Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə
həsr olunmuş tədbir keçirilmişdir
Sentyabrın
24-də "Caspian Fish" zavodunda Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpa
edilməsinin 20-ci il dönümünə həsr olunmuş tədbir
keçirilmişdir.
Tədbirə Azərbaycanın dövlət
müstəqilliyinin 20-ci ildönümü münasibətilə
keçirilən beynəlxalq tədbirdə iştirak etmək
üçün 60-a yaxın ölkədən Bakıya gəlmiş
300-dək qonaq qatılmışdır.
AzərTAc
xəbər verir ki, tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan
iqtisadiyyatının inkişaf mərhələləri,
aparılmış məqsədyönlü islahatlar
və qazanılmış uğurlu nailiyyətlər
barədə iştirakçılara
geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli
tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil
Azərbaycanın, həmçinin ölkədə azad bazar münasibətlərinə
əsaslanan milli iqtisadiyyatın
formalaşdırılmasının əsasını qoymuş, həyata keçirilən çevik və düşünülmüş
siyasət nəticəsində Azərbaycan qısa zaman kəsiyində böyük
uğurlara nail olmuşdur.
Heydər
Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində
1995-ci ildən Azərbaycanda inkişafın yeni
mərhələsinin - bərpa və dinamik
inkişaf dövrünün
başladığını diqqətə çatdıran Şahin Mustafayev
1995-2003-cü illərdə ümumi daxili məhsulun 90,1 faiz,
büdcə gəlirlərinin 3 dəfə, strateji valyuta ehtiyatlarının 85 dəfə
artdığını, inflyasiya səviyyəsinin
2-3 faizə endirildiyini, bütün
maliyyə mənbələri hesabına iqtisadiyyata
yönəlmiş investisiyaların ümumi
məbləğinin 20 milyard ABŞ dollarını
keçdiyini bildirmişdir.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş sosial-iqtisadi
inkişaf strategiyasının Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində
qazanılmış nailiyyətlər daha
da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sahələrinin,
regionların inkişafı sürətlənmiş, strateji valyuta
ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli
valyutanın sabitliyi, bank
sisteminin etibarlılığı
artırılmış, sahibkarlığa dövlət dəstəyi
gücləndirilmiş, əhalinin sosial
rifahı davamlı olaraq
yaxşılaşmışdır. Müstəqillik illərində
ölkə iqtisadiyyatına 100 milyard dollardan çox investisiya yatırılmış, 2003-cü
ildən bəri 1 milyona yaxın yeni iş yeri
yaradılmışdır.
Şahin Mustafayev
qazanılmış nailiyyətlərin nüfuzlu
beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirildiyini qeyd etmişdir. Təsadüfi deyil ki, Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan "Doing Business-2009"
hesabatında Azərbaycan biznes mühitinin
yaxşılaşdırılması sahəsində ən
islahatçı ölkə elan edilmiş, növbəti illərin
hesabatlarında ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Dünya İqtisadi Forumu tərəfindən
2011-2012-ci illər üçün
hazırlanmış "Qlobal Rəqabətlilik
Hesabatı"nda Azərbaycan MDB ölkələri
arasında yenə də lider mövqeyini qoruyub
saxlamışdır. Hesabatda Azərbaycan
ötən ilki göstərici ilə
müqayisədə 2 pillə irəliləyərək, 142
ölkə arasında 55-ci yerdə qərarlaşmışdır.
Ş.Mustafayev Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən siyasətin
ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi
inkişafını təmin edəcəyini, beynəlxalq aləmdə
mövqelərinin möhkəmlənməsinə, ən
başlıcası isə Azərbaycan vətəndaşlarının
həyat səviyyəsinin daha da yüksəlməsinə imkan
verəcəyini bir daha tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır.
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevin
qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən
başlayaraq həyata keçirilən yeni neft strategiyasının
Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında
və ölkəyə xarici investisiyaların cəlb
olunmasında mühüm əhəmiyyətindən bəhs
etmişdir. Qeyd olunmuşdur ki, 1994-cü il sentyabrın 20-də
dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli
neft şirkəti ilə "Əsrin müqaviləsi"nin
imzalanması və icrasına başlanması Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin
enerji təhlükəsizliyinin möhkəm təməlini
qoymuşdur. Bildirilmişdir ki, hazırda böyük potensiala
malik neft-qaz sektorunun dayanıqlı inkişafı Prezident
İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə
olunan neft gəlirləri ölkəmizdə qeyri-neft sektorunun
inkişafına, əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycan.-2011.-25
sentyabr.-S.5.