Heyva

 

Təbiətin möcüzəsi

 

 Azərbaycan təbiətinin dadlı və yeməli nemətlərindən biri də heyvadır. Respublikamızın əksər rayonlarında yetişən heyvanın həm meyvələrindən, toxumundan, həm də yarpaqlarından şəfaverici vasitə kimi istifadə edilir. Hələ qədim zamanlardan bu meyvənin toxumlarından soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi istifadə edilir, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini, mədə xorasını, mədənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün qəbul edilir.

Yetişmiş heyvanın toxumundan, yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilməsi bu meyvəni təbiətin möcüzəli nemətinə çevririb. Səhiyyənin o qədər də inkişaf etmədiyi dövrlərdə nənələrimiz heyvanın yarpaqlarından, cavan budaqlarından çay dəmləyərək ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi istifadə edərdilər. Hətta heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətverici vasitə kimi məsləhət görülür.

Azərbaycanın bir sıra bölgələrində heyva ağacının gövdə və qol-budaqlarının qabıqlarını qurudur, çay kimi dəmləyərək quru öskürəyi kəsməyə qarşı içirlər. Cənub bölgəsində yaşayan insanlar heyvanın toxumundan "heyvarub" adlanan məhlul hazırlayıb soyuqdəymələrdə əmələ gələn müxtəlif xəstəliklər zamanı indi də istifadə edirlər. Heyva ağacının yarpaqlarından hazırlanmış çayı şirinləşdirib qarın ağrıları, ishal, eləcə də qusma zamanı uşaqlara içirirlər.

Şəfaverici xüsusiyyətlərinə görə heyva farmakoloji cəhətdən də araşdırılıb. "Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri" kitabında yazılıb: "Heyvanın meyvələrində şəkər, sellüloza, pentazon, efir yağı, üzvi turşular (alma, limon, çaxır turşuları) dəmir, karotin, askorbin turşusu və s. vardır". Heyvanın iri meyvələrinin qabığında enano-etil və pelarqon-etil efirlərinin mövcudluğu onun ətirli olmasını şərtləndirir. Hətta heyvanın toxumlarında belə insan orqanizmi üçün lazım olan qlükoza, selikli və zülal maddələri, şəkər, qatran, ursol turşusu və s. vardır. Kliniki təcrübələr nəticəsində öyrənilmişdir ki, heyvanın qurudulmuş yarpaqlarından sulu dəmləmə və ekstrat hazırlanaraq ürək-damar xəstəliklərində istifadəsi əlverişlidir. Heyva yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi təsir göstərir.

Heyva ilə əlaqədar dini ədəbiyyatda da maraqlı fikirlər mövcuddur. Oxuduqlarımızdan belə bəlli olur ki, hamilə qadın uşağının sağlam olmasını istəyirsə, dörd aydan başlayaraq heyva yeməlidir. Hətta hər səhər yuxudan ayılarkən heyva iyləməyin özü də gələcək anaların həm sağlamlığına, həm də ovqatına müsbət təsir göstərir. İnanclara görə, hamilə qadın yeddi gün heyva yeyərsə, övladı gözəl olar.

İndi heyva mövsümüdür. Bir azdan bu sarı "gözəlin" ətri bazar piştaxtalarını bürüyəcək. Qışa hazırlıq üçün ondan mürəbbə bişirmək, cem və kompot hazırlamaq gərəkdir. Heyvanın növündən asılı olaraq uşaqlar bəzən onu çiy yeməyi xoşlamırlar. Bu səbəbdən də bişmiş heyva daha ləzzətlidir. Xüsusilə də onu quru şəkildə, yəni kabab kimi bişirib yemək insana çox xeyirlidir. Çalışmaq lazımdır ki, mürəbbə bişirərkən, yaxud da kompot hazırlayarkən heyvanın qabığı soyulmasın. Çünki onun qabığında insan orqanizmi üçün lazım olan bir çox vitaminlər var. Eləcə də toxumu atılmasın, qurudularaq saxlanılsın. Soyuqdəymə zamanı dərman içməkdənsə, heyva toxumundan dəmlənmiş çay içmək daha məsləhətdir.

Şifahi xalq ədəbiyyatında da heyva insanın "dostu" adlandırılıb. Onu bəzən də vəfanın, sədaqətin simvolu kimi işlədiblər: "Bağında heyva olum, deməsinlər ayrıyıq". "Heyvagülü" adlı qədim Azərbaycan rəqsi var. Xalq mahnılarında da onun vəsfinə rast gəlinir. Məsələn: "Meyvələrdən üç meyvə var yeməli: biri alma, biri heyva, biri nar"...

 

 

 F,XƏLİLZADƏ

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.8.