Yeni Azərbaycan
Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin
ümumrespublika müşavirəsi keçirilmişdir
Sentyabrın
24-də Səbail Rayon İcra Hakimiyyətinin inzibati
binasının akt zalında Yeni Azərbaycan
Partiyasının (YAP) rayon və şəhər təşkilatları
sədrlərinin ümumrespublika müşavirəsi
keçirilmişdir.
AzərTAc xəbər verir ki, YAP sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
müşavirədə çıxış edərək tədbirin
əhəmiyyətindən və qarşıda duran vəzifələrdən
danışmışdır.
Ə.Əhmədov demişdir ki, Azərbaycan
dövlətinin inkişafının uğurlu nəticələrinin
biri də YAP sıralarının genişlənməsi və
daha da güclənməsidir. Bu gün partiyanın 550 minə
yaxın üzvü vardır ki, onların da 15 mini cari ilin
birinci yarısında YAP sıralarına daxil olmuşlar. Sevindirici
haldır ki, partiyaya üzv olanların sırasında gənclər
çoxluq təşkil edirlər. Bu da Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və
xarici siyasətin xalqımız, o cümlədən gənclər
tərəfindən dəstəkləndiyinin bariz nümunəsidir.
İcra katibi bildirmişdir ki, gənclərin
partiyaya üzv olmaları bizim gücümüzü daha da
artırır, ictimai-siyasi həyatda mövqelərimizi
möhkəmləndirir, eyni zamanda, yeni strategiyanı
formalaşdırmağa ruhlandırır.
Ə.Əhmədov YAP-ın rayon və
şəhər təşkilatları rəhbərlərinin də
bu prinsiplərə diqqət yetirmələrinin vacibliyini
vurğulamışdır.
O demişdir ki, müşavirənin əsas
məqsədi YAP-ın rayon və şəhər təşkilatlarının
konfranslarının keçirilməsinə
hazırlıqdır. Ötən bir neçə il ərzində
parlament, bələdiyyə və prezident seçkiləri
keçirildiyi üçün bu cür konfranslar təşkil
olunmamışdır. Bu müşavirədən sonra bir ay ərzində
rayon və şəhər təşkilatları
hazırlıq işləri görməli və noyabrda
konfranslarını keçirməlidirlər. Konfranslarda
görülmüş işlərlə bağlı hesabatlar
dinləniləcək, gələcək fəaliyyətin əsas
istiqamətləri müəyyənləşdiriləcəkdir.
Bu konfranslar həm də xalq qarşısında hesabat
xarakterli olacaqdır.
YAP sədrinin müavini onu da qeyd
etmişdir ki, 2010-2011-ci illərdə 8 rayonda bu cür
konfranslar olduğu üçün həmin rayonlarda təkrar
konfranslar keçirilməyəcəkdir.
Ə.Əhmədov konfransların
yüksək səviyyədə keçiriləcəyinə,
təşkilat rəhbərlərinin gənclərlə
sıx işləyəcəklərinə, yeni texnologiyalardan
istifadə edəcəklərinə əminliyini ifadə
etmiş, tövsiyələrini vermişdir.
Sonra çıxışlar olmuş,
qarşıda duran vəzifələrlə bağlı rəy
və təkliflər səslənmişdir.
Azərbaycan.-2011.-25
sentyabr.-S.7.