Ermənistan yenilənmiş Madrid prinsiplərində imtina etməklə bütün sülh danışıqları prosesini təhlükə altına almışdır

 

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilmiş və bunun davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir E.Məmmədyarov təəssüflə demişdir ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina etməklə bütün sülh danışıqları prosesini təhlükə altına almışdır. Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin.

Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi vurğulanmışdır. Məlum olduğu kimi, Azərbaycan münaqişənin nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.

E.Məmmədyarov xüsusi qeyd etmişdir ki, Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq vacibliyini tezliklə dərk etməsi regionda sülhün və sabitliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar.

 

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.7.