Azərbaycan Prezidenti Xaçmazda Xalça Muzeyinin açılışında iştirak etmişdir

 

Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Xaçmazda Xalça Muzeyinin açılışında iştirak etmişdir.

Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında məşhur xalçaçı rəssam Kamil Əliyevin "Heydər Əliyevin xalça portreti" əsəri xüsusi əhəmiyyət kəsb edir. Ekspozisiyadan aydın görünür ki, bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli gəlir. Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Xalqımızın tarixini və  mədəniyyətini əks etdirən bu sənət növünə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünyanı Azərbaycan xalçalarının sehrinə salır.

Sonra Prezident İlham Əliyev Xalça Muzeyinin yerləşdiyi binada yaradılan uşaq-gənclər kitabxanasının fəaliyyəti ilə tanış oldu.

Bildirildi ki, kitabxanada xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sənət adamları, şair və yazıçılarla görüşlərini əks etdirən fotolar sərgilənir. Bununla yanaşı, Prezident İlham Əliyevin Xaçmaza səfərlərinin əks olunduğu fotolar da kitabxanaya gələnlərə təqdim edilir. Bildirildi ki, 1200 kvadratmetr sahəsi olan kitabxanada uşaq və gənclər üçün hər cür şərait yaradılmışdır. Burada toplanan müxtəlif mövzulara aid kitablar ölkəmiz haqqında məlumatları əldə etmək, dünyada baş verən elmi-texniki yeniliklərdən xəbər tutmaq baxımından əhəmiyyətlidir. Burada quraşdırılan kompyuterlərin internetlə təchiz olunması da elektron ədəbiyyatın istifadəsi baxımından müstəsna imkanlar açmışdır. Bundan əlavə, burada sərgi zalı, gənclər kitabxanası, kitab fondu yerləşir. Fondda 29 min kitab qorunur. Kitabxanada oxu və konfrans zalları, balacalar üçün nağıl otağı da yaradılmışdır.

Prezident İlham Əliyev Xalça Muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən razılığını bildirdi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 4.