Parisdə Azərbaycan-Fransa iqtisadi komissiyasının altıncı iclası keçirilmişdir

 

Sentyabrın 23-də Parisdə Azərbaycan-Fransa iqtisadi komissiyasının altıncı iclası keçirilmişdir. Toplantıdan əvvəl birgə  komissiyanın Fransa tərəfdən  həmsədri, ticarət naziri Pyer Leluş Azərbaycan tərəfdən həmsədr, maliyyə naziri Samir Şərifovla görüşmüşdür. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud əlaqələrin vəziyyəti və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 Sonra iclas  işə başlamışdır. Yığıncaqda S.Şərifov bildirmişdir ki, birgə səylər nəticəsində iki ölkə arasında ikitərəfli  əlaqələr genişlənmiş və dərinləşmiş, münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qarşılıqlı səfərlərin ölkələr arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxınlaşmasında mühüm rol oynadığı vurğulanmışdır.

  Fransanın ticarət naziri Pyer Leluş ölkəsinin Azərbaycanla  dostluq və əməkdaşlıq  münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmış, komissiyanın iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulamışdır.

  İclasda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Bakı-Tbilisi-Ceyhan neft  və Bakı-Tbilisi-Ərzurum qaz  kəmərlərinin aparıcı rolu xüsusi qeyd olunmuş, "Total" və "GDF SUEZ " şirkətləri ilə ARDNŞ arasında əməkdaşlığın möhkəmləndirilməsi və daha da genişləndirilməsi qərara alınmışdır.

  Müzakirələr zamanı təklif olunmuşdur ki, Azərbaycan və Fransa şirkətlərinin ixrac, ticarət və investisiya ilə bağlı təşkil olunan  konfrans, seminar, biznes-forum, sərgi və yarmarkalarda iştirakı təmin olunsun. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə respublikamızda Fransa maliyyə institutlarının  Azərbaycan İnvestisiya Şirkəti ASC ilə birgə investisiya fondunun yaradılması imkanlarının vacibliyi də diqqətə çəkilmişdir.

  Azərbaycan tərəfi ətraf mühit və su  təminatı sahəsində mühüm layihələrin həyata keçirilməsində Fransa şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə etmiş, ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində beynəlxalq maliyyə qurumları ilə birgə keçirilən layihələr çərçivəsində davam edən tenderlərdə fransız şirkətlərini fəal iştiraka  çağırmışdır. Bundan əlavə, komissiya üzvləri tərəfindən yaxın, orta və uzaq marşrutlarda hərəkət edən təyyarələrin gələcək təchizatı ilə bağlı "Azərbaycan Hava Yolları" QSC  ilə "Airbus" şirkəti arasında mövcud əməkdaşlığı dəstəkləmişlər.

Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayan komissiya üzvləri bu sahədə iki ölkə arasında əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər kimi Azərbaycanda fransız dilinin  və Fransada Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi və genişləndirilməsi,  kadr mübadiləsi ilə bağlı müəyyən təkliflər irəli sürmüş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Təhsil Nazirliyi, Fransanın ölkəmizdəki səfirliyi və ARDNŞ  tərəfindən Bakıda fransız dili məktəbinin təsis edilməsi ilə əlaqədar Niyyət bəyannaməsinin imzalandığı xüsusi vurğulanmışdır.

Toplantıda, həmçinin Azərbaycanla Fransa arasında ticarət əlaqələrinin uzunmüddətli inkişafı, infrastruktur layihələri, mülki aviasiya və hava yolları, dəmir yolu, şəhərdaxili və magistral yol nəqliyyatı, kosmik və telekommunikasiya texnologiyaları, fövqəladə hallar riskinin azaldılması, maliyyə əməkdaşlığı və digər sahələrin  inkişafı ilə bağlı müzakirələr aparılmışdır.

Sonda Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında iqtisadi komissiyanın  altıncı iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənədi Samir Şərifov və Pyer Leluş imzalamışlar.

Toplantıda Fransanın rəsmi şəxsləri, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, hər iki ölkənin iş adamları iştirak etmişlər.

 

* * *

 

İclasdan sonra maliyyə naziri Samir Şərifov və Fransanın ticarət naziri Pyer Leluş azərbaycanlı jurnalistlərə müsahibə vermişlər.

 

Samir Şərifov müsahibəsində demişdir:

 

- Azərbaycan-Fransa iqtisadi komissiyasının altıncı iclasında biz əsasən iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi  məsələlərini müzakirə etdik. Şübhəsiz ki, belə tədbirin keçirilməsi üçün çox mühüm və vacib səbəb vardır. Komissiyanın  işi ondan ibarət idi ki,  Azərbaycanla Fransa  arasında iqtisadi sahədə mövcud əməkdaşlığın perspektivlərini qiymətləndirsin və yeni layihələrin həyata keçirilməsi üçün təkliflərini təqdim etsin. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən biz layiqincə gəldik.

Eyni zamanda, komissiyanın toplantısı ilə bərabər, bu gün Azərbaycan-Fransa biznes forumu da keçirilmişdir. Forumda hər iki ölkənin iş adamları iştirak etmişlər. Bu çox faydalı bir görüş oldu. İş adamları bir-birilə görüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə etmiş, Azərbaycanda və Fransada müştərək layihələrin həyata keçirilməsi üçün yeni inkişaf istiqamətlərini müəyyənləşdirmişlər.

Belə forumların keçirilməsini müsbət qiymətləndirirəm. Şübhəsiz ki, bu, ölkələrarası əlaqələrin inkişafında mühüm addımdır. Ona görə ki, həm Azərbaycanın  ixracını və investisiyalarını təşviq edən təşkilat - AZPROMO, həm də Fransanın müvafiq ixtisaslaşmış qurumu - MEDEF bu forumları təşkil etməklə, hər iki ölkənin iş adamlarını yeni biznes imkanları barədə maarifləndirir, məlumatlandırır və beləliklə də yeni əməkdaşlıq əlaqələri yaradırlar.

Fransanın ticarət naziri Pyer Leluş bildirmişdir ki,  bu il Azərbaycan müstəqilliyinin 20-ci ildönümünü təntənəli şəkildə  qeyd edir. Biz, müstəqillik əldə edən gündən bir dost ölkə kimi  Azərbaycanın yanında olmuşuq. Həm Heydər Əliyev, həm də İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərlərinə Fransadan başlamışlar. Fransa Azərbaycanı dost olmaqla yanaşı,  həm də  tərəfdaş hesab edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolunu biz yüksək qiymətləndiririk. Əlbəttə, Fransa Azərbaycanın neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun inkişafını da arzulayır. Ticarət əlaqələrimizin daim inkişafı bizi sevindirir. Samir Şərifovla fikir mübadiləsi zamanı biz belə qənaətə gəldik ki, iqtisadi əlaqələrin inkişafında Fransa Azərbaycana hər cür dəstək verə bilər. Xüsusilə ölkənin metro və digər nəqliyyat növlərinin, su təchizatının yaxşılaşdırılması, tullantıların təkrar emalı sahələrində Fransa kömək göstərməyə hazırdır. Kosmik sahədə də Fransanın imkanları daha  genişdir. Bir sözlə, perspektivlər  böyük və  çoxşaxəlidir.

 

Əsgər ƏLİYEV,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 6.