Azərbaycan ilə Hindistan
xarici işlər nazirlikləri arasında siyasi
məsləhətləşmələr
Azərbaycan Respublikası ilə Hindistan Respublikası xarici
işlər nazirlikləri arasında siyasi
məsləhətləşmələr keçirilmişdir.
XİN-in mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan nümayəndə
heyətinə xarici işlər nazirinin müavini Xələf
Xələfov, qarşı tərəfdən isə ölkəmizdə
rəsmi səfərdə olan
Hindistanın xarici siyasət idarəsinin
Şərq ölkələri üzrə dövlət katibi
Sanjay Sinq
başçılıq etmişlər.
Tərəflər
müxtəlif istiqamətlərdə, xüsusilə də, siyasi, ticarət, iqtisadi, neft-kimya, kənd təsərrüfatı, əczaçılıq,
mədəni, humanitar, təhsil və enerji sahələrində əlaqələrin
genişləndirilməsində maraqlı olduqlarını
bildirmişlər.
Görüşdə, həmçinin
qarşılıqlı maraq doğuran regional və
beynəlxalq məsələlərə dair
fikir mübadiləsi
aparılmışdır.
X.Xələfov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və onun
nizamlanması prosesi barədə Hindistan tərəfinə ətraflı məlumat
vermişdir. Nazir müavini Azərbaycanın Hindistan ilə əlaqələrə önəm
verdiyini və mövcud
münasibətlərin daha da genişləndirilməsinin vacibliyini
vurğulayaraq parlamentlərarası əməkdaşlığın
ikitərəfli əlaqələrin inkişafında mühüm rol
oynadığını qeyd etmişdir. X.Xələfov parlamentlərarası
dostluq qruplarının
qarşılıqlı səfərlərinin təşkilinin
faydalı olacağını demişdir.
Hindistanın
Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü dəstəklədiyini
bir daha təsdiq edən
S.Sinq respublikamızın müstəqillyinin
bərpa edilməsinin 20-ci ildönümü
münasibətilə Hindistan hökumətinin
təbriklərini çatdırmışdır.
Tərəflər
2012-ci ildə ölkələrimiz arasında diplomatik
əlaqələrin qurulmasının 20 illiyi
münasibətilə hər iki ölkədə
birgə silsilə tədbirlərin keçirilməsi məsələsini
müzakirə etmişlər. Bununla
yanaşı, qarşılıqlı olaraq
mədəniyyət günlərinin, o
cümlədən kinofestivalların təşkili ilə
bağlı fikir mübadiləsi
aparılmışdır.
Məsləhətləşmələrdə
informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlığın
qurulması məsələsi, cari ilin noyabrında Bakıda keçirilməsi nəzərdə
tutulan hökumətlərarası birgə
komissiyanın növbəti iclasının gündəliyi
müzakirə olunmuşdur. Eyni zamanda, ölkələrimiz
arasında müqavilə hüquq
bazasanın genişləndirilməsi məqsədilə
müzakirə mərhələsində olan
ikitərəfli sənədlərin
razılaşdırılmasının tezləşdirilməsinə
dair razılıq əldə edilmişdir.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin
daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz
arasında sərmayələrin təşviqi və
qorunması, eyni zamanda, ikiqat vergitutmanın aradan
qaldırılmasına dair saziş layihələrinin tezliklə
razılaşdırılması, biznes forum və
simpoziumların təşkili istiqamətində işlərin
davam etdirilməsi və s. məsələləri müzakirə
etmişlər. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin
inkişaf etdirilməsi istiqamətində səylərin
artırılması və müvafiq tədbirlərin həyata
keçirilməsi məqsədəuyğun hesab olunmuşdur.
Azərbaycan.-2011.-25
sentyabr.-S.7.