Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirinin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Bakıda keçirilən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirinin iştirakçıları sentyabrın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülmüşdür. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anmış, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər. Beynəlxalq tədbirin iştirakçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.