Bağçılıq, meyvələrin
çeşidlənməsi və saxlanması üçün soyuducu
anbar kompleksi ilə tanışlıq
Azərbaycan
Prezidenti İlham Əliyev "İKAR-S" MMC tərəfindən
Qubada inşa edilən bağçılıq, meyvələrin çeşidlənməsi
və saxlanması üçün soyuducu anbar kompleksi ilə
tanış olmuşdur.
Məlumat
verildi ki,
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq
Sahibkarlığa Kömək Milli Fondu respublikanın regionlarında meyvə-tərəvəz
məhsullarının saxlanılması üçün
ümumi dəyəri 114,8 milyon
manat, kredit tələbatı 64,3 milyon manat və tutumu 108,1 min ton olan 32 soyuducu
anbar kompleksini maliyyələşdirmişdir.
Bu layihələrdən 18-i başa çatdırılaraq istifadəyə
verilmişdir. Digər layihələrin isə
inşası davam etdirilir.
Dövlətimizin
başçısı kompleksin ərazisinin
yaxınlığındakı alma
bağı ilə tanış oldu. Bildirildi ki, sahibkarlıq subyekti tərəfindən 145 hektar
ərazidə məhsuldar alma
bağları salınmışdır. Bu
bağlardan ildə 45-50 tonadək yüksək
keyfiyyətli alma yığılır.
Hazırda Quba rayonunda
alma istehsalı 110 min
ton təşkil edir. Son 6 il ərzində
rayonda intensiv salınan alma bağlarının
sahəsi 583 hektardır.
2011-ci ilin birinci
yarısında salınan
belə bağların
sahəsi isə 72 hektar təşkil edir. Bağda yerli və xarici
alma növləri yetişdirilir.
Prezident İlham
Əliyev anbarda yaradılan şəraitlə
tanış oldu. Məlumat verildi ki, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2,9 milyon manat güzəştli kredit verilmişdir. İnvestisiya
layihəsi üzrə
rayonun Vəlvələ
kəndinin 3,2 hektar ərazisində Almaniya istehsalı olan soyutma sistemləri
və Hollandiyanın
"ULO" sistemləri ilə
təchiz edilən, tutumu 6 min ton olan soyuducu anbar, laboratoriya və digər köməkçi
binalar tikilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanmış,
bu ilin sentyabrında
başa çatdırılmışdır.
Layihənin icrası nəticəsində
54 nəfər işlə
təmin edilmişdir.
Komplekslə tanış olan dövlətimizin başçısı
tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.4.