Akademik Ramiz MEHDİYEV: Beynəlxalq informasiya təhlükəsizliyinin
möhkəmləndirilməsinə yeni strateji
yanaşmanın formalaşması zəruridir
Xəbər
verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik
məsələlərinə cavabdeh olan yüksək vəzifəli
şəxslərin beynəlxalq görüşü
keçirilmişdir.
Görüşdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi, akademik Ramiz Mehdiyev gündəliyin
üçüncü məsələsi üzrə də
"Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə
ümumi yanaşmalar" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Akademik Ramiz Mehdiyevin məruzəsi
- Hörmətli həmkarlar!
Hörmətli xanımlar və cənablar!
Şübhəsiz ki, hazırkı
forumun müzakirəsinə çıxarılan məsələlər
dünya ictimaiyyətini, xüsusən də terrorizm, məcburi
ekstremizm və separatizm təhlükəsinə məruz qalan
ölkələri narahat edir. Bu hadisələr barəsində
biz nədənsə ümumiləşdirilmiş halda
danışırıq, onların harada və hansı şəraitdə
formalaşdığını demirik. Axı, bu təhlükəli
hadisələrin hər birinin yarandığı konkret
ünvan və həyata keçirilmə məqsədi
vardır.
XX əsrin sonu və XXI əsrin əvvəlində
elmi-texniki inkişaf postsənaye informasiya cəmiyyətinin
yaranmasına gətirib çıxarmış, bununla da,
dünyanın adi mərkəzçi-dövlət modeli dəyişmişdir.
Bu gün müasir informasiya-kommunikasiya texnologiyaları olmadan
sosial-siyasi prosesləri səmərəli idarə etmək
mümkün deyildir.
Ölkənin firavanlığı və
dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində
siyasətin praqmatikliyindən və çevikliyindən
asılıdır. İnformasiya məkanının
qloballaşması və kütləvi kommunikasiya vasitələri
şəbəkəsinin təsiri altında cəmiyyətdə
baş verən dəyişikliklər təkcə müəyyən
üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb,
həm də sosial-siyasi sahədə informasiya mübarizəsi
aparmaq üçün geniş imkanlar açır, bu da
öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə
təhdid doğurur.
Bu vəziyyət milli təhlükəsizlik
və ilk növbədə, informasiya təhlükəsizliyi
kimi mühüm sahənin problemlərinə ənənəvi
yanaşmaların ciddi transformasiyasına gətirib
çıxarmışdır. Formalaşmaqda olan yeni
informasiya-kommunikasiya mühiti istənilən ölkənin
siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə
fəal təsir göstərir.
Şübhəsiz, informasiya həmişə
ən mühüm resurs olmuşdur, lakin məhz XXI əsrdə
bu resurs istər ayrıca dövlətin, istərsə də
bütövlükdə beynəlxalq münasibətlər
sisteminin sabit inkişafının təmin edilməsi
üçün həqiqətən, həyati zərurətə
çevrilmişdir. Digər tərəfdən, bu gün biz
hamımız qlobal informasiya mübadiləsinin
iştirakçıları kimi yeni informasiyanı təhlil
etmək, ondan istifadə etmək, onu yaratmaq üçün
praktiki olaraq qeyri-məhdud imkanlar qazanmış, onu hamı
üçün əlyetərli etmişik. Əvvəllər
tarixdə heç vaxt bir insan çox böyük sayda
başqa insanlarla qarşılıqlı informasiya təsiri
imkanına malik olmamışdır.
İnternetlə əlaqədar, xüsusən,
onun çoxistifadəçili interaktiv forması və ya sadə
dildə desək, avtomatlaşdırılmış sosial
mühit olan və ümumi maraqların birləşdirdiyi
istifadəçi qruplarını əhatə edən sosial
şəbəkələrlə əlaqədar yaranmış
yeni imkanlar müxtəlif ölkələrdə kütləvi
etirazlar zamanı nümayiş etdirilmiş, mahiyyət etibarilə
müasir informasiya texnologiyalarını çaylaq
daşı və "Molotov kokteyli" kimi siyasi silaha
çevirmişlər. Buna görə də "Freedom
House" kimi təşkilatların guya internetdən istifadəyə
məhdudiyyətlər olan ölkələrdəki istifadəçilər
üçün internetdən istifadə metodlarını
hamının görə biləcəyi şəkildə
nümayiş etdirməsi təəccüb doğurur. Bu halda
onlar unudurlar ki, terrorçular da eyni metodlardan istifadə edirlər,
halbuki ABŞ və antiterror koalisiya üzrə onun tərəfdaşları
terrorçulara qarşı mübarizəni özlərinin
prioritet vəzifəsi hesab edirlər.
Bundan əlavə, dünyada son vaxtlar
baş vermiş hadisələrin qiymətləndirilməsində
ikili standartlar nümayiş etdirilir. Bu hadisələrə təkan
verən də elə həmin sosial şəbəkələr
olmuşdur.
Məsələn, bəzi hallarda deyirlər
ki, internet azadlığından söhbət gedir, bu
azadlığın məhdudlaşdırılması söz
azadlığının məhdudlaşdırılması deməkdir,
başqa hallarda isə dözümsüzlük göstərərək
"sıfır tolerantlıq" prinsipini əsas
götürənlər söz azadlığından dəm
vuranlar tərəfindən heç bir tənqidə məruz
qalmırlar.
Təbii ki, kompyuter texnologiyaları
özlüyündə prinsip etibarilə nə siyasəti, nə
də beynəlxalq münasibətlər sistemini transformasiya
etmir. Bununla bərabər, aşkardır ki, beynəlxalq
informasiya təhlükəsizliyini, ilk növbədə,
informasiya texnologiyalarından düşmənçilik məqsədilə
istifadə edilməsi təhlükəsinin azaldılması
hesabına möhkəmlətmədən milli və qlobal təhlükəsizliyin
səmərəli təmin edilməsi mümkün deyildir.
Lakin təəssüf ki, informasiyanın qəsdən təhrif
edilməsi, yanlış informasiya verilməsi, məlumatların
saxtalaşdırılması, müasir informasiya
texnologiyalarından müxtəlif cinayətlər, məqsədyönlü
qanunsuz əməllər törədilməsi
üçün, o cümlədən terror məqsədi ilə
istifadə edilməsi bu gün adi hala çevrilir.
Bizim fikrimizcə, universal səviyyədə
informasiya məkanında fərdin təhlükəsizliyinin və
azadlığının mənafeləri arasında
tarazlığa, habelə qlobal informasiya mübadiləsinin
iştirakçılarının hüquq və vəzifələrinin
tarazlığına əsaslanan informasiya təhlükəsizliyinin
vahid standartlarının və meyarlarının müəyyən
edilməsi zəruridir.
Təbii ki, vəzifələrdən
söhbət gedəndə, ilk növbədə, beynəlxalq
münasibətlər sisteminin ənənəvi
aktorlarını - milli dövlətləri yada salmaq
lazımdır.
Qeyd etmək lazımdır ki, hər bir
müasir dövlət kimi Azərbaycan da
informasiya-telekommunikasiya texnologiyalarının inkişafına
böyük diqqət yetirir. Bu sahə ölkənin
sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan
edilmişdir.
Biz informasiya təhlükəsizliyi məsələlərində
Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq
Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla
fəal qarşılıqlı əlaqə saxlayırıq.
2008-ci ildə Azərbaycan Avropa
Şurasının "Kibernetik cinayətkarlıq haqqında
Konvensiya"sını imzalamışdır. Beynəlxalq
Elektrik Rabitəsi İttifaqının tövsiyəsi ilə
ölkəmiz 2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi
İttifaqının üzvü olan 192 ölkədən
136-sını birləşdirən beynəlxalq çoxtərəfli
tərəfdaşlıq (İnternational Multilateral Partnership
against Cyberthreats - İMPACT) çərçivəsində əməkdaşlıq
edir.
Azərbaycan həm də "Şərq
tərəfdaşlığı - Avropa Şurası
mexanizmi" proqramı çərçivəsində Şərqi
Avropada həyata keçirilən kibernetik cinayətkarlığa
qarşı mübarizə sahəsində əməkdaşlıq
layihəsində iştirak edir. Bu layihənin həyata
keçirilməsi gedişində Avropa və beynəlxalq
normativ vasitələrindən və praktikadan istifadə edilməklə
kibercinayətkarlığa qarşı mübarizə sahəsində
əməkdaşlığın səmərəli həyata
keçirilməsi üçün potensialın möhkəmlənməsi
üzrə məsələlər həll edilir. Növbəti
regional konfransın Bakıda keçirilməsi
planlaşdırılır.
Hamıya məlumdur ki, haker
hücumları qərəzli xarakter daşıyır və hər
gün dünyanın bütün ölkələrində
baş verir. Azərbaycan da informasiya təhlükəsizliyinə
təhdidlərlə üzləşir. Bu baxımdan qeyd edə
bilərək ki, son bir ildə ölkəmizin dövlət
orqanlarının və digər müəssisələrinin
kompyuter sistemlərinə haker hücumlarının sayı
artmışdır.
İnformasiya təhlükələrinin
təşviş əhval-ruhiyyəsinin yayılması,
dövlətin ərazi bütövlüyü haqqında informasiyanın
təhrif edilməsi, terrorçu və separatçı
radikal-dini fəaliyyətə təhrikçilik kimi
formalarını da xatırlatmalıyıq.
Təəssüf ki, Azərbaycan
aşkar informasiya təhrikçiliyi nümunələri ilə
çox tez-tez üzləşir. Bu hallarda kibernetik məkanda
separatçı fəaliyyətə açıq
çağırışlar müşahidə olunur, dövlətin
ərazi bütövlüyü şübhə altına
qoyulur. Vurğulamağa dəyər ki, bu cür hərəkətlər
çox vaxt qonşu Ermənistanın informasiya strukturları
tərəfindən törədilir.
Ermənistan ilə Azərbaycan
arasında münaqişənin mahiyyəti haqqında yalan məlumatlar
yayan informasiya resurslarının yaradılması, ərazilərin
adları dəyişdirilmiş saxta xəritələr
hazırlanması, bu məqsədlər üçün Azərbaycana
aid domen adlarından istifadə edilməsi ölkəmizə
qarşı haker hücumlarının müxtəlif növləri
hesab edilə bilər.
Son bir neçə ildə İran
İslam Respublikası tərəfindən Azərbaycanın
efir məkanının məqsədyönlü şəkildə
pozulmasının davam etməsini də
xatırlatmalıyıq. Bədnam "Səhər 1" beynəlxalq
kanalı əsasən Azərbaycandakı hədəf
auditoriyasına ünvanlanmışdır və bu kanal
ölkəmiz haqqında daim bilərəkdən yalan və
saxta informasiya yayır.
Bu vəziyyət Beynəlxalq Elektrik
Rabitəsi İttifaqının "Radiorabitə
reqlamenti"nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir.
Həmin maddədə konkret olaraq müəyyən
edilmişdir ki, radioyayım stansiyalarının gücü
milli radio xidməti tərəfindən həmin ölkənin
sərhədləri daxilində yayımın yaxşı
keyfiyyətinin qənaətlə və səmərəli təmin
edilməsi üçün zəruri kəmiyyətdən
yuxarı olmamalıdır.
Təbii ki, Azərbaycan öz efir məkanının
informasiya təhlükəsizliyinin müdafiəsini təmin
etmək üçün texniki və texnoloji tədbirlər
görür. İranın rəsmi şəxsləri bu
problemin mövcud olmasını çoxsaylı ikitərəfli,
o cümlədən müvafiq qurumlar səviyyəsində
görüşlərdə etiraf edirlər, lakin vəziyyət
dəyişmir.
Qeyd etmək lazımdır ki, başqa
ölkələr də buna oxşar çətinliklərlə
üzləşirlər. Bununla əlaqədar efir məkanının
oxşar pozulması hallarının tənzimlənməsi
üçün real mexanizmləri birlikdə axtarmaq
lazımdır.
Bu gün informasiya təhlükəsizliyinə
təhdidlər təhlükəli amilə
çevrilmişdir. Ona qarşı mübarizə aparmaq üçün bütün
dünya birliyinin fəal səylərini birləşdirmək,
habelə müasir təhdidlərin aradan
qaldırılması və qarşısının
alınması probleminə əsaslı yeni strateji
yanaşmanın formalaşması zəruridir.
İnformasiyanın artmaqda olan əhəmiyyəti
qarşılıqlı informasiya təsiri proseslərinin tənzimlənməsinin
təmin olunması üçün dövlətin fəal
müdaxiləsini tələb edir. Biz unutmamalıyıq ki,
informasiya texnologiyalarının inkişafı artıq bu
gün cəmiyyətin həyatının demək olar,
bütün sahələrində genişmiqyaslı mənfi nəticələr
doğurur.
Son olaraq qeyd etmək istərdim ki, qlobal
informasiya əsrində informasiya döyüş meydanı
sürətli nüvə silahlanması ilə müqayisədə
qat-qat artıq dərəcədə xaotik ola bilər,
çünki bu döyüşdə çoxsaylı
xırda iştirakçılar və qeyri-dövlət
oyunçuları vardır. Onların ciddi təhlükə
yaratması üçün cəmi bir kompyuter və ya qlobal
şəbəkəyə qoşulmuş adi mobil telefon kifayətdir.
Mövcud təhlükələr müasir dövrün bu
cür çağırışlarına ən yaxın
müddətdə münasibət bildirməyin zəruriliyini
şərtləndirir.
Diqqətinizə görə təşəkkür
edirəm.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.6.