Azərbaycan Dağlıq Qarabağda keçirilmiş
«bələdiyyə seçkiləri» ilə bağlı Xarici İşlər Nazirliyinin
bəyanatını BMT Baş Məclisinin gündəliyinə
daxil etmək üçün müraciət etmişdir
Azərbaycan
işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
"yerli özünü idarəetmə orqanlarına"
qondarma "seçkilər" məsələsini
sentyabrın 18-də BMT Baş Məclisində
keçirilmiş sessiyada qaldırmışdır.
Azərbaycanın BMT-dəki daimi
nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT-nin baş
katibinə məktubunda, Azərbaycanın Xarici İşlər
Nazirliyinin bəyanatını Baş Məclisin və Təhlükəsizlik
Şurasının gündəliyinə daxil etməyi
xahiş etmişdir.
Qeyd edək ki, Baş
Məclisin gündəliyinə "GUAM ərazisində həlli
uzadılmış münaqişələr və onların
beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri", "Azərbaycanın
işğal olunmuş
ərazilərində vəziyyət" və "İrqçilik, irqi
ayrı-seçkiliyin, ksenofobiyanın və dözümsüzlüyün aradan
qaldırılması" məsələləri daxildir.
Məktubda vurğulanır: "Azərbaycan
bir daha bəyan edir ki, Azərbaycanın işğal
olunmuş ərazilərində mövcud olan tanınmamış
separatçı rejim Ermənistanın bu əraziləri azərbaycanlı
əhalidən etnik təmizləməsi əsasında
yaratdığı qanunsuz qurumdan başqa heç nəyi təmsil
etmir. Qondarma "seçkilər" də Ermənistanın
qəsbkarlıq siyasətini və Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazilərində
davam edən işğalı nəticələrini pərdələmək
üçün keçirilmişdir. Azərbaycan Ermənistan
tərəfini pozucu, qanunsuz addımları dayandırmağa
çağırır. Çünki bu addımların
heç bir perspektivi yoxdur. Bunun yerinə Ermənistan xoş
niyyət göstərməli, münaqişənin davamlı
və tez həllini tapmaq üçün danışıqlar
prosesində konstruktiv mövqe tutmalı və beynəlxalq
hüququn normalarına və prinsiplərinə əməl
etməlidir".
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.7.