Ramiz MEHDİYEV:
Ekstremizmə qarşı mübarizədə əməkdaşlığın
gücləndirilməsi dünyada baş verən proseslərlə
əlaqədar getdikcə daha çox aktuallıq kəsb edir
Xəbər verdiyimiz kimi, sentyabrın 21-22-də Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilmişdir.
Görüşdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.
Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi beynəlxalq görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev gündəliyin birinci məsələsi üzrə "Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi Ramiz Mehdiyevin məruzəsi
-
Hörmətli görüş iştirakçıları,
xanımlar və cənablar!
Gündəliyin
müzakirə edilən məsələsi - ekstremizmə
qarşı mübarizədə əməkdaşlığın
gücləndirilməsi dünyada baş verən proseslərlə
əlaqədar getdikcə daha çox aktuallıq kəsb edir.
Ekstremizm dövlətlərin və cəmiyyətlərin həyatında
yeni hadisə deyildir. Onun bu və ya digər şəkildə
təzahürləri bir sıra ölkələrdə
olmuşdur və indi də vardır. Ekstremizmə ən
ümumi formada müxtəlif məsələlərə ifrat
baxışların tərəfdarı olmaq kimi tərif
verilir. Lakin ekstremizm, sadəcə, radikal baxışların
ifadəsi deyildir. Çox vaxt o, ciddi cinayətlər törədilməsinə
səbəb olur.
Son onillikdə biz çox vaxt terror aktları,
kütləvi iğtişaşlar və digər
zorakılıq formaları ilə müşayiət olunan
ekstremist fəaliyyətin qlobal genişlənməsinin
şahidləri olmuşuq. Yoxsulluq, sosial-iqtisadi
qeyri-bərabərlik, miqrasiya axınları, kənardan
müdaxilə, münaqişə zonalarının mövcud
olması dünyanın bir sıra regionlarında gərginliyin
saxlanmasına və kəskinləşməsinə, bu da
öz növbəsində ekstremist əhval-ruhiyyələrin
güclənməsinə gətirib çıxarır.
İstər ən yoxsul, istərsə də iqtisadi cəhətdən
ən çox inkişaf etmiş ölkələri əhatə
edən dünya iqtisadi böhranı da ekstremizmin artmasına
təsir göstərməyə bilməzdi.
Müasir
ekstremizmin xüsusiyyətləri arasında
aşağıdakıları fərqləndirmək olar:
- Müxtəlif
ekstremist qrupların regional və qlobal proseslərə təsirinin
artması;
-
Ekstremistlərin fəaliyyətində qəddarlığın
artması;
- Ən
yeni texniki nailiyyətlərdən, o cümlədən sosial
şəbəkələr, internetdə forumlar kimi kommunikasiya
sistemlərindən istifadə edilməsi;
-
Ekstremist fəaliyyət formalarının müxtəlifliyi.
Ekstremizmin
çoxsaylı formaları arasında ən təhlükəli
formalar kimi milli və dini ekstremizmi qeyd etmək
lazımdır. Onların
dağıdıcı potensialı olduqca böyükdür,
çünki onlar böyük insan qruplarını, hətta
bütöv xalqları da əhatə edə bilər.
Təəssüflə qeyd etməliyəm ki, ekstremizmin
dağıdıcı nəticələri Azərbaycandan da
yan keçməmişdir.
Məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar
separatizm ucbatından bu gün ölkəmizin ərazisinin 20
faizi Ermənistan Respublikası tərəfindən
işğal edilmişdir.
Bu qədər genişmiqyaslı millətçi
ekstremizm və separatizm nəticəsində bir milyona yaxın
azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. İşğal
edilmiş ərazilərdə, o cümlədən Xocalı
şəhərində azərbaycanlıların kütləvi
şəkildə qırılması faktları qeydə
alınmışdır. Xocalıda
heç bir təqsiri olmayan yüzlərlə qadın,
uşaq, qoca öldürülmüşdür. 2000-dən çox dinc vətəndaşın həyatı
bahasına başa gəlmiş və qarşıdurma xəttindən
neçə kilometr kənarda törədilmiş onlarca terror
aktı konkret məqsədin reallaşdırılması - Azərbaycan
ərazisinin bir hissəsinin onun əlindən alınması
üçün həyata keçirilmişdir. Bu halda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin əsasını ekstremizm və
separatizm təşkil edir və bu münaqişə
bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə
və sabitliyə təhdid mənbəyidir.
Qafqaz regionunda digər ekstremist qüvvələr də
millətçilik kartı ilə oynamağa çalışırlar.
Onlar müxtəlif kütləvi informasiya vasitələrinin
və internetin köməyi ilə millətçi
dözümsüzlük, milli azlıqlar arasında ekstremist və
separatçı əhval-ruhiyyələrin
qızışdırılmasına yönəlmiş təbliğat
aparırlar. Bir sıra hallarda bu qüvvələrin fəaliyyəti
transsərhəd xarakteri daşıyır.
Bununla bərabər, millətçi ekstremizm bizim
üzləşdiyimiz ekstremizmin yeganə forması deyildir. Dini, daha dəqiq
desək, dini-siyasi ekstremizm də getdikcə genişlənməyə
başlayır.
Bu gün müxtəlif ekstremist qruplar öz məqsədləri
üçün radikal dini ideyalardan istifadə etməklə
dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə
yönəlmiş fəaliyyəti həyata keçirməyə
çalışırlar. Onlar cəmiyyətdə
sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə
çalışırlar.
Dini
ekstremistlərin fəaliyyəti nəticəsində yaranan təhlükəni
artıra biləcək bəzi risk amillərini qeyd etmək
lazımdır.
Məlumdur ki, sovet dövründə dini təhsil sahəsində
boşluq yaranmış, dini ənənələrin və
baxışların nəsildən-nəslə keçməsində
əlaqə kəsilmişdir. Bu, nəticə
etibarilə əhali arasında dini savadsızlığın
artmasına gətirib çıxarmışdır. Keçən əsrin 90-cı illərindən
başlayaraq bu boşluq sürətlə dolmağa
başlamışdır. Ekstremist təmayüllü
çoxsaylı dini qruplar və təşkilatlar da bundan
istifadə etməyə çalışırlar.
Onlar çox vaxt bu məsələdə marağı
olan xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən
maliyyələşdirilir.
Bu qruplar öz tərəfdarları sırasına ənənəvi
din haqqında ən adi təsəvvürü olmayan
insanları cəlb edir, onları yabançı və məhdud
dini mədəniyyət bazasında öyrədir və
ölkədə vəziyyətin sabitliyini pozmağa göndərirlər. Çox vaxt
bu adamları xaricdə öyrədir, bu halda müəyyən
dini ideyaların zorla qəbul etdirilməsi ilə kifayətlənməyib,
döyüş vərdişlərinin öyrədilməsi də
nəzərdə tutulur.
Dini ekstremistlər öz ideyalarını yaymaq və təsirini
gücləndirmək üçün əhalinin müəyyən
təbəqələrinin, xüsusən
qaçqınların və məcburi köçkünlərin
ağır sosial-iqtisadi vəziyyətindən də istifadə
edir, müəyyən maddi nemətlər təklif olunması
müqabilində tərəfdarlar cəlb edirlər.
Dini ekstremist qruplar öz baxışlarını, sadəcə,
yaymırlar, onlar terror aktlarından, təxribatlardan və digər
zorakı hərəkətlərdən istifadə etməklə
məqsədlərinə çatmağa
çalışırlar. Ölkəmizdə
hüquq- mühafizə orqanları bu cür fəaliyyətin
qarşısını almaq üçün bütün zəruri
tədbirləri görürlər.
Məsələn,
son illərdə Pakistanda Şimali Vəziristan ərazisində
"Əl-Qaidə" düşərgələrində
hazırlıq keçmiş qanunsuz silahlı dəstənin
üzvləri məhkum edilmiş, "Sumqayıt
camaatı" terror qrupu zərərsizləşdirilmişdir.
Bundan əlavə, dini təmayüllü
"Ceyşulla", "Hizbut-Təhrir", "Əl-Qaidə
Qafqaz", "İmam Mehdinin şimal ordusu" və
başqa terror təşkilatlarının özəkləri ləğv
edilmiş, həmin təşkilatların 189 üzvü cinayət
məsuliyyətinə cəlb olunmuşdur.
Xüsusi xidmətlər tərəfindən ölkədə
beynəlxalq humanitar təşkilatlar adı altında fəaliyyət
göstərən yeddi dini-ekstremist qrupun hüquqazidd fəaliyyətinin
sübutları toplanmışdır. Nəticədə həmin
təşkilatların dövlət qeydiyyatı ləğv
edilmiş, onların fəaliyyəti qadağan olunmuşdur.
Dini ekstremist fəaliyyətin qarşısının
alınması ilə əlaqədar son hadisələr
arasında rəsmi qeydiyyatı olmayan Azərbaycan İslam
Partiyasının və bu partiya ilə əlaqədar şəriət
qanunları ilə idarə olunan dövlət yaratmağa
açıq çağırışlar edən dini
icmaların üzvlərinin həbsini də qeyd etmək olar.
Bu təşkilatın üzvləri həbs edilərkən
onlardan silah və sursat götürülmüşdür. Hazırda
onların fəaliyyəti diqqətlə
araşdırılır.
Dini xarakterli bir sıra ekstremist qruplar, məsələn,
radikal vəhhabi təşkilatları özlərinin qanunsuz fəaliyyətini
qonşu ölkələrin ərazisində, o cümlədən
Rusiya Federasiyasının Şimali Qafqaz regionunda da həyata
keçirirlər. Onlar Qafqazda vəziyyətin sabitliyini
pozmağa, sonradan Şimali və Cənubi Qafqaz ərazisində
dini-fundamentalist dövlət yaratmağa
çalışırlar. Bununla əlaqədar
xüsusi vurğulamaq istəyirəm ki, bizim
hüquq-mühafizə orqanları rusiyalı həmkarları
ilə səmərəli əməkdaşlıq qurmuşlar
və bu əməkdaşlıq dini ekstremizmə qarşı
mübarizə işində müsbət nəticələr
verir.
Qeyd etdiyim faktlar ona dəlalət edir ki, millətçi
ekstremizmlə bərabər, dini ekstremizm Azərbaycanın
milli təhlükəsizliyi üçün ciddi risklərdir.
Azərbaycan Respublikası bu riskləri
neytrallaşdırmaq üçün təhlükəsizliyin
təmin edilməsi sahəsində əsas sənədlərdə,
məsələn, Milli Təhlükəsizlik Konsepsiyasında
və Hərbi Doktrinada nəzərdə tutulan kompleks
yanaşmanı həyata keçirir.
Lakin ekstremizmin miqyasları, onun dövlətlərarası
xarakteri bu təzahürə qarşı birgə mübarizə
sisteminin təkmilləşdirilməsini, müxtəlif
dövlətlərin uzunmüddətli səylərinin əlaqələndirilməsini
zərurətə çevirmişdir. Bu gün həmişəkindən
daha sıx əlaqəli şəkildə işləmək,
beynəlxalq təhlükəsizlik üçün təhdid
mənbəyi olan ayrı-ayrı şəxslərin və təşkilatların
məsuliyyətdən yaxa qurtarmasına yol verilməməsi
vacibdir.
Xüsusi
qeyd etmək istəyirəm ki, ekstremist fəaliyyətə
qarşı səmərəli mübarizə aparmaq
üçün aşağıdakı istiqamətlər
üzrə dövlətlərarası əməkdaşlığın
gücləndirilməsi zəruridir:
-
Ekstremist fəaliyyətin qarşısının
alınmasına, o cümlədən bu fəaliyyətin həyata
keçirilməsinə şərait yaradan səbəblərin
aşkar edilməsi və sonradan aradan qaldırılmasına
yönəlmiş profilaktik tədbirlər görülməsi;
- İctimai və dini birliklərin, digər təşkilatların,
habelə ayrı-ayrı şəxslərin ekstremist fəaliyyətinin
aşkar edilməsi, qabaqlanması və
qarşısının alınması.
Bundan əlavə, beynəlxalq səviyyədə
uzlaşdırılmış siyasət işləyib
hazırlamaq üçün informasiya mübadiləsini
genişləndirmək lazımdır. Özü də
bu informasiya təkcə ayrı-ayrı ekstremist
qruplaşmalara, onların törətdiyi və ya
planlaşdırdığı aksiyalara deyil, həm də
ekstremizmə qarşı mübarizə sahəsində
qanunverici və institusional tədbirlərə aid
olmalıdır.
Son onilliklərdə beynəlxalq ekstremizmə
qarşı mübarizədə dövlətlərin səylərinin
fəallaşması ekstremizmə, təcavüzkar separatizmə,
beynəlxalq terrorizmə qarşı mübarizəyə
yönəlmiş bir sıra beynəlxalq-hüquqi aktların
qəbul edilməsində ifadə olunmuşdur. Azərbaycan
Respublikası bu sahədə, demək olar ki, bütün beynəlxalq
müqavilələrə qoşulmuşdur. Biz ikitərəfli və çoxtərəfli
dövlətlərarası sazişlərə uyğun olaraq xarici
ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq
edir, mütəmadi olaraq informasiya, o cümlədən əməliyyat
xarakterli informasiya mübadiləsi aparır, müvafiq
sorğuları icra edir, ekstremizmə və terrorizmə aidiyyəti
olan şəxslərin müəyyənləşdirilməsinə
kömək göstəririk.
Bu halda əməkdaşlıq həm regional, həm də
qlobal səviyyədə həyata keçirilir.
Biz bir sıra Avropa ölkələrinin və Amerika Birləşmiş
Ştatlarının hüquq-mühafizə orqanları ilə
uğurla əlaqə saxlayırıq. Azərbaycan terrorizmə və
ekstremizmə qarşı mübarizə çərçivəsində
2001-ci il 11 sentyabr terror aktlarından sonra
yaradılmış beynəlxalq koalisiyanın fəaliyyətinə
töhfəsini verməkdə davam edir. Müvafiq
beynəlxalq təşkilatlarla da qarşılıqlı fəaliyyət
tənzimlənmişdir.
Azərbaycan ekstremizmə qarşı mübarizə
işində başqa dövlətlərlə, xüsusən
regiondakı qonşuları ilə hərtərəfli harmonik
münasibətlər qurulmasına da böyük əhəmiyyət
verir.
Hörmətli
həmkarlar!
Azərbaycan Respublikası həmişə müxtəlif
millətlərə və dinlərə mənsub insanların
dinc yanaşı yaşamaq nümunəsi olmuşdur. Biz milli və
dini tolerantlığın qorunub saxlanmasını və
möhkəmlənməsini müasir demokratik dünyəvi
dövlət kimi inkişaf etməyin ən mühüm şərtlərindən
biri hesab edirik. Bizim milli siyasət xəttimiz
Konstitusiyanın başlıca prinsiplərindən birinə əsaslanır:
Azərbaycan Respublikası ölkənin bütün vətəndaşlarının
ümumi və bölünməz Vətənidir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan
bu xəttə dönmədən əməl etmək
üçün həm dövlət səviyyəsində, həm
də beynəlxalq səviyyədə hər cür səy
göstərməkdə davam edəcəkdir. Bu məqsədə
nail olmağı isə biz, o cümlədən ekstremizmə
qarşı mübarizədə marağı olan bütün
tərəfdaşlarımızla birgə əməkdaşlığın
genişləndirilməsində görürük.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Akademik Ramiz Mehdiyev beynəlxalq tədbirin gündəliyinin
üçüncü məsələsi barədə də məruzə
ilə çıxış etmişdir.
(Məruzə qəzetin növbəti nömrəsində
dərc olunacaqdır.)
AzərTAc
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 6.