıları
salamlayıram.
Xınalıq
SAKİNİ: Xınalıqlıların salamını Sizə
yetiririk. Sizə uzun ömür, cansağlığı arzu edirik.
Prezident İlham
ƏLİYEV: Sağ
olun. İndi başqa kəndlərə
də yollar çəkilir - həm Qubada, həm də ölkəmizin hər bir yerində.
Kənd yollarının çəkilişi
hazırda bizim üçün ön plana çıxır.
Çünki biz əsas magistral
yolları tikmişik,
ya da ki,
tikinti gedir və başa çatmaq üzrədir.
Bütün magistral yollar,
Bakı-Quba yolu necə də gözəl olubdur. Rahat, tez gəlmək olur. Dördzolaqlı yoldur, həm
təhlükəsizdir, həm
də rahatdır.
İndi şəhərlərarası yollar
tikilir və tikiləcəkdir. İndi növbə
gəlib kənd yollarına. Biz bu məsələ ilə ciddi məşğuluq. Bütün ölkə
üzrə kənd yolları tikilir. Dövlət
büdcəsində də
vəsait vardır.
Harada ki, vəsait çatışmır, Prezidentin
Ehtiyat Fondundan vəsait ayrılır və bu il, gələn il, yenə də
ayrılacaqdır. Elə etməliyik
ki, bütün kənd yollarımız bu səviyyədə olsun. Camaat əziyyət çəkməsin.
Rahat yaşasın, işləsin,
qonaq getsin qonşu kəndlərə.
Hər cəhətdən
rahat yol ki oldu həyat,
necə deyərlər, daha da rahat olur,
gözəl olur. Eyni zamanda, bu, iqtisadi
cəhətdən də
sərfəlidir. Çünki
elə kəndlər var ki, orada,
misal üçün,
tibb məntəqəsi
tikmək bəlkə
də lazım deyil, yol yaxşı
olarsa, gedib qonşu kənddə
müalicə almaq olar. Məktəb də həmçinin.
Ona görə bu, doğrudan da gözəl hadisədir.
Quba ümumiyyətlə
gözəlləşir, - Siz
də görürsünüz,- abadlaşır. Gözəl binalar tikilir, müəssisələr açılır,
inkişaf gedir.
SAKİN: Respublikanın
hər yerində, o cümlədən Qubada. Hər bir bölgədə.
Çox sağ
olun.
Prezident İlham ƏLİYEV: Sizi
bir daha təbrik edirəm. Cansağlığı arzulayıram.
***
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.3.